`Sovetski`də gərginlik: Yasamal İcra Hakimiyyətinin özbaşınalığı sakinləri ayağa qaldırıb - FOTOLAR, VİDEO

Sovetski"də uzun müddətdir ki, müşahidə olunan sakitlik yenidən pozulub. Sakinlər Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələrinin xəbərdarlıq etmədən söküntü aparmasına etiraz edirlər. 
 
Musavat.com-un müxbiri “Sovetski”yə baş çəkərək, oradakı vəziyyəti işıqlandırıb. 
 
Sakinlər icra nümayəndələrinin özbaşınalığından və heç bir xəbərdarlıq etmədən, kompensasiya barədə razılığa  gəlmədən söküntüyə başlamasından  narazıdırlar: “Üçmərtəbəli binanın arxa tərəfini texnika ilə uçurmağa başlayıblar. Söküntüdən xəbərsiz olan sakinlər qorxuya düşüblər”.
 
“Sovetski” sakini Sədaqət Hüseynova baş verən hadisəni belə danışdı: “Bir neçə gün əvvəl icra nümayəndələri 1500 manatdan kompensasiyaları verəcəklərini dedilər. Biz isə bu məbləğə razı olmadıq. Onlar isə razı olmadığımız təqdirdə, gəlib binanı başımıza uçuracaqlarını dedilər. Onlara bildirdim ki, Hacıbala Abutalubov sakinlərin mənzillərinin ölçülməsinin düzgün aparılmasını və kompensasiyasının düzgün hesablanmasını tapşırıb. İcraçılardan Cavanşir adlı şəxs mənə dedi ki, Hacıbala kimdir? Sonra məni təhqir etdi”.
 
Söküntü hədəsi ilə qarşılaşan sakinlər DİN-nin "102" xidmətinə zəng vurub, hadisə ilə bağlı məlumat veriblər. Sədaqət Hüseynova deyir ki, şikayətimizi bildirdikdən sonra dərhal polis əməkdaşları gəldi və narahat olmamağımızı dedilər: “Bildirdilər ki, sizin evlərinizi sökməyə heç kimin ixtiyarı yoxdur. Lakin DİN əməkdaşları getdikdən sonra Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri binanın qarşısına tökülüşdülər və mənzili tərk etməyimizi istədilər. Biz isə mənzildən çıxmayacağımızı, ölsək belə burada qalacağımızı dedik. Bütün bunlara baxmayaraq, bir neçə fəhlə cəlb edib binanın arxa hissəsindən sökməyə başladılar. Bu zaman çölə çıxıb, etirazımızı bildirdikdən sonra icra nümayəndələri ərazini tərk etdilər". 
 
Şikayətçi deyir ki, mənzilini ölçərkən düzgün hesablama aparılmır: “Mənim mənzilim 70 kvadratmetrdir, icra nümayəndələri isə 63 kvadratmetr hesabladılar. Yaxınlarda icra başçısının qəbulunda oldum. İcra başçısı isə evimin 61 kvadratmetr olduğunu dedi. Bu ədalətsizliklə barışa bilmirəm. Tək mənim yox, bu küçədə yaşayanların da, mənzilində düzgün ölçü aparılmır". 
 
Şikayətçi Lətafət Sadıxova isə o, yatmış vəziyyətdə olarkən evinin sökülməsinə başlanıldığını bildirdi: “Günorta saatları idi. Səs-küyə oyandım. Binanın silkələndiyini hiss etdim. Pəncərədən baxanda gördüm ki, binanı sökürlər. Uşaqları qucağıma alıb, tez bayıra çıxardım. Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələrinin özbaşınalığının qurbanı ola bilərdi, mənim uşaqlarım... Xahiş edirik ki, aidiyyatı qurumlar bu özbaşınalığa son qoysun".
 
Qeyd edək ki, sözügedən bina söküntü zamanı qəzalı vəziyyətə düşüb. Sakinlərin şikayətindən sonra icra nümayəndələri sökdükləri hissəni tələsik düzəldiblər və bədbəxt hadisə yaşanmasını önləyiblər. 
 
Məsələ ilə bağlı Yasam Rayon İcra Hakimiyyətindən də mövqe öyrənməyə çalışdıq. Zülfü Adıgözəlov küçəsində yeni tikilidə yaradılmış idarədə vətəndaşların qəbulu şöbəsinə getdik. Lakin icra nümayəndələri bizə hazırda məşğul olduqlarını və bir qədər gözləməli olduğumuzu dedilər. Bir saata yaxın ərazidə olsaq da, İcra Hakimiyətindən heç kim suallarımızı cavablandırmadı. 
 
Onu da qeyd edək ki, söküntüsü həyata keçirilən bina 1911-ci ildə tikilib və arxitektura əhəmiyyəti olan binadır. Nazirlər Kabinetinin qərarı ilə tarixi abidə sayılan bu kimi qədim binaların sökülməsi qadağandır. 
 
Bakı Şəhər İcra Hakimiyyəti də “Sovetski”nin sökülməsi zamanı bu cür binalara toxunulmayacağını bildirmişdi. Lakin görünən odur ki, nə qanuna, nə də deyilən sözlərə əməl olunmur. 
 
 
 









 

Google+ WhatsApp ok.ru