Sosioloq baxışı: “Bu terrorçu simpatiyası nədir axı, bizi tərk etmir?!”

Suriyaya qarşı artıq 5 ildir davam edən Qərb dəstəkli İŞİD, Əl-Nusra və digər terror qruplaşmalarının xəyalları puç olmağa başlayıb. Son dönəmdə Rusiyanın da bölgəyə daxil olması ilə durum daha müsbətə doğru dəyişməyə başlayıb. Lakin ABŞ və Qərb KİV-lərinin ənənəvi olaraq buradakı olayları yanlış və qərəzli təqdim etmələri hər zaman diqqət mərkəzində olub. Dünya xalqlarının beyinlərini qərəzli təbliğat vasitələri ilə yumağa çalışan bu  KİV-lərin “xəbər siyasəti” vaxtaşırı diqqət mərkəzinə gəlir.
 
Son günlər analoji proses Suriyada yaşayan türkmən bölgələrindəki hadisələrə dair yayılan informasiyalar və onun təsirləri ilə gündəmə gəlib. Baş verənlərə, qərəzli KİV-lərin belə qara “PR” kampaniyalarına etiraz edən sosioloq Cavid İmamoğlu açıqlama ilə çıxış edib.
Maide.az xəbər verir ki, məsələnin mahiyyətinə toxunan C.İmamoğlu sözügedən media orqanlarının işini və təsirlərini belə izah edib: “Qərbi Asiyada (Avropaya nəzərən “Orta Şərq”, - red.) yaşananlar bir neçə tərəfi ilə yadda qaldı. "Terror iqtisadiyyatı", "Terror psixologiyası", "Terror mətbuatı". İqtisadiyyat mənim sahəm olmadığı üçün o barədə bir söz deməyəcəm, amma qalan iki sahə ilə bağlı bir nüans qeyd etmək istəyirəm. "Səbəbi nə olursa olsun, terroru qınayıram" deyən bir azərbaycanlı təfəkkürü, o təfəkkürün aparıcı mediaları 3 ildir ki, Suriyadakı terrora "müxalifət"in Əsədə qarşı "mübarizəsi" adı qoyub. Deməli, biz terrora onu edənin kimliyi və səbəbinin nə olmasına görə qiymət veririk. Türkmənlər yaşayan əyaləti Əl-Nüsra terrorçu qruplaşması viran qoydu, bu barədə dünya mediası məlumat yaydı, hətta biz Türkiyə hökümətini türkmən qardaşlara sərhəd açmadığına görə qınadıq, indi Türkmən əyalətində Əl-Nusra terrorçularına qarşı Suriya və Rusiya birgə zərbələr endirir, televiziya kanalları yenə Suriya dövlətini terrorçu, Əl-Nusra terrorçularını isə türkmən kimi qələmə verir. Əziz dostlar, türkmən elinin şiələr olan ərazisi uzun müddətdir ki, Əl-Nusra terrorçuları tərəfindən terrora məruz qalıb və zəbt edilib. Orada bir nəfər belə olsun, türkmən yaşamır. Ya terror ediliblər, ya da qaçıb canlarını qurtarıblar. Bu terrorçu simpatiyası nədir axı, bizi tərk etmir?! Terrorun səbəbini axtarmayın dostlar, zatən övladını terrorda itirmiş bir anaya bu səbəbin heç biri lazım deyil. Terrorun səbəbi kim və nə olursa-olsun, bu terroru görməzdən gələnlər və ya həqiqəti olduğu kimi yox, yalan informasiya verənlər də az günah işlətmirlər”./

Google+ WhatsApp ok.ru