Soydaşlarımızın Gürcüstana axınının kökündə nə dayanır?

Biznesmenlər Gürcüstanı daha stabil iqtisadi mühit kimi qiymətləndirir

Gürcüstanın Daxili Işlər Nazirliyi cari ilin yanvar-avqust aylarında 931 min Azərbaycan vətəndaşının Gürcüstana səfər etdiyini bildirib. Məlumata görə azərbaycanlılar Gürcüstana gələn xarici ölkə vətəndaşları sırasında ikinci yeri tutur. Gürcüstan DIN-in məlumatında həmçinin bildirilir ki, səkkiz ayda Gürcüstana 3,9 milyon xarici vətəndaş gəlib. Onların 916 mini turist olub. Ölkəyə gələnlər arasında Türkiyə, Rusiya və Ukrayna vətəndaşları da çoxluq təşkil edib.
 
Məlumata görə turizm Gürcüstan iqtisadiyyatında mühüm yer tutur. Ölkənin turizm sektorundan əldə olunan gəlir ümumdaxili məhsulun 7 faizinə bərabərdir.
 
Soydaşlarımız Gürcüstana əsasən, turizm, müalicə, maşın ehtiyat hissələrinin alış-verişi və digər məsələləri reallaşdırmaq üçün üz tutur. Maraqlıdır, Azərbaycandan qonşu ölkəyə bu qədər axının kökündə daha nə durur? Nədən soydaşlarımız Gürcüstana səfər edən xaricilərin sırasında öncül yeri tutur?
 
Ekspertlərə görə, 2015-ci ilin fevralında baş verən devalvasiya prosesindən sonra ölkənin biznes mühitində olan iri şirkətlər, iri, orta və xırda iş adamları özlərinə təhlükəsiz məkan kimi Gürcüstanı seçiblər. Gürcüstanı daha stabil iqtisadi mühit kimi görən biznesmenlər, iqtisadi ehtiyatlarını ora köçürməyə başlayıblar:
 
“Axını xarakterizə edən rəqəm kifayət qədər yüksəkdir. Çünki Azərbaycanda biznes mühiti getdikcə daha çox daralmağa başlayır və bu mühitdə yalnız monopoliyalar, böyük pullar rol oynayır. Lakin təkcə Gürcüstana deyil, yaxın vaxtlarda MDB məkanına miqrasiya edən vətəndaşların, xüsusilə iş adamlarının sayı sürətlə çoxalmağa başlayacaq. Bu da obyektiv bir tendensiyadır. Biznes, böyük pullar təhlükəsiz mühitə can atır. Azərbaycanda isə bu mühit tamamilə təhlükəli bir həddə çatıb”.

Google+ WhatsApp ok.ru