SOCAR karbohidrogen hasilatı proqnozunu açıqlayıb

Bu il Azərbaycan 41 mln ton neft və 30 mlrd kubmetr qaz hasilatı planlaşdırır, deyə SOCAR vitse-prezidenti bildirib.
 
Azərbaycan bu il 40,7 mln ton neft və kondensat, 30,2 mlrd kubmetr qaz (lay təzyiqini qorumaq üçün quyulara vurulan qaz da daxil – red.) çıxarmağı planlaşdırır. Bu barədə SOCAR-ın hasilat və nəql üzrə vitse-prezidenti Rəhman Qurbanov bildirib.
 
Onun sözlərinə görə, 2014-cü ildə Azərbaycanda 42 mln ton neft, 29,6 mlrd kubmetr qaz hasil edilib.
 
Vitse-prezidentin sözlərinə görə, SOCAR-a məxsus yataqlardan 8,3 mln ton neft və 6,5 mlrd kubmetr qaz hasil edilməsi planlaşdırılıb. Bunun 6,5 milyon tonu emal ediləcək, 1,7 milyon tonu isə xarici ölkələrə satılacaq.
 
2014-cü ildə SOCAR 8,3 mln ton neft və 7,2 mlrd kubmetr qaz çıxarıb.
 
2015-ci ildə hasil edilən SOCAR qazının 4,85 mlrd kubmetri «Azərenerji»yə, 1,2 mlrd kubmetr Gürcüstana veriləcək. 2014-cü ildə SOCAR energetiklərə 5,3 mlrd kubmetr qaz verib, Gürcüstana ixrac dəyişməyəcək, deyə Qurbanov qeyd edib.

Google+ WhatsApp ok.ru