İsrail əməliyyat adlarını Tövrat mətnlərindən seçir

İsrailin fələstinlilərə qarşı keçirdiyi əməliyyat adlarının əsgərləri motivasiya etmək məqsədi ilə Tövratdan seçildiyi və dini mesajlar daşıdığı bildirilir. 
 
"Qurğuşun", "İsti qış", "Bulud sütunu", "Yaz yağışı", "Payız buludları" və son olaraq da qaçırıldığı iddia edilən itkin 3 yəhudinin tapılması üçün İsrail tərəfindən davam etdirilən "Qardaşların evə dönüşü" əməliyyatı şəklində verilən adların təsadüfi qoyulmadığı deyilir.
 
Maide.az-ın məlumatına görə, Qəzzadaki əl-Ümmə Universiteti Ədəbiyyat Fakültəsinin dekanı Adnan Əbu Amir İsrail ordusunda "Mənəviyyat idarəsi" və ya "Psixoloji müharibə idarəsi" adlı hissələrin olduğunu vurğulayaraq, bu idarələrin vəzifələrindən birinin təşkil ediləcək əməliyyatlara ad vermək olduğunu söyləyib.
 
İsrailin fələstinlilərə qarşı əməliyyatlarında təyin etdiyi adların dini və siyasi mesajlar daşıdığına və Tövrat mətnlərindən seçildiyinə diqqəti çəkən Əbu Amir, "İsrail ordusunda hərbi əməliyyatlar təşkil edən qüvvələr dini cameədən kömək almağa başlayıb. Əməliyyat adları Tövrat mətnlərindən seçilir. Tövrat ya da Talmuddan alınan dini məzmunlu adlar əsgərləri ilahi bir vəzifə icra etdikləri istiqamətində razı salmış olur", - deyib.
 
Qardaşların evə dönüşü
 
Əbu Amir son olaraq itkin düşmüş 3 yəhudi gəncin tapılması üçün icra edilən əməliyyata "Qardaşların evə dönüşü" adının verilməsinin dini və siyasi ölçüsünün olduğunu söyləyərək, "əməliyyat adları dini arqumentlərlə İsrail əsgərlərini ruhlandırmaq, fələstinliləri isə qorxutmaq niyyəti ilə seçilir" deyib.
 
Tövratın, "Gecə gündüz irəliləmələri üçün Rəbb gündüz bir bulud sütunu içində yol göstərərək, gecə bir atəş sütunu içində işıq verərək onlara rəhbərlik edirdi" təfsirindəki ifadələrə işarə edən Əbu Amir, "2012-ci ilin noyabrında Qəzzaya qarşı hücuma "Bulud sütunu" adı verilmişdi. Bu ifadə Misirdə Firondan qaçan yəhudilərə Allahın düz yola doğru getmələrinə icazə verdiyi şəklində şərh olunur. Ancaq Allah yollarını itirməmələri üçün onları istiqamətləndirdi. Kənan bölgəsinə çatana qədər buludların onlara yoldaşlıq etdiyi, üsyan və ya çıxılmaz durumlarda belə onları bir an da tək qoymadığı istiqamətində təfsir edilir", - deyə vurğulayır.  
 
"Əməliyyat adları ilə əsgərləri hərəkətə keçirməyi hədəfləyirlər"
 
İsrail mütəxəssisi Antoine Şalhat isə əməliyyat adlarının sadəcə bir addan ibarət olmadığını, bunların vasvası bir araşdırma nəticəsində seçildiyini deyir: "Hər əməliyyat xüsusi olaraq adlandırılır, hamısı da aktual gündəmə xidməti hədəfləyir. Adlandırmaların çoxu Tövrat mətnlərinə istinad edilir. Din faktoru ordunun fələstinlilər əleyhində təşkil etdiyi əməliyyatlarda əhəmiyyətlidir. Bu səbəbdən əməliyyat adları ilə əsgərləri hərəkətə keçirməyi hədəfləyirlər. Əsgərlər Talmuta istinad olunan dini fikirə xidmət etdiyini düşündükləri üçün qətliam törədərkən qadın, uşaq ayrı-seçkiliyi aparmırlar".
 
İsrailin fələstinlilərə qarşı təşkil etdiyi əsas əməliyyatlar isə bunlardır: 
 
"Müdafiə qalxanı"
 
İsrail tərəfindən fələstinlilərə qarşı 2002-ci ilin aprelində təşkil edilən bu əməliyyatda 29 İsrail əsgəri öldüyü halda, 200-dən çox dinc fələstinli öldürülmüşdü. Təxminən 5 min fələstinlinin əsir alındığı əməliyyat İsrailin 1967-ci ilin iyunundan bu yana İordan çayının Qərb sahilində təşkil etdiyi hücumların ən qanlıları arasında sayılır.
 
"Yaz yağışı"
 
Fələstin müqavimət qruplarının 25 iyun 2006-cı ildə İsrail əsgəri Gilad Şalidi əsir almasından 2 gün sonra İsrail Qəzzaya qarşı başlatdığı əməliyyata "Yaz yağışı" adını vermişdi. Həmas 19 oktyabr 2011-ci ildə 5 il məhbus saxladığı Şalidə qarşılıq İsrail həbsxanalarındakı minlərlə məhbusun arasından 1027 nəfərin azad edilməsini təmin etmişdi.
 
"Payız buludları" 
 
İsrailin Qəzzaya təşkil etdiyi sözügedən hərbi əməliyyatda 78 fələstinli öldürülmüşdü. 2006-cı ilin noyabrında təşkil edilən "Payız buludları" əməliyyatında eyni ailədən 18 nəfərin ölümü dünya gündəmini silkələmişdi.
 
"İsti qış"
 
Fələstinli müqavimət qruplarına qarşı təşkil edilən 2007-2008-ci il əməliyyatlarında 120 dinc fələstinli öldürülmüş, 350-dən çox adam yaralanmışdı. Uzun sürən qarşıdurmalar zamanı İsrail ordusu əməliyyatları "Evdən evə döyüş", "Borcun ödənməsi", "Azı dişinin çəkilməsi" şəklində adlandırmışdı.
 
"Qurğuşun"
 
İsrail 27 dekabr 2008-ci ildə başlatdığı və 18 yanvar 2009-cu ildə başa çatan əməliyyatı, "Qurğuşun" adlandırmışdı. Əməliyyatda minlərlə insan ölmüş və yaralanmışdı. Əməliyyat zamanı Qəzzada yaşayış məskənləri dağıdılmış, bölgənin infrastrukturu böyük ciddi şəkildə zərər görmüşdü. 
 
"Bulud"
 
2012-ci ilin noyabrında 8 gün davam edən bu əməliyyatda isə yüzə yaxın adam öldürülmüş və yaralanmışdı. 

Google+ WhatsApp ok.ru