Son illər bank sektorunda 14 min nəfər işini itirib

Son illər bank sektorunda 14 min nəfər işini itirib

-- Ekspert: “İş azalıbsa, işçilər də azalmalıdır”

“İqtisadi böhrana görə, son illər bank sektorunda 14 min nəfər işini itirib”.
 
Bunu Bakıda keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda Azərbaycan Banklar Assosiasiyasının (ABA) Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev deyib. Məlumatı “Report” yayıb.
 
Cavanşir Abdullayev deyib ki, banklar daxili işçi heyətinə lazımi dəyər vermir və menecer kimi kənardan işçi qüvvəsi cəlb edirlər:
 
“Halbuki, istedadları müəyyən etmək, daxildən gələcək menecerlər yetişdirmək lazımdır. Kənardan işçi cəlb etmək demotivasiyaya səbəb olur, buna görə də daxili təhsil potensialını inkişaf etdirmək lazımdır”.
 
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sonuncu hesabatı da bank sektorunda çalışanların sayının azaldığını göstərir.
 
Hesabata görə, oktyabrın 1-i bank əməkdaşlarının sayı 16 min 340 nəfər olub. İlin əvvəlində isə bu göstərici 16 min 947 nəfər idi.
 
Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov da Meydan TV-yə ixtisarların əsas səbəbinin böhran olduğunu demişdi. Bildirmişdi ki, bankların problemli kreditləri artır, saxladıqları əmanətlər azalır:
 
“Üstəlik, Mərkəzi Bankdan kredit ala bilmirlər, kreditləşdirmə zəifləyir, bank xidmətlərinin həcmi azalır, nəticədə bankların zərəri artır. Buna görə də, filialları bağlanır. İş azalıbsa, işçilər də azalmalıdır. Həm də bankların işçi resursları şişirdilmiş idi: qohumlar, dostlar və s. İndi artıq işçi saxlaya bilmirlər”.
 
2015-ci ildə ölkədə iki devalvasiyasından sonra manat iki dəfə dəyər itirib və 1 dollara görə 0,78 qəpikdən 1,50 manata qədər dəyişib. Hazırda manatın məzənnəsi 1 dollar üçün 1,7003 manatdır.
 
2016-cı ildə ölkədə ümumilikdə 11 bankın lisenziyası ləğv edilib. Bu, onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib.
 
Hazırda ölkədə 31 bank fəaliyyət göstərir. Sentyabrın 1-ə olan məlumata görə, onların 5 milyon 720 min 291 nəfər müştərisi var. Müştərilərin 2 milyon 428 min 32-nin banklarda kredit hesabı var. Onların banklara olan vaxtı keçmiş borcları 1 milyard 824 milyon manatı ötüb. Bu da cəmi kredit qoyuluşunda 15 faizə çatıb. (meydan.tv)
 

Google+ WhatsApp ok.ru