İsraildə aclıq aksiyası keçirən fələstinli məhbusların sayı iki günə 400 nəfərə çatıb

İsraildə aclıq aksiyası keçirən fələstinli məhbusların sayı iki günə 400 nəfərə çatıb

İşğalçı İsrail rejim zindanlarında saxlanılan fələstinli siyasi məhbusların bazar ertəsi günündən başlamış kütləvi aclıq aksiyasının miqyası böyüyərək 400 nəfəri əhatə edib.
 
Maide.Az "Felestin.info-a istinadla xəbər verir ki, kütləvi aksiya Nəqəb, Rəmon, Nəfhə, Eşel, Ofer, Gilboa və Megiddo həbsxanalarında keçirilir.
 
Kütləvi aclıq aksiyasına qoşulanların sayının hər keçən gün daha da artacağı istisna edilmir. Belə ki, "Şərəf döyüşü 2" adlandırılan aksiyaya hər gün müxtəlif həbsxanalardan məhbuslar qoşulur.
 
Fələstinli Məhbuslar Cəmiyyətinin bildirdiyinə görə, siyasi məhbusların haqlı tələblərinin yerinə yetiriməsinə nail olmaq üçün İsrailin penitensiar xidmət rəsmilərilə Misir nümayəndələri arasında danışıqlar davam etdirilir. Lakin danışıqların əsasən uğursuz olduğu bildirilir.
 
Aclıq aksiyası keçirən məhbusların əsasən dörd tələbi var: Birincisi, məhbuslara öz ailə üzvlərilə əlaqə saxlamağa icazə verilməsi və bu məqsədlə həbsxanada ümumi telefon aparatının quraşdırılması; ikincisi, həbsxana daxilində radio siqnalları bloklayan qurğuların ləğv edilməsi. Bu qurğuların məhbusların səhhətinə son dərəcə ağır təsir göstərdiyi bildirilir; üçüncü tələb xüsusilə Qəzzadan olan məhbuslara ailə ziyarətlərinə icazə verilməsi; dördüncüsü isə həbsxana daxilində fələstinli məhbuslara qarşı hər cür yeni və köhnə cəza tədbirlərinə son qoyulması.
 
Qeyd edək ki, işğalçı rejim fəlsətinli məhbusların tələblərini yerinə yetirməkdən imtina etdiyi üçün dünən HƏMAS-ın hərbi qanadı olan "İzzəddin əl-Qəssam" briqadası İsrailə xəbərdarlıq edib. Hərbi təşkilatın mətbuat katibi Əbu Ubeydə sosial şəbəkə vasitəsilə yaydığı məlumatda vurğulayıb ki, İsrail fələstinli məhbuslara qarşı zorakılıqları davam etdirəcəyi təqdirdə HƏMAS-ın girovluğunda olan israilli məhbuslara qarşı da eyni cür rəftar olunacaq. Bunun üçün əl-Qəssam rəhbərliyi təşkilatın xüsusi təyinatlı "Kölgə" birliyinə xüsusi göstəriş verib.

Google+ WhatsApp ok.ru