Sürücülük vəsiqəsinin verilməsi nəzarətə götürüldü

Ötən saylarımızda "10 nəfərdən 7-si "prava"nı satın alır" adlı yazı dərc etmişdik. Məqalədə ölkədə baş verən yol-qəza hadisələrinin günbəgün artmasının səbəblərini araşdırmağa çalışmışdıq.
 
40 illik təcrübəsi olan sürücü qəzaların çoxalmasına səbəb kimi ölkədə savadsız sürücülərin sayının artdığını əsas gətirmiş, sürücülük vəsiqələrinin əksər hallarda pulla satın alındığı barədə subyektiv fikirlərini bizimlə bölüşmüşdü. Sürücü ilə söhbətdən belə məlum olurdu ki, ətrafında vəsiqəni pulla alan xeyli insan tanıyır. O, eyni zamanda hesab edirdi ki, sürücülük imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında verilsə, vəsiqəni isə test imtahanlarından uğurla keçənlər ASAN xidmətdən alsalar, neqativ hallar ortadan qalxar, nəticə etibarilə ölkədə savadlı sürücülərin sayı artar, beləliklə, yol-qəza hadisələri də minimuma enər. Başqa bir sürücü isə özü şəxsən sürücülük vəsiqəsini satın aldığını etiraf edirdi. Yazıda test imtahanlarını uğurla verib vəsiqə qazanan iş yoldaşım və özümü də misal gətirmişdim. Beləliklə, balansı qorumuşdum. Yəni bu o demək deyil ki, ölkədə hər kəs rüşvət verməyə meyllidir və ya hazırdır. Sürücülük vəsiqəsini bizim kimi vicdanla alanlar da var...
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadə redaksiyaya zəng edib qaldırdığımız məsələnin təmsil etdiyi qurumda diqqət çəkdiyini, problemi araşdırmaq niyyətində olduqlarını bildirdi. Cənab Mansurzadə toxunduğumuz mövzuya nazirlikdə olduqca həssas yanaşdıqlarını, bu sahədə problemi aradan qaldırmaq istəyində olduqlarını dedi.
 
Məsələyə yüksək qurumdan reaksiya təqdirəlayiqdir. Eyni zamanda nazirliyin problemin həlli üçün səfərbər olması da qürurvericidir. DİN-dəki həmkarım dedi ki, bundan əvvəl də təmsil etdiyi qurumun strukturlarındakı neqativ hallara dair oxşar yazılar olub və nazirlik tərəfindən araşdırılaraq, tədbir görülüb: "Əgər vətəndaş mövqeyi göstərilirsə, biz onu niyə alqışlamayaq, niyə belə təşəbbüslərə biganə qalaq? Qaldırdığınız məsələ diqqətəlayiqdir, problem kimi də yaxşı toxunmusuz. Əgər adi taksi sürücüsü bu problemdən danışa bilirsə, biz niyə bu dövlətin məsələlərinə susmalıyıq? İstəyirik ki, öz tərəfimizdən müəyyən araşdırma aparaq, əgər kimlərinsə günahı varsa, cəzalandırılsın. Bəzən deyirlər ki, yazırlar, heç fikir verən yoxdur. Əgər müəyyən şəxslər vəzifələrinin icrasına məsuliyyətsiz yanaşıbsa, neqativ əməlləri olubsa, niyə bu məsələnin üstünə gedilməsin? Siz özünüz də bu prosesdə yaxından iştirak edə və müşahidə apara bilərsiz. Biz mətbuata həmişə açığıq. Qaçacaq bir yerimiz də yoxdur. Suallarınızı həmişə cavablandırmağa hazır olan bir düjün mətbuat xidməti əməkdaşlarımız var. Sizin işiniz yazmaqdır, bizimki araşdırmaq. Çox adam çox söz deyir, amma rus demişkən "ne poyman, ne vor". Ona görə də araşdırmaq istəyirik. Amma biz bunu hansısa taksi sürücüsünün yaxasından yapışmaq səviyyəsinə endirmək niyyətindən uzağıq. Siz ortaya tədqiqat qoymusuz, biz də nazirlik olaraq oradakı faktları araşdırmaq niyyətindəyik. Çalışırıq ki, belə problem varsa, aradan qaldıraq".
 
