İSLAM NƏZƏRİNDƏN FAYDALI VƏ DƏYƏRLİ İŞIN MEYARI

İSLAM NƏZƏRİNDƏN FAYDALI VƏ DƏYƏRLİ İŞIN MEYARI

-- Əgər gördüyün iş Allah yolundadırsa...

Bir çoxları ictimaiyyət üçün faydalı olan işin böyük mənəvi dəyərə sahib olduğunu və insanın mənəvi tərəqqisinə güclü təsir göstərdiyini düşünür. Onların nəzərincə, insanlara yardım sahəsində görülmüş hər bir iş Allah-Taala yolunda görülmüş iş mənasını daşıyır. Elə bu səbəbdən, işin həcminə daha çox fikir verirlər. Deyirlər ki, fılankəs külli miqdarda pul xərcləyərək xəstəxana və yaxud məscid tikdi. Bu çox səthi baxışdır. Düzdür, yaxşı işin meyarlarından biri də onun insanlar üçün faydalı olmasıdır. Amma hər bir işin öz icraçısını kamala çatdıracağını düşünmək sadəlövhlükdür. İşi görən şəxsin niyyətinin sağlam olması və onu Allah yolunda görməsi olduqca mühüm məsələdir. İslam nəzərindən hər bir işin insanın kamilləşməsinə təsir göstərməsi üçün həmin işin insanlara faydalı olması ilə bərabər, Allah xatir görülməsi də şərtdir. Hər bir işin Allah xatir olması üçün işi icra edən şəxs həmin işi gördüyü zaman bütünlüklə Allaha tapınmalıdır.

Qurani-Kərim ayələrinə diqqət yetirdikdə, bizim nəzərimizdə yaxşı dəyərləndirilən bir çox işlərin Qurani-Kərimdə pislənilməsinin şahidi oluruq. Biz başqalarına əl tutmağı yaxşı iş kimi dəyərləndiririk, halbuki pak niyyətə malik olmadan başqalarına əl tutanlar Qurani-Kərimdə pislənilir. Qurani-Kərim nəzərindən belələri qiyamət günü peşman olacaq və öz mallarını başqalarının diqqətini özlərinə cəlb etmək üçün xərcləmələrinə görə həsrət çəkəcəklər. Ola bilər, həmin şəxsi bütün dünya tanısın və yaxşı insan kimi qəbul etsin, amma Qurani-Kərim belələri barədə buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تُبْطِلُواْ صَدَقَاتِكُم بِالْمَنِّ وَالأذَى كَالَّذِي يُنفِقُ مَالَهُ رِئَاء النَّاسِ وَلاَ يُؤْمِنُ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ فَمَثَلُهُ كَمَثَلِ صَفْوَانٍ عَلَيْهِ تُرَابٌ فَأَصَابَهُ وَابِلٌ فَتَرَكَهُ صَلْدًا لاَّ يَقْدِرُونَ عَلَى شَيْءٍ مِّمَّا كَسَبُواْ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ

Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya (saf daşa) bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar...” (“Bəqərə” surəsi, ayə 264.)

Bu qəbil insanlar özlərini nümayiş etdirmək və adlarının dillər əzbəri olması üçün ictimaiyyətə xidmət göstərirlər. Bu riyakar əliaçıqlığın Allah-Taala dərgahında zərrə qədər də dəyəri yoxdur. İnsana axirət səadəti bəxş edən yaxşı işin meyarı budur ki, həmin iş imandan mənşələnsin. Elə bu səbəbdən də, Allah-Taala Qurani-Kərimdə imanla əməlisalehi bir-birinin ayrılmaz hissəsi kimi qeyd edir:

وَبَشِّرِ الَّذِين آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ أَنَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ

(Ya Peyğəmbər!) İman gətirən və yaxşı işlər görən şəxslərə müjdə ver: onlar üçün (ağacları) altından çaylar axan cənnətlər vardır.” (“Bəqərə” surəsi, ayə 25.)

وَالَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ أُولَـئِكَ أَصْحَابُ الْجَنَّةِ هُمْ فِيهَا خَالِدُونَ

“İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi qalacaqlar.” (“Bəqərə” surəsi, ayə 82.)

Belələri xalqa xidmət göstərir və zəkat verir, amma xalqın təşəkkürü haqda əsla düşünmürlər. Xalq onlara nalayiq sözlər desə də, öz işlərindən əl çəkmirlər, çünki Allah onlara “xalqa xidmət göstər” – buyurduğu üçün bu işi görürlər:

وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا

“Onlar öz iştahları çəkdiyi, özləri yemək istədikləri halda, yeməyi yoxsula, yetimə və əsirə yedirdərlər.” (“İnsan” surəsi, ayə 8.)

Ayənin davamında buyurulur:

إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنكُمْ جَزَاء وَلَا شُكُورًا

(Sonra da yedirtdikləri kimsələrə belə deyərlər): Biz sizi ancaq Allah rizasından ötrü yedirtdik. Biz sizdən [bu ehsan müqabilində] nə bir mükafat, nə də təşəkkür istəyirik.” (“İnsan” surəsi, ayə 9.)

Əgər ilahi niyyəti olmayan bir şəxs “Xalqa xidmət göstərmişəm, bir çox yoxsulu aclıqdan qurtarmışam, bir çox xəstələrin müalicəsi üçün lazımi şərait yaratmışam, məktəb və xəstəxana tikdirmişəm” sözlərini deyərsə, Allah-Taala buyurar: “Bunların heç birisinin sənin üçün faydası yoxdur. Sənin bu işlərdən əldə etdiyin əcr, xalqın alqışları, fotoşəkillərinin hər yerdə dərc olunması və camaatın səni xeyirxah insan kimi tanımalarıdır.

İslam tarixinə nəzər salsaq, görərik ki, bir çox insanlar dinin yolunda faydalı işlər görərək dini maarifin yayılması və genişlənməsi sahəsində böyük işlər görmüşlər, amma bu işlərində Allaha yaxınlaşmaq niyyətləri olmadıqları üçün onlara heç bir faydası olmadı. Həmin şəxslərin əsas niyyətləri ölkə fəth etmək, şöhrət qazanmaq və insanlar arasındakı imiclərini artırmaq idi. Sadaladığımız bu xüsusiyyətlərdən heç birisi insanın kamala çatması üçün faydalı deyil. Bir rəvayətdə belə buyurulur: “Allah-Taala bəzən öz dinini fasiq insanın vasitəsilə təsdiq edir.” (“Kafi, c.1, səh.19.)

Zalım şahların öz şəxsi düşüncələrinə, öz ərazilərini genişləndirmək xatirinə başqa ölkələri fəth edərək İslam dinini yaymaları mümkündür. Bu işin din üçün faydalı olmasına baxmayaraq, həmin şəxslərin özlərinə heç bir faydası olmayıb. Yaxud da, hər hansı bir alim dini elmləri xalqa öyrədir. Xalq onun bu elmindən və öyrətdiklərindən istifadə edərək səadətə çatır, özü isə elminə əməl etmədiyindən cəhənnəmlik olur.

Bir sözlə, əgər gördüyün iş Allah yolundadırsa, zahiri cəhətdən böyük və yaxud kiçik olmasına baxmayaraq, çox dəyərlidir. İnsanın Allaha qarşı olan mərifəti çox olarsa və işlərini daha artıq xalisliklə yerinə yetirərsə, dəyəri bir o qədər də yüksələr. Bunun müqabilində, insanın gördüyü iş Allah-Taala üçün deyil, şöhrət üçün olarsa, onun dəyəri azalar. Belə bir nəticə alırıq ki, insan həyatının ən böyük dəyəri onun Allaha olan bağlılığıdır. (“Tuşeye-axirət” – Axirət azuqəsi, 2-ci cild, Ayətullah Misbah Yəzdi, səh. 310-313.)

Maide.az

Google+ WhatsApp ok.ru