Soçi görüşü başa çatdı - Nəticə nədir?

Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ münaqişəsinin həlli yollarının müzakirəsinə həsr olunmuş Soçi görüşü başa çatıb.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev deyib ki,  "Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmalıdır. Bu münaqişə çox uzandı, inanıram ki, Vladimir Putinin iştirakı ilə danışıqlar prosesinə yeni təkan veriləcək. Rusiya prezidentinin dediyi kimi, münaqişənin həll edilməsi üçün hüquqi bazaya əsaslanan format mövcuddur. BMT Təhlükəsizlik Şurası bu münaqişənin həll edilməsi üçün 4 qətnamı qəbul edib. Orada dəqiq yazılıb ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal etdiyi torpaqlarından çıxarılmalıdır. Təəssüf olsun ki, artıq 20 il keçib, ancaq qətnamələr kağız üzərində qalıb"
Soçi görüşündə Rusiya prezidenti  Vladimir Putin deyib ki,  “Qarabağ məsələsi üzərində işləməkdə davam edəcəyik.Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinin beynəlxalq formatlarına hörmətlə yanaşır və həmin danışıqlarda bundan sonra da iştirak edəcək. Amma Rusiya Azərbaycan və Ermənistanla ikitərəfli münasibətlərinin xüsusi xarakterindən münaqişəni həll etmək üçün yararlanmağı da planlaşdırır”.
Rusiya prezidenti daha sonra bildirib: “Biz bütün beynəlxalq formatlara ehtitamla yanaşırıq və bütün həmkarlarımızla birgə Qarabağ məsələsinin həlli üzərində işləməkdə davam edəcəyik. Bizim xüsusi və yaxın münasibətlərimiz var, keçmiş münasibətlərimizin tarixi uzağa gedir. Bu da bizə hazırda harada olmağımız və irəli getmək, keçmişdən miras qalan problemləri həll etmək üçün nə etmək lazım olması barədə açıq və səmimi fikir mübadiləsi aparmağa imkan yaradır”. 
Ermənistan prezidenti Serj Sarkisyan Soçidə prezidentlərin üçtərəfli görüşündə  deyib ki, mən hesab edirəm ki, münaqişə həll edilməlidir. Münaqişənin isə ATƏT-in irəli sürdüyü prinsiplər əsasında həlli mümkündür".
Serj Sarkisyan daha sonra Azərbaycanı ittiham edib: "Azərbaycan tərəfi həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrindən söz açır. Azərbaycanın özü o qətnamələrin hansı maddələrini həyata keçirib? Ermənistan isə o qətnaməyə uyğun olaraq döyüş əməliyyatlarını dayandırıb. Biz əgər 1990-cı illərə qayıtsaq, deyə bilərik ki, o vaxtlar kiməsə yaxşı olub, kiməsə pis, bunları deməyin yeri yoxdur. Əgər yenidən bir-birimizi ittiham etsək, bu münaqişə öz həllini tapmayacaq".
ANS PRESS-in məlumatına görə, görüşdə gələn ümumi qənaət bu olub ki, Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll olunmalıdır.
BBC xəbər verir ki, prezidentlər Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyan münaqişənin həlli üçün danışıqların davam etdirilməsinə qərar veriblər./

Google+ WhatsApp ok.ru