Son 5 ildə dünyada internet bağlantısı əhəmiyyətli dərəcədə artıb

Son 5 ildə dünyada internet bağlantısı əhəmiyyətli dərəcədə artıb

Yüksək gəlirli ölkələrdə internetə, demək olar, hamının əli çatır, 5G erası yaxındır. Azgəlirli ölkələrdə isə internetin əlyetərliliyi 3,8 faizə düşüb.
 
“Economist Intelligence Unit” İnklüziv İnternet İndeksini açıqlayıb. Qurum bildirir ki, son 5 ildə dünyada internet bağlantısı əhəmiyyətli dərəcədə artıb. Di gəl, dünyanın təxminən yarısı rəqəmsal uçurumun əks tərəfində qalıb.
 
“Facebook” sosial şəbəkəsinin sifarişilə bu indeks artıq dördüncü ildir hazırlanır və 100 ölkəni əhatələyir. İndeksin dünya əhalisinin 91 faizini, qlobal ÜDM-nin 96 faizini əhatələdiyi bildirilir.
 
2020-ci il indeksi internet əlyetərliliyini, ona çatımlılığı və hazırlıq səviyyəsini 56 indikator əsasında dəyərləndirir.
 
Azərbaycan 100 ölkə içində 52-ci pillədədir. Qonşulardan reytinqə Rusiya (26) və İran (55) düşüb.
 
Freedom House hüquq-müdafiə təşkilatı ötən il açıqladığı hesabatda Azərbaycanı internet azadlığına görə «qeyri-azad ölkələr» sırasına salmışdı. Ölkədə müxalifətin bəzi aksiyaları zamanı internetin məhdudlaşdırılması halları da qeydə alınıb. Hakimiyyət təmsilçiləri isə ölkədə internetə çıxışın azad olduğunu bildirirlər.
 
İlk beşlikdə İsveç, Yeni Zelandiya, Birləşmiş Ştatlar, Avstraliya və Danimarka yer alıb.
 
Ötən ilə baxanda internetə çıxışda gender uçurumu azalıb. Amma yenə də qlobal miqyasda kişilər qadınlardan 12,9 faiz artıq internetə girirlər, azgəlirli ölkələrdə bu fərq 34,5 faizdir.
 
Getdikcə onlayn informasiyaya inamsızlıq artmaqdadır. Ancaq dünya üzrə respondentlərin 50 faizindən çoxu internetin onların maliyyə müstəqilliyini artırması fikrilə razılaşıblar. /azadliq.org
 

Google+ WhatsApp ok.ru