Sosintern ASDP haqqında QƏRARINI ləğv edib

“Sosinternin Etika Komissiyasının iclasında qərara alındı ki, bizim fəaliyyətimizin adıçəkilən təşkilatda dayandırılması qeyri-qanuni və ədalətsizdir. Ona görə də bizə qarşı qərar ləğv edildi.  Bildirildi ki, bundan sonra hər hansı bir ölkə hansısa bir partiyanı şərləyib ona qarşı təxribata əl atmasın”. Bunu Modern.az saytına açıqlamasında Sosialist İnternasionalının (Sosintern) üzvü Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə qurumun Meksikadakı iclaslarını şərh edərkən deyib. A. Əlizadə Sosinterndə ASDP-nin 2012-ci ildə cəzalandırılması məsələsinə görə Azərbaycandakı solçu qüvvələri də ittiham edib.
 
O, bununla yanaşı, həmin ildə təşkilat daxilində gedən  proseslər barədə təəssüratlarını bölüşüb: “Bizim cəzalandırılmağımızın səbəbinin kökü 2010-cu ilə gedib çıxır. Bu ildə Qazaxıstanın Alma-Ata şəhərində Qara Dəniz Hövzəsi, MDB məkanı və Cənubi Qafqaz Komitəsinin iclasında Liviya məsələsi müzakirə olunurdu. Bu zaman tədbir keçirilən yerin qabağındakı parkdakı divarın üstünə yazılan şüarda Fransanın keçmiş prezidenti Nikola Sarkozi “Gestapo” nümayəndələrinə bənzədilirdi. Orada “Sarkozi = SS” yazılmışdı. Mən çıxışım zamanı bu məsələyə diqqət yönəltdim və bildirdim ki, çox böyük məmnuniyyətlə həmin bənzətmənin altına imza atardım. 
 
Bu zaman Almaniya nümayəndəsi mənə etiraz etdi. O bildirdi ki, Sarkozi ilə eyni fikirdə olmasa da, ona qarşı mənim dediklərimi qəbul etmir. Mənə dedi ki, xalq tərəfindən seçilən adam haqqında belə şey demək olmaz. Mən isə onun yadına saldım ki, 1930-cu illərdə alman xalqı özü Hitleri rəhbər seçmişdi. “O zaman Hitler haqqında da heç nə deməli deyilik?”,-deyə fikrimi ifadə etdim. Bundan sonra həmin şəxs  mənim bu çıxışıma görə Sosinternin Etika Komissiyasına şikayət etdi. Üç dəqiqə ərzində məsələni bizim əleyhimizə həll etdilər. Onlar əsas gətirdilər ki, Azərbaycandan olan bəzi sosial-demokratlar mənim haqqında şikayət ediblər”,-deyə A. Əlizadə bildirib. ASDP rəhbəri Azərbaycandan olan həmin şəxslərin  adını çəkməsə də əlavə edib ki, onlar birbaşa Sosinterndə ona qarşı fəaliyyət göstərənlərlə birgə iş birliyində olublar.  
“Mənə dedilər ki, Sosial Demokrat Partiyasının keçmiş üzvləri ciddi ittihamlar səsləndiriblər. Guya mən partiyada diktatura rejimi yaratmışam və mətbuatda ASDP barədə məlumatlar dərc olunmur. Həmçinin vaxtlı-vaxtında üzvlük haqqının ödənməməsi haqqında ittihamlar var idi. Yeganə həqiqətə uyğun bir şey ASDP-nin parlamentdə təmsil olunmaması ilə bağlı deyilənlər idi. Üzvlük haqqına gəlincə, biz bunu yalnız maddi çətinlik səbəbindən gecikdirmişik. Ən maraqlısı isə odur ki, təşkilatın baş katibi Luis Ayala Etika Komissiyasının iclasında iştirak etmədən bizə qarşı qərar qəbul edilmişdi. O qərar qəbul ediləndən sonra iclasa gəldi, yəni gecikmişdi. Amma buna baxmayaraq onlara ciddi etirazını bildirdi. Məni şərləyən həmin Azərbaycan sosial-demokratları müxtəlif qeyri-hökumət təşkilatlarında təmsil olunur. Daim də məndən şikayət edirlər. Çünki həmin adamlar ASDP-nin üzvü olanda onlar üçün qrant almaq daha asan idi. Mən isə sonradan, daha doğrusu 1998-ci ilin sonunda məsələni belə qoydum ki, aldıqları qrantların partiyaya heç bir xeyri yoxdur. Bunun ardından bəziləri dost kimi ASDP-dən ayrıldı. Digərlərini isə partiyadan xaric etməli olduq. Həmin xaric edilənlər özlərini Xəzərə dənizinə atsalar da, bundan sonra heç bir xeyri olmayacaq”.  
 
O bildirib ki, Sosinternin Mexiko sammitində dünya sol hərəkatında yaranmış böhran da müzakirə edilib. ASDP rəhbərinin sözlərinə görə Avropa Parlamentinə keçirilən sonuncu seçkilər də təşkilatda ciddi narahatlıq yaradıb. “Dünyadakı sol hərəkatda yaranmış böhran barədə fikir mübadiləsi aparıldı. Amma konkret olaraq fikri Azərbaycan üzərində cəmləşdirmədilər. Söhbət ümumi vəziyyətdən gedirdi”,-deyə A. Əlizadə bildirib.   ASDP sədri qeyd edib ki, Sosinternin toplantısında Dağlıq Qarabağ münaqişəsi müzakirəyə çıxarılmayıb.  
 
Qeyd edək ki, iyunun 29-dan iyulun 1-nə qədər Sosinternin Mexikoda toplantısı keçirilib.  
 
Xatırladaq ki, 2012-ci ildə Sosintern ASDP-ni cəzalandırmışdı və bu partiya nümayəndələrinə sözügedən təşkilatın tədbirlərində çıxış etmək qadağa olunmuşdu.  

Google+ WhatsApp ok.ru