Son seçim, qərar və rəy kiminkidir?

Mirməhəmməd Bəşir

Son seçim, qərar və rəy kiminkidir?


Ailə həyatı qurmaq Allah Rəsulunun (s) gözəl sünnələrindəndir və o həzrət dəfələrlə vaxtında və tez evlənməyi müsəlmanlara tövsiyə etmiş, subay yaşamaqdan çəkindirmişdir.

Övladın ata-ananın üzərinə düşən haqlarından biri də budur ki, övlad boya-başa çatdıqdan sonra evləndirib yeni həyat qurmaqda ona bacardıqları köməyi etsinlər.

Amma burada əsas məsələ layiqli və özünəuyğun həyat yoldaşının necə seçilməsidir. Həmçinin bu məsələdə sonuncu söz və seçim kimin haqqıdır? Valideynin, ya övladın? Ata-ananın bəyənib-seçdiyi, ya övladın?

Doğrudur ki, ata-ana öz övladlarının ən yaxın, qayğıkeş, təcrübəli məsləhətçisi və hidayətçiləridir. Buna görə də, onlar bu mühüm məsələdə də övladlarına yol göstərib kömək etsinlər ki, övladları müvəqqəti olan ehtiraslı hisslərin təsirinə düşüb yalnış addım ataraq, bir ömür əzab içində yaşamasınlar.

Amma heç vaxt və heç bir bəhanə ilə onları istəmədikləri bir evliliyə məcbur etməsinlər. Həmçinin, əgər layiqli bir şəxs ortaya çıxıbsa, bu işi yersiz bəhanələrlə gecikdirməyib gənclərin xoşbəxt ailə həyatı qurmaları üçün lazım olan köməyi etsinlər. Əgər övladlarının seçimi onların xoşuna gəlmirsə, onlara deməsinlər: “Get ürəyin nə istəyirsə onu et, amma bir daha bu evə gəlmə. Sənə bizim aramızda yer yoxdur. Sən adda övladımız olmayıb...".

Çünki övlad həmişə, hər yerdə, ömrünün son gününə qədər ata-ananın xeyir-duasına, kömək və məsləhətlərinə möhtacdır.

Bu məktuba diqqət yetirin:

"...Mən universitetin ikinci kursunda oxuyuram... Həyalı, savadlı, istedadlı, ismətli, hicablı, düşüncəli və yaxşı tərbiyəli ailədən olan bir qızla tanış oldum. Gördüm ki, ömür-gün yoldaşı olmağa çox münasib bir xanımdır. Ürəyimdəkiləri ona dedim. Onunla razılaşdıqdan sonra, bu haqda ata-anama da dedim… Amma sözüm ağzımda qaldı, elə daşdılar, elə coşdular ki, elə bil böyük bir günah işlətmişdim və ya cinlə evlənmək istəyirmişəm... Mən onları razı salmaq üçün çox çalışdım, amma nə faydası, bir sözümə on dəlil və bəhanə gətirərək yox deyib durdular. O bəhanə və dəlillərdən bəziləri aşağıdakılardır:

1. Bu qız ömür boyu dərs oxuyub, evdarlığı bacarmaz.

2. O, səninlə yaşıddır, el-oba, qohum-əqraba arasında abrımız var.

3. Ailəsi kasıbdır, bizə yaraşmırlar.

4. Biz uşaqlıqdan səni xalaqızınla göbəkkəsdi etmişik.

5. Özbaşına arvad bəyənən oğula bizim evimizdə yer yoxdur…”

Mən bilmirəm ki, sənin atan-anan o qızı və ailəsini görüb, ya yox? Ancaq sizin sadaladığınız bu səciyyəvi xüsusiyyətlər layiqli həyat yoldaşının ən mühüm xüsusiyyətləridir. Bu sifətlərə malik qız evdarlığı bacarmasa da, eybi yoxdur. Ailə qurandan sonra tez bir zamanda öyrənəcək, öz ailəsi ilə mehriban, dost və səmimi yaşayacaqdır.

Əlbəttə, arvadın kişidən yaşca beş-altı il kiçik olması daha yaxşı və məsləhətdir, amma bu bir zərurət deyildir. Əgər qızın başqa yaxşı xüsusiyyət və üstünlüklərini nəzərə alsaq, bu məsələ gözdən itəcəkdir.

Nə çoxdur kasıb ailələr ki, bir ömür şərəflə, izzətlə yaşayıb cəmiyyətə gözəl, tərbiyəli və faydalı övladlar təqdim etmişlər. Həmçinin, nə çoxdur varlı ailələr ki, evlərinin zahiri qiymətli olduğu qədər, mənəviyyat və insaniyyətdən uzaqdırlar. Çox zaman özləri və övladları ən ləyaqətsiz və çirkin işlərinin qurbanlarıdırlar. Belələri ruhən və mənəvi baxımdan kasıbdırlar və bu, ən pis kasıblıqdır.

Ata-analar maddi sərvətlərin yerinə, insani dəyərlərə, mənəviyyata yer verməli və övladları üçün məktubda deyilən sifətlərə malik bir qız (və ya qızları üçün oğlan) bəyənməlidirlər.

Əgər övlad ata-anası ilə bəyəndiyi bir həyat yoldaşı barədə məsləhətləşirsə, onlar səbir və hövsələ ilə onu dinləməli, qarşı tərəf haqqında axtarış aparmalı və onun barəsində dəqiq məlumatlar əldə etdikdən sonra bu barədə öz müsbət, ya mənfi fikirlərini hörmətlə bildirməlidirlər.

Bununla belə, yenə də ata-ananın razı və xoşhal olması heç nə ilə əvəz oluna bilməz. Yaxşı olar ki, övlad ata-anasının razılığını mümkün qədər öz seçim və istəklərindən önə salsın və onların razı, xoşhal olması üçün əlindən gələni əsirgəməsin. Çünki ata-ana müqəddəs varlıqdır və övladın boynunda onların danılmaz haqları vardır. Onlar öz övladlarını canlarından çox sevir, övladları üçün həmişə nigaran və iztirabdadırlar. Bu böyük tərbiyəçilərə itaət etmək bütün övladların borcudur. Bir vaxt onların əlində qanadsız bir quş olduğunuzu unutmayın. Bu gün sizi yüksəklərdə gəzdirən bu qanadları onlar sizə bağışlamışlar. (“İsra” surəsi, ayə 23-25.)

Övlad heç vaxt onların ürəyini qırmamalı və onların narahatçılığına səbəb olacaq heç bir addım atmamalıdır.

Ümid edirəm ki, ata-analar da övladlarını başa düşüb bu mövzuda yaxşı və müsbət addımlar atacaq və övladlarının köməyinə çatacaqlar. (“Əxlaq dər xanevade” (Ailədə əxlaq), Seyid Əliəkbər Hüseyni, səh.56.)

Google+ WhatsApp ok.ru