Sosial medianın insanlarda yaratdığı problem - YUXUSUZLUQ

Sosial medianın insanlarda yaratdığı problem - YUXUSUZLUQ

 
Sosial media, ağıllı telefonlar artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. İnsanlar mütəmadi olaraq sosial media hesablarını yoxlayır, gündəmi qaçırmamağa çalışırlar. Bu aludəçilik o dərəcədə güclənib ki, insanlar gec saatlaradək yuxusuz qalır, yuxudan ayılar-ayılmaz isə “gündəmi qaçırmamaq” üçün internet resurslarında virtual gəzişmələrinə davam edirlər. 
 
Nəticədə insanlarda həm fiziki, həm də psixoloji xəstəliklər meydana çıxır. Onlardan biri də yuxusuzluqdur. Danılmaz faktdır ki, virtual mühitdən asıllılıq insanların yuxu sisteminə kifayət qədər mənfi təsir göstərir. Bu isə insanların gün ərzindəki fəaliyyətlərinə, iş qabiliyyətlərinə təsirsiz ötüşmür.
 
Tanınmış həkim Seyfəddin Əsəd mövzu ilə əlaqədar musavat.com-a açıqlama verərək, sosial medianın insan orqanizmində yaratdığı fəsadlardan danışıb: “İnsanın həyatda normal yaşaması üçün 3 faktor vacibdir. Onun birincisi düzgün qidalanmaq, yatmaq və normal, düzgün ailə münasibətləridir. Qeyd etdiyim kimi, vacib amillərdən biri də düzgün yuxu rejimidir. Lakin bizdə artıq insanlar yaşından asılı olmayaraq, yaşlı, böyük, körpələr virtual aləmdən asılıdırlar. Son nəticədə bu yaddaşsızlığa, iş qabiliyyətinin aşağı düşməsinə, əsəb pozğunluğuna, qan təzyiqinin yaramasına, piylənməyə gətirib çıxarır. 
 
Yuxusuzluqdan başqa şüalanma da var ki, bu da xərçəng xəstəliyinin yaranmasını sürətləndirir. Bildiyiniz kimi, telefonda internet açıq olanda onda istilik yaranır, bunu əllə də hiss edirik. Bu da xərçəng xəstəliyi yaradır. O ki, qaldı yuxusuzluğa, insanın normal həyatı, iş qabiliyyəti üçün vacib olan element sinir sistemidir. İnsanlar öz istirahətlərini, yuxu vaxtlarını müəyyənləşdirməlidirlər”.
 
“Psixologiya və Konsultasiya Mərkəzi”nin rəhbəri, psixoloq Elnur Rüstəmov da qeyd etdi ki, insanlarda psixoloji gərginliyin artmasına səbəb daha çox sosial mediadır: “Son vaxtlar psixoloji problemlərin artmasına səbəb olan amillərdən biri də məhz yuxusuzluq, qaçaraq həyat tərzidir. Bu,  insanlarda psixoloji gərginliyin, stressin yaranmasına gətirib çıxarır. Əsas səbəblərdən biri sosial şəbəkələrdir. Sosial şəbəkələr də günü-gündən artmağa başlayır. Müxtəlif yaş təbəqələrindən olan insanların əksəriyyəti günlərinin çoxunu orada keçirir. Gündəm məsələsinə gəldikdə isə, əslində gündəm ciddi mövzularla ortada olmur. Daha çox məişət səviyyəsində, qısa bir müddətə, hətta 5 saat, bir günə hesablanan gündəmlər olur ki, bu da insanlarda səbəbsiz yerə aqressiyanın, narahatçılığın yaranmasına, ruh halının pozulmasına və yaxud qısa müddət üçün yaxşılaşmasına gətirib çıxarır. 
 
Yuxudan duran kimi sosial şəbəkədə gəzişmək, bu artıq asıllıq kimi qəbul olunub. İnsan yatanda da sosial şəbəkəyə baxır ki, hansı yenilik, təzə xəbər var, səhər yuxudan duranda da... Dırnaq arası informasiyalar bizi işğal etməyə başlayıb, sanki insanlar onlarsız yaşaya bilməz. Halbuki, artıq informasiyalar insanları yükləyir, onun əhval-ruhiyyəsinə mənfi təsir göstərir. 
 
İnsanlar tez-tez foto və şərhlər paylaşmaqla öz eqolarını onunla təqdim edirlər. Onlara gələn “like” və rəylərdən asılı olurlar. Çox “like” yığırsa əhvalı yaxşı olur, az gəlirsə əhvalı korlanmış olur. Təsəvvür edin ki, bizim əhvalımız birbaşa virtual aləm ilə bağlıdır. Bu da əlbəttə ki, bir qədər qəribə də olsa, insanların ruh halına təsir edir. Dünyagörüşü deqradasiyaya uğrayır. 
 
Düşünürəm ki, bununla bağlı hər bir fərd ayrı-ayrılıqda tədbir görməlidir. Çünki belə olan təqdirdə, bizim həyatımız virtuallaşır, canlı ünsiyyət aradan götürülür. Nəticədə ailədaxili problemlər yaranır, insanlarda təkcə özü üçün yaşamaq duyğusu ortaya çıxır, ancaq özünü düşünür. Bunun fəsadları hələ bundan sonra daha da artmağa başlayacaq. Buna görə də bir daha qeyd edirəm ki, hər bir fərd bu problemlə özü mübarizə aparmağa başlamalı, sosial şəbəkədə olmaq üçün özünə vaxt məhdudiyyəti qoymalıdır”. /

Google+ WhatsApp ok.ru