İsmayıllıdakı dəhşətli intiharla bağlı təfərrüatlar FOTOLAR

12 yaşlı İsmətin atası və dayısı onun məktəbli formasına görə intihar etdiyini bildirir

İsmayıllı şəhər sakini 12 yaşlı İsmət Qismət oğlu Əsədovun intiharı hələ də gündəmin əsas mövzusu olaraq qalır. Qeyd edək ki, intiharın səbəbi İsmət Əsədovun ailəsinin ona məktəbli forması ala bilməməsi ilə izah edilir. Lakin bu iddianın əsassız olduğunu deyənlər də var. Ona görə də “Azadlıq” məsələni araşdırmaq qərarına gəlib.

Əməkdaşımız əvvəlcə mərhumun oxuduğu İsmayıllı şəhər 5 saylı tam orta məktəbində olub. Məktəbin direktoru Elçin Məmmədov deyib ki, İsmət Əsədovun sinif yoldaşları ilə və müəllimlərlə heç bir problemi olmayıb. Direktorun sözlərinə görə, müəllimlər də İsməti çox sevirmiş. “Olduqca nizam-intizamlı bir şagird idi. Heç vaxt dərslərindən qalmazdı. Baxın onun şəxsi işinə bir xarici dildən başqa hamısı əla qiymətlərdir. Sinif yoldaşları ilə aralarında heç bir problem olmayıb. Onun sinifdə olub-olmaması bilinmirdi. Mən onun ailəsini də yaxşı tanıyıram, valideynləri zəhmətkeş adamlardır. Uşaq özü də zəhmətkeş uşaq idi, həm dərslərini əla oxuyurdu, həm də atasına kömək edirdi. Onu dərsdən sonra küçədə-bayırda boş-bekar gəzən görməzdik”, – deyə Elçin Məmmədov bildirib.
 
Direktor intiharın səbəbinin məktəbli forması ilə bağlı olduğuna inanmadığını deyib: “Mən inanmıram ki, bu intihar hadisəsi məktəbli forması üstündə olsun. Əvvəla, onun atası elə də aciz adam deyil ki, bunun öhdəsindən gələ bilməsin. Bundan başqa bizlər də məktəbdə pedoqoji kollektivlə birlikdə köməkləşib xeyli kasıb imkansız ailələrə məktəbli formasının alınmasında yardım etmişik. Hər birimiz insanıq, ziyalıyıq, imkansızlara dəstək olmalıyıq ki, cəmiyyətdə şəxsi nümunə ortaya qoya bilək. Açığı bu hadisə mənə və bütün kollektivə şok yaşatdı. Çünki İsmət yaşı az olsa da yaşından böyük düşünən danışan uşaq idi. Bir az utancaq idi. Ancaq hiss olunurdu ki, şəxsiyyətinə hörmət edən uşaqdır. Çox qürurlu şagird idi. Ona görə hamıdan seçilirdi və həmişə də öndə olmağa çalışırdı. Mən onun atası ilə görüşüb soruşdum ki, nə baş verib? Bəlkə evdə söz-söhbət olub? Bəlkə onu vurmusan, yaxud acılamısan? Axı bilirəm İsmətin atası  əlinin qabarı ilə çörək qazanan adam idi. İnanmıram ki, onu kimsə incitsin. Mən belə məsələlərdə sosial medianı, interneti və sairləri günahlandırıram. Fikir verin, son günlər bir sıra media orqanları bu olayın məktəbli forması üstündə olduğunu iddia edən məqalələrlə çıxış edirlər. Axı bu belə olmayıb. Belə yazıları, informasiyaları yaymaq olmaz. Bu cür yanlış informasiyalar mərhum İsmətin yaşıdlarını da intihara sürükləyə bilər. Deməli belə çıxır ki, kimin məktəbli forması almağa gücü çatmırsa, intihara əl atmalıdır? Mən KİV nümayəndələrindən belə məsələlərdə diqqətli olmağı xahiş edirəm. Bir daha qeyd edirəm ki, bu hadisə forma məsələsi ilə bağlı deyil”.
 
