Sürücülərin nəzərinə: Avtomobilləri onlayn diaqnostika etmək mümkün olacaq

Azərbaycanda "CarDoctor" - nəqliyyat vasitələrinin onlayn diaqnostikası sistemi işə salınacaq. Bunu Trend-ə layihənin rəhbəri Azər Əliyev deyib.
 
Onun sözlərinə görə, 2015-ci ilin I rübündə yeni xidmətdən istifadə etmək mümkün olacaq. "CarDoctor" sistemi internet şəbəkəsi vasitəsilə avtomobilin diaqnostikasını həyata keçirməyə imkan verən proqram-aparat kompleksidir. Avtomobildəki nasazlıq haqqında informasiya SMS-lə avtomobil sahibinə və elektron ünvanına göndərilir. Bundan başqa, informasiyanı Web-interfeys üzrə əldə etmək mümkün olacaq.
 
Layihə çərçivəsində "qaynar xətt"in yaradılması da nəzərdə tutulur. "Qaynar xətt" vasitəsilə avtomobil sahibini maraqlandıran texniki məsələlər üzrə pulsuz məsləhətlər almaq mümkün olacaq.
 
A.Əliyev qeyd edib ki, yeni sistem avtomobillərin bahalı diaqnostika sistemini əldə etmək imkanı olmayan bölgə mütəxəssisləri üçün də faydalı ola bilər. Layihə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitləri hesabına reallaşdırılır.
 
Layihənin birinci mərhələsinin reallaşdırılmasına Fonddan 20 min manat ayrılıb. Bu vəsait sistemin proqram tərkibinin və "CarDoctor" qurğusunun prototipinin hazırlanmasına xərclənəcək.
 
O, əlavə edib ki, Fondun kredit qismində əlavə maliyyələşməsini qurğuların kütləvi istehsalına başlamaq, marketinq və satışın təşkili üçün cəlb etmək planlaşdırılır.
 
Layihə rəhbəri deyib ki, ilkin mərhələdə qurğunun istehsalı ölkə hüdudlarından kənarda nəzərdə tutulur, gələcək buraxılış mərhələləri isə Azərbaycanda təşkil ediləcək. Hazırda qurğunun prototipinin və proqram tərtibatının hazırlanması prosesi yekun mərhələdədir.
 
İlkin mərhələdə bazara qurğuların iki modelini - "CarDoctor" və "CarDoctor-Pro"nu təqdim etmək planlaşdırılır. "CarDoctor+" qurğusu yalnız avtomobilin diaqnostikasını aparmağa imkan verən ilkin versiyadır, "CarDoctor-Pro" peşəkar versiyasının funksiyaları isə geniş olacaq ki, bu da A.Əliyevin fikrincə, avtoservis xidmət mərkəzlərini maraqlandıra bilər.
 
Onun sözlərinə görə, "CarDoctor+"un bazar qiyməti təqribən 30 manat, "CarDoctor-Pro"nun isə təqribən 100 manat təşkil edəcək: "Kommersiya satışına başlamaq üçün bir neçə variant nəzərdə tutulub - qurğunun tam dəyərinin ödənilməsi, kredit və subsidiya əsasında ödəniş. Sonuncu variant mobil rabitə operatorlarının iştirakı ilə reallaşdırıla bilər. Layihə mobil rabitə operatorlarına abonent bazasının genişləndirilməsi baxımından maraqlı ola bilər".
 
A.Əliyev bildirib ki, diaqnostika xidməti pulsuz əsasda göstəriləcək. Avtomobil istehsalçılarının diaqnostika proqramının lisenziya versiyaları və GPS kanallarından istifadə imkanları qurğunun peşəkar versiyasına yerləşdirildiyinə görə bu qurğuların istifadəçiləri mobil operatorun məlumatların ötürülməsi xidməti üçün müəyyənləşdirdiyi tarif üzrə ödəniş edəcəklər.

Google+ WhatsApp ok.ru