İsrail qətlə yetirdiyi fələstinlilərin cənazələrini qaytarmayacaq

Mövzu barədə sionist rejim silsilə qərarlar qəbul edib 
İslamazeri.az-ın "Sputniknews"-a istinadən verdiyi xəbərə görə, İsrail rəhbərliyi dəfn mərasimlərinin aksiyalara çevrilməsinə mane olmaq məqsədilə fələstinlilərin cənazələrini ailələrinə verməyərək hərbi məzarlıqlarda dəfn etmək qərarına gəlib.
İsrail polisinin mətbuat katibi Lupa Samri tərəfindən verilən yazılı açıqlamada dünən dövlət təhlükəsizlik naziri Gilad Erdanın israillilərlə qarşıdurmalarda ölən fələstinlilərin cənazələrinin ailələrinə verilməməsini nəzərdə tutan təklifin Nazirlər Kabineti tərəfindən qəbul edildiyi qeyd olunub.
Qərara görə, polis və əsgərlər tərəfindən öldürülən fələstinlilər İsraildəki hərbi məzarlıqlarda dəfn olunacaq. Dünən İsraildə nazirlər və yüksək rütbəli hərbçilərin iştirakıyla keçirilən iclasda bir sıra qərarlar qəbul olunub.
Qəbul olunan yeni qərarlara əsasən İsrail polisi istədiyi vaxt Qüdsdə yolları bağlaya və istədiyi yerləri mühasirəyə ala biləcək. Bundan başqa, israilli mülki vətəndaşlara hücumlar təşkil edən fələstinlilərin evləri söküləcək, yerində yeni evin inşa olunmasına icazə verilməyəcək və onların mülkiyyəti müsadirə ediləcək. /

Google+ WhatsApp ok.ru