Mərhumun sinif rəhbəri Ruhiyyə Camaləddinova deyib ki, bu hadisədən şoka düşüb: “İnana bilmirəm ki, İsmət belə bir hərəkətə yol versin. Axı nə baş vermişdi? Buna nə ehtiyac vardı? İsmət çox soyuqqanlı, eyni zamanda çalışqan bir uşaq idi. Onun mədəni səviyyəsi də çox yüksək idi. Elə bil ki, 6-cı sinif deyil 11-ci sinif şagirdidir. Adətən aşağı siniflərdə oğlanlarla qızlar arasında müəyyən narazılıqlar olur. Deyək ki, dərs zamanı, tənəffüsdə, dərsdən sonra küçədə gedərkən. Mən hələ görməmişəm ki, İsmət kiminləsə mübahisə etsin. Yaxud ondan hələ mənə heç kim şikayət etməyib. Keçən il də, ondan əvvəlki illərdə də İsmətin məktəbli forması olub, çantası, dəftəri, qələmi və sair ləvazimatları olub.
 
Onun valideynləri də çox mədəni, sakit təbiətli adamlar idi. Ailənin dörd övladı var. Hamı kimi onlar da dolanırlar. Mən heç cür inanmıram ki, bu məsələ məktəbli formasına görə baş verib”.
 
Əməkdaşımız İsmət Əsədovun validyenləri və qohumları ilə söhbətləşib. Mərhumun atası Qismət Əsədov hadisə barədə bunları deyib: “Hadisə ayın 14-də axşam radələrində baş verib. Uşaq özü də dərk edirdi ki, ailədə problemlər var. Mən həmin gün axşam işdən gəldim, dəftər, qələm almışdım… Gəldim ki, intihar edib. Məktəbli forması deyəndə ki… daxili böhran istər-istəməz uşaqlara da təsir edir. Maddi imkansızlıq ucbatından oldu”.
 
Mərhumun dayısı Fikrət Aydınov bildirib ki, mətbuatda olayın məktəbli formasına görə baş verdiyi haqda yazılanlar doğrudur: “Bəli, qəzet və saytlarda gedən yazılar doğrudur. Hadisəni olduğu kimi demək lazımdır. Uşaq dərk edirdi ki, atası ona istədiyi şeyləri ala bilməyəcək. Çünki onun işi, gəliri yoxdur. Hardan almalı idi? Bu uşaq yaxşı oxuyan idi. Dəfələrlə oxuduğu məktəbdən tərifnamə alıb.
 
Söhbət belə olub ki, valideynləri məktəbli forması və digər dərs ləvazimətlərini ala bilməyib. Deyib ki, keçən ilki çantanı apar, imkan yoxdur. Uşaq bunu ürəyinə salıb və intihar edib”.
 
***
 
AXCP sədri Əli Kərimli bu dəhşətli hadisə ilə bağlı facebook səhifəsində təsirli qeydlər paylaşıb. O, 12 yaşlı İsmətin intiharını bir müddət əvvəl dünyanı Bodrum sahillərinə çıxmış meyitinin fotoları ilə silkələtən, ailəsilə Türkiyədən Avropaya getmək istəyən, lakin dənizdə boğulan balaca suriyalının ölümü ilə müqayisə edib. Yazıb ki, suriyalı körpənin o ürək dağlayan ölüm səhnəsi milyonlarla suriyalı qaçqına Avropanın qucaq açmasına bir təkan oldusa, 12 yaşlı İsmətin ondan da acı intiharı Azərbaycan rəsmilərinin vicdanını tərpətmədi, əksinə, intiharın motivini pərdələməyə cəhdlər oldu.
 