Mən də öz növbəmdə nazirliyin bu məsələnin həlli yönündə qərarlı olduğunu alqışlamaqla mövqeyimi ifadə elədim və bu niyyətə dəstək olaraq produktiv bir təklif verdim. Fikrimcə, sürücülük vəsiqələrinin əldə olunmasında şəffaflığa və neqativ halların aradan qaldırılmasına bu qədər istək varkən Dövlət Yol Polisinin İmtahan Qeydiyyat İdarəsində baş tutan test imtahanlarını müşahidə etmək ən yaxşı tədqiqat mövzusu ola bilər. Sonra həmin imtahanın nəticələrini əvvəlkilərlə müqayisə edərək təhlilini ortaya qoymaqla cəmiyyətdə yaranan suallara da cavab vermiş olarıq.  Bununla yanaşı, imtahanların keçirildiyi zallarda kamera sistemi də mütləq vardır. Bəlkə onların da təhlilinə ehtiyac olacaq. Neqativ hallar aşkarlanarsa, nazirliyin tədbir görəcəyindən şübhəm yoxdur. Sağ olsun, həmkarım mənim təklifimi bəyəndi: "Vətəndaş və jurnalist kimi bunları istəmək haqqınızdır. Biz şəffaflıqdan danışırıq, ölkədə ASAN xidmət kimi gözəl təcrübə, korrupsiyaya qarşı mübarizə tədbirləri var. Özünüz də görürsüz ki, mətbuatda yazılanlara bizim nazirliyin rəhbərliyi səviyyəsində ciddi münasibət göstərilir. Odur ki, qəzet olaraq təklifinizi nazirliyə ünvanlaya bilərsiz".   
 
İnsafən tənqidi yazılardan DİN-də incimirlər, anlayışlı davranırlar. Çünki onlar bizim toxunduğumuz problemləri bizdən də yaxşı bilirlər. Hətta bəlkə də nəyisə səthi yazanda "hələ siz nə bilirsiz", deyə bizə gülürlər. Xatırlayıram ki, söhbətigedən yazının müəllifi kimi mənim bir sıra yazılarıma nazir səviyyəsində reaksiya olub və problemə həssas yanaşılıb. Xarici pasportların alınmasında bürokratik əngəllərə görə bir neçə məmur işdən çıxarıldı və ya vəzifəsi aşağı salındı. Sevindiricidir ki, ortada hər hansı rəsmi müraciət olmadan da DİN KİV-də yer alan belə yazılara diqqət yetirir və problemi araşdıraraq həllinə çalışmaq niyyətindədir.
 
Əslində biz aksenti kimlərinsə işdən çıxarılması məsələsinin üzərinə salmırıq. İşdən azad edilmə problemin həlli deyil və cəmiyyətə nəsə verəcəyini düşünmürük. Problem mövcuddursa, onun kökündən həlli şərtdir. Yazıda səsləndirilən fikirlər, prosedur qaydalarının dəyişməsi üçün deyilən təkliflər şəffaflığa xidmət edər. Ölkədə avtomobil sahəsindəki yeniliklərə dövlət başçısı vaxtaşırı özü imza atır. Məsələn, avtomobillərin texniki müayinəsindəki bəzi dəyişikliklər müsbət addım kimi dəyərləndirilir. Məntiqlidir ki, yeni avtomobillərin texniki baxışa ehtiyacı yoxdur. Ya da hələ 10 yaşı tamam olmayan nəqliyyat vasitələrinin bir ildən bir texniki baxışdan keçməsi çox normal bir qərardır və Prezident bu yeniliyi özü təsdiqləyib. Baxmayaraq ki, ölkədə xeyli yeni avtomobil var və onların yol vergisi, dövlət rüsumundan azad olmaları büdcəyə xeyir gətirmir. Bununla belə vətəndaş cəmiyyətinin mövqeyi nəzərə alınaraq addım atılır.
 
Təcrübə göstərir ki, sürücülük vəsiqələrinin alınması və ya texniki baxışdan keçmə indiki qaydada özünü doğrultmur. Məşhur bir sitatda deyilir ki, "əgər siz nəyisə xoşlamırsızsa, onu dəyişin. Əgər dəyişə bilmirsinizsə, ona mövqeyinizi dəyişin". Demokratik bir ölkə üçün ikinci istisnadır. Demək biz xoşlamadığımızı dəyişməliyik. Bizimyol.info/


 

Google+ WhatsApp ok