Sovetdən qalma bir təhsil bazamız var-ekspert

Sovetdən qalma bir təhsil bazamız var-ekspert

"Yeni Sabah"da "Azərbaycanda rektorlar universitetə şəxsi mülkləri kimi baxırlar" sərlövhəli məqalə diqqət cəlb edir.
 
Müəllif ölkə universitetlərinə hazırkı idarəçilik forması və müasir təhsil ənənələrinin mənimsənilməsi problemləri barədə təhsil sahəsi üzrə ekspert Kamran Əsədovla söhbətləşir.
 
Müəllif mövzunun aktuallığını son zamanlar bəzi universitetlərlə bağlı xoşagəlməz xəbərlərin sayının artması ilə əlqaələndirir.
 
Məsələ ilə bağlı "yeni sabah"a açıqlama verən təhsil eksperti Kamran Əsədov deyir ki, indi dünyanın bir çox ölkələrində ali təhsilin kütləviləşməsi, cəmiyyətin qloballaşması, İKT-nin təhsilə tətbiqi, biliklərin müxtəlif formalarda mübadilə imkanlarının artması və s. kimi inqilabi proseslər baş verir.
 
Amma ekspertin iddiasına görə, Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri bu tendensiyadan geri qalır: "Təəssüflər olsun ki, ölkədə fəaliyyət göstərən bir çox universitetlərin rəhbərləri 10-15 il rektor kimi otururlar və işlədikləri müəssisəyə öz şəxsi mülkləri kimi baxırlar. Rəhbərlik etdikləri dövrdə ali təhsil müəssisəsinin inkişafı üçün ciddi addım atmırlar. Yeni təyin olunan bəzi rektorlar isə işləməyə başladıqları yerdə əvvəlki kollektivlə problem yaşamağa başlayırlar. Bu, yaxşı hal deyil".
 
Ekspertə görə, Azərbaycan universitetlərində rəhbərlik mikromenecment yox, nanomenecmentlə məşğul olurlar: "Ancaq əslində rektorlar universitetlərin qlobal məsələləri, beynəlxalq əlaqələri, hədəf və strategiyaları, ciddi partnyorları ilə məşğul olmalıdırlar. Bu gün bizim sovetdənqalma təhsil bazamız var. Əksər rektorlar da həmən sistemin kadrlarıdır".
 
K.Əsədov hesab edir ki, bu səbəbdən ölkə universitetləri ali təhsil dünya universitetləri ilə rəqabət apara bilmir: "Əgər universitetlər inkişaf etmək və qlobal rəqabətdə qalib gəlmək istəyirlərsə, təhsilin keyfiyyətini daha da yüksəltməlidirlər, çünki təhsilin keyfiyyəti universitetlərin qlobal səviyyədə rəqabətə davamlılığının əsas indikatorudur".
 
Ekspert hesab edir ki, ali təhsildə daha bir zəif nöqtə Azərbaycan univeristetlərinin zəngin kitabxanaya malik olmaması, bu istiqamətə ayrılan vəsaitlərin mənimsənilməsidir.
 
K.Əsədovun sözlərinə görə, rəhbərə bağlılığın hakim olduğu şərq cəmiyyətində təhsilə rəhbərlik edən şəxsin keyfiyyətlərinin heç də az önəmli məsələ olmadığını vurğulayır, ayrı-ayrı təhsil müəssisələrinin uğurlarının əksər hallarda rəhbər şəxsin adı ilə bağlandığını bildirir.
 
Son olaraq isə ekspert ali təhsilə rəhbərlik edən şəxsin hansı keyfiyyətlərə malik olması barədə düşüncələrini açıqlayır. /contact.az /
 

Google+ WhatsApp ok.ru