`Sovetski`lilərin kompensasiya xəyalları

`Sovetski`lilərin kompensasiya xəyalları

Musavat.com-da "Söküntü, toz-torpaq, səs-küy və insanlar: "Sovetski"də həyat belə davam edir" sərlövhəli məqalədə paytaxtın mərkəzindəki söküntülərdən və insanların problemlərindən bəhs edilir.
 
Müəllif yazır ki, Bakının keçmiş "Sovetski" məhəlləsində söküntü işləri sürətlə davam edir. Hələ ki, məhəllədə, az da olsa, yaşayanlar var. Onlar da bu söküntülər zamanı kommunal xətlərin sıradan çıxmasından narazılıq edir.
 
Yazıda qeyd edilir ki, söküntü zamanı partlayan su boruları bəzi yerlərdə gölməçələr əmələ gətirib. Oradakı sakinlər isə su üzünə həsrət qalıb.
 
Sakinlərdən biri qəzetə dərdlərini belə anladıb: "Bizim evin ön, arxa və sağ tərəfindəki evlər sökülüb. Hətta evə bitişik mənzil də söküntüyə düşüb, növbəsini gözləyir. Bizim evlə bağlı isə bir söz demirlər. Adam buna görə narahat qalır, evdə körpə uşaq var, səs-küydən yata bilmir. Hava külək, hər yanda da söküntü gedir. Toz-torpaq içində qalırıq".
 
Yazıda deyilir ki, bəzi sakinlər köçürülməyəcəklərindən narahatdır. Bəziləri isə, hələ də, verilən kompensasiyaların azlığından narazıdır. Onlar deyir ki, verilən pula mənzil almaq mümkün deyil: "Manat dəyərdən düşüb. Bizə hər kvadratmetrə görə 1500 manat təklif olunur. Hər şey bahalaşıb. Evlər baha, qida baha, kommunal baha... Hər şeyin qiymətinin artdığı bir zamanda bizə verilən kompensasiya niyə artmır? Buna görə də, mən şəxsən o pula yaxın durmuram, heç yerə də getmirəm".
 
Sakinlər söküntü işlərinə polislərin cəlb edilməsindən də gileylənib: "Söküntüyə 20-30 polislə gəlirlər. "Sovetski"də terrorçu var? Nədən qorxurlar? Əgər camaatı razı salırsansa, deməli, qorxacağın da olmamalıdır". /

Google+ WhatsApp ok.ru