Soyuq müharibə geri qayıdır

Soyuq müharibə geri qayıdır

-- Qərb mətbuatı rus diplomatlarının qovulmasını belə dəyərləndirdi

Dünya siyasi gündəminin əsas mövzusu Böyük Britaniyanın arxasınca Avropa Birliyinə daxil olan ölkələrin yarısının və bir sıra başqa dövlətlərin rusiyalı diplomatları ölkələrindən qovmasıdır.
 
Qərb mətbuatı bir ağızdan soyuq müharibənin geri döndüyünü car çəkir.
 
“Səfirlər gedir” - Böyük Britaniyanın “The Times” qəzetinin manşeti belə olub.
 
“Tarix təkrarlanır: Qərbin Rusiyanın NATO ərazisində kimyəvi silah işlətməsinə görə hiddətlənərək birlikdə hərəkət etməsi üçün çox vaxt tələb olunmadı. Bu, həm də baş nazir Tereza Meyin diplomatik zəfəridir. Putinin məqsədi isə dünyanın liberal demokratiyalarının ünvanına yönəlik təxribatlarla onlar arasında parçalanma yaratmaqdır”, - qəzet yazır.
 
Məqalədə son hadisə nəticəsində Ruisyadan gələ biləcək informasiya axınlarının azalacağı etiraf edilir. Bundan başqa, mədəniyyət sahəsində mübadilə üçün ciddi əngəllər yaranacağı qeyd olunub. “Hər halda bu tədbirlər Putinə soyuq müharibə stilində güc tətbiqinə yol verilməyəcəyini və alyansı parçalaya bilməyəcəyini göstərmək üçündür”, - yazıda vurğulanır.
 
ABŞ-ın The Wall Street Journal qəzeti isə casus kitablarının məşhur müəlliflərindən sayılan Con Lekarrenin romanlarından götürülən sətirlə başlayır: “Soyuğa geri dönən casuslar”.
 
Qəzet müəllifinin fikrincə, bütün bu tədbirlərin rus oliqarxlarının xaricdəki pullarına dəymədiyi müddətcə mənası yoxdur.
 
“Putinin əsl zəif nöqtəsi onun dostları vasitəsilə dünyada saxladığı nağd pullar və başqa aktivlərdir. NATO ölkələrindən bəziləri bu zəif yeri tutmağı və ondan necə istifadə etməyi gözəl bilir”, - məqalədə yazılıb.
 
Yazıda Birliyə daxil olan ölkələrin heç də hamısının həmrəyliyə qatılmadığı qeyd edilir:
 
“İtaliya çətin ki, Rusiyaya qarşı sansksiyaların genişləndirilməsində iştirak etsin. Rusiya diplomatlarını ölkədən qovan Almaniya isə Putinə Mərkəzi Avropaya şantaj tətbiq etməsinə imkan verəcək bir layihəyə, Baltik dənizindən qaz kəmərinin çəkilməsinə kömək göstərir”.
 
Yazıda Putinin cəzalandırılmasının labüd olduğu qənaəti hasil olur:
 
“Putin yükdək bədəl ödəmədiyi təqdirdə öz aqressiv davranışlarından vaz keçməz”.
 
“Nəhayət ki, Rusiyaya qarşı dişəbatan tədbir görüldü, lakin bu hələ azdır”, - “The New York Times” qəzetinin redaksiya şərhində belə yazılıb.
 
Yazı müəlliflərinin fikrincə, bu addımı prezident Donald Tramp əslində çoxdan atmalıydı. Bununla o, Rusiya ilə bağlı şübhələri üzərindən götürmək şansı qazanardı.
 
“Tramp Rusiya oliqarxlarına qarşı da ciddi sanksiyalar tətbiq etməlidir. Bunların içində onların aktivlərinin dondurulması, qlobal bank sistemlərindən istifadə etməyin qadağan olunması, oliqarxların övladlarına qərb məktəblərində təhsil almasının yasaqlanması kimi tədbirlər də var. Bununla Putinin dostları ABŞ-ın gücünün radiusunu öz üzərlərində hiss etmiş olarlar və bu da onları Kremlin sahibinin aqressiyasını azaltmaq üçün ona təsir göstərməyə məcbur edər”, - yazıda qeyd olunub.
 
“The Washington Post” da eyni ideyanı müdafiə edir: “Rusiyalı diplomatların qovulması birinci addımdır, lakin, deyəsən, bu elə birinci addım olaraq qalacaq. Çünki bu cür tədbirlər Putinin hakimiyyətinin güc aldığı əsas bazasına toxunmadığı üçün Kremlin sahibi etinasız halda çiyinlərini çəkməkdə davam edəcək”.
 
Yazıda Rusiyanın əlində internetdə fəaliyyət göstərən haker və trollar ordusu, habelə bu cür əməliyyatları maliyyələşdirən nazirlər və biznesmenlər, o cümlədən ABŞ-ın Suriyadakı qüvvələrinə hücum edə biləcək dərəcədə qeyri-nizami qoşunları olduğu vurğulanır. “Putin rejimin həqiqi fundamenti budur, onlara heç toxunulmayıb.
 
Putini durdurmaq lazımdır. Lakin bir neçə diplomatın qovulması önəmli addım olsa da bəs etmir”, - məqalədə yazılıb.(Musavat.com)
 

Google+ WhatsApp ok.ru