'Sobsan' boya fabrikində baş verən yanğın söndürüldü , xəsarət alanlar var - YENİLƏNİB3/VIDEO

'Sobsan' boya fabrikində baş verən yanğın söndürüldü , xəsarət alanlar var - YENİLƏNİB3/VIDEO

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "Sobsan" boya fabrikində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən tam söndürülüb.

 
Bu barədə FHN-dən məlumat verilib.
 
Qeyd edilir ki, yanğının söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri cəlb olunub. Yanğının xüsusilə mürəkkəbliyinə, obyektdə böyük həcmdə tezalışan və partlamaya meylli maddələrin saxlanıldığına baxmayaraq, yanğınsöndürmə və xilasetmə qüvvələrinin effektiv tətbiqi və yanğınsöndürənlərin fərdi şücaəti sayəsində yanğının qarşısı alınaraq daha böyük fəsadların baş verməsinə, o cümlədən yanğının genişlənərək ətraf ərazilərə yayılmasına, obyektə bitişik evlərə keçməsinə imkan verilməyib. Həmçinin, fabrik ərazisindəki salamat qalmış mal-materiallar FHN qüvvələri tərəfindən yanğından mühafizə məqsədilə ərazidən kənarlaşdırılıb. Yanğın nəticəsində ilkin hesablamalara görə, təqribən, 3000 kv.m. ərazi yanıb. FHN-in 5 əməkdaşı xəsarət alıb, 4 nəfərə yerində yardım göstərilib, 1 nəfər isə Toksikologiya mərkəzinə yerləşdirilib.
 
Yanğının başvermə səbəbləri araşdırılır ***
21:40
 
Bakının Binəqədi rayonunda "Sobsan" boya fabrikində baş verən yanğın zamanı 5 partlayış qeydə alınıb.
 
Maide.Az “Report”a istinadla xəbər verir ki, parlayışların 25 tonluq çənlərdə baş verdiyi bildirilir. Buna görə də yanğın daha geniş ərazini əhatə edib.
 
Qeyd edilir ki, daha bir neçə çəndə partlayışın baş verməsi gözlənilir.
 
Hazırda əraziyə Bakı şəhər üzrə 4 rayonun yanğından mühafizə bölmələri cəlb edilib. Əraziyə bir neçə təcili yardım maşını gətirilib.
 
İlkin məlumata görə, hadisə zamanı 4 nəfər tüstüdən zəhərlənib.
 
***
 
Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğının baş verdiyi ərazidə Qərargah yaradılıb.
 
Qərargahdan APA-ya verilən ilkin məlumata görə, yanğın 700 kvadratmetr ərazini əhatə edir.
 
***
 
20:48
 
Bakının Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikinə məxsus sexdə başlanan yanğın partayışla müşahidə edilməkdədir. 
 
APA-nın hadisə yerində olan müxbirinin məlumtına görə, yanğının baş verdiyi əraziyə yaxın insanlar oradan təxliyə olunur.
 
Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğınsöndürmə işləri davam etdirilir.
 
 
 

***

Bakının 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikinə məxsus sexdə yanğın başlayıb. 

 
Maide.Az -nın məlumtına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub. 
 
FHN-dən APA-ya faktı təsdiqləyiblər. 

 

Google+ WhatsApp ok.ru