“Dənizdə boğulmuş Suriya qaçqını 2 yaşlı Aylanın Bodrum sahillərində tapılmış cəsədinin bütün dünyanı necə sarsıtdığını, silkələdiyini hamımız gördük. Avropa Birliyi məhz bu faciədən sonra 1 milyona qədər suriyalıya sığınacaq verəcəyini bəyan etdi. Bugünlərdə Azərbaycanda da bənzər bir fəlakət yaşandı.
 
Söhbət dərslər başlayan gün İsmayıllıda özünü asmış 12 yaşlı İsmətdən gedir. Bu uşağı unutmamısınız? Valideynləri ona çanta və dərs ləvazimatı ala bilmədiyi üçün özünü asmış İsmətin faciəsi hamını olmasa da, çox adamı silkələdi. Normalda hakimiyyətin də vicdanı tərpənməliydi. Aztəminatlı ailələrə, belə ailələrdə böyüyən uşaqlara ciddi maliyyə dəstəyi proqramı hazırlayıb həyata keçirməliydi. Amma biz nə gördük? Balacadan böyüyə qədər hökumət məmurları, hökumətin yandaş mediasının muzdluları, sosial şəbəkələrdəki trollar əllərindən gələni etməyə başladılar ki, İsmətin intihar səbəbini ört-basdır etsinlər. Bilib-bilmədiklərindən asılı olmayaraq israrla üzə dururdular ki, İsmət sosial çətinlik səbəbindən intihar etməyib. Amma həqiqəti ört-basdır edə bilmədilər. “Azadlıq” qəzetinin müxbirləri hadisəni yerində araşdırıblar. Buyurun, özünü asmış uşağın valideynlərinin açıqlamaları ilə tanış olun.
 
İsmətin atası Qismət Əsədov hadisə barədə bunları deyib: “Hadisə ayın 14-də axşam radələrində baş verib. Uşaq özü də dərk edirdi ki, ailədə problemlər var. Mən həmin gün axşam işdən gəldim, dəftər, qələm almışdım… Gəldim ki, intihar edib. Məktəbli forması deyəndə ki… daxili böhran istər-istəməz uşaqlara da təsir edir. Maddi imkansızlıq ucbatından oldu”.
 
İsmətin dayısı Fikrət Aydınov bildirib ki, mətbuatda olayın məktəbli formasına görə baş verdiyi haqda yazılanlar doğrudur: “Bəli, qəzet və saytlarda gedən yazılar doğrudur. Hadisəni olduğu kimi demək lazımdır. Uşaq dərk edirdi ki, atası ona istədiyi şeyləri ala bilməyəcək. Çünki onun işi, gəliri yoxdur. Hardan almalı idi? Söhbət belə olub ki, valideynləri məktəbli forması və digər dərs ləvazimatlarını ala bilməyib. Deyib ki, keçən ilki çantanı apar, imkan yoxdur. Uşaq bunu ürəyinə salıb və intihar edib”
 
Reportajdan məlum olur ki, İsmətin ölümündən sonra ona yas çadırı qurulub, şəkli böyütdürülüb, çərçivəyə salınıb. Güman etmək olar ki, yas məclisini yola verməyə ya yerli hakimiyyət, ya da kimlərsə kömək edib. Kaş ki, o kömək İsmət özünü asmadan ediləydi, millətimiz belə bir faciə yaşamayaydı.
 
İki eyni tipli faciəyə iki toplumun fərqli reaksiyasını gördünüzmü? Aylanın faciəsi çox dəhşətlidir, lakin bu dəhşətli faciə faktiki olaraq milyonlarla suriyalıya münasibəti bütün dünyada dəyişdi. İsmətin də faciəsi çox dəhşətlidir. Lakin hətta belə dəhşətli faciə də Azərbaycan hakimiyyətinin kasıb təbəqəyə, xüsusən də belə ailələrdə böyüyən uşaqlara münasibətini dəyişmədi”, – deyə AXCP sədri yazıb.
 

 

Google+ WhatsApp ok.ru