SOCAR-ın 2 minədək neft quyusunda iş dayanıb

SOCAR-ın 2 minədək neft quyusunda iş dayanıb

-- buruqların fəaliyyətinin tam bərpası bir həftə ərzində mümkün olacaq

Elektrik enerjisinin verilməsində yaranmış fasilə nəticəsində SOCAR-ın quruda yerləşən 2 minədək neft quyusunda iş dayanıb.
 
Maide.Az bildirir ki, bu barədə Turan-a neft sənayesindəki mənbələrdən bəlli olub.
 
Mənbənin sözlərinə görə, hazırda enerjinin verilməsi bərpa edilib. Ancaq buruqların fəaliyyətinin tam bərpası bir həftə ərzində mümkün olacaq. 
 
Qeyd edək ki, gecəyarısına yaxın Mingəçevir İES-də baş vermiş qəza səbəbindən paytaxt, həmçinin Gəncə və Sumqayıt da daxil olmaqla, Azərbaycanın böyük hissəsi işıqsız qalıb.
 
"Azərenerji" Dövlət Şirkətinin bəyanatına görə, anomal isti səbəbindən Mingəçevir İES-də sistem avadanlığı sıradan çıxıb.
 
Səhərə yaxın Gəncə və ətraf rayonlara, Bakının böyük bir hissəsinə, Sumqayıt və ölkənin mərkəzi rayonlarına elektrik enerjisinin verilməsi bərpa edilib.
 
Enerji təchizatında fasilələrlə əlaqədar Bakı metropoliteninin "Avtovağzal-Memar Əcəmi-2" xəttində qatarların hərəkəti müvəqqəti dayanıb.
 
Bununla əlaqədar həmin marşrutda sərnişinlərin daşınması üçün avtobuslar ayrılıb.
 
Dəmir yolu marşrutlarında qatarların hərəkət qrafikində yubanmalar yaranıb.
 
 

Google+ WhatsApp ok.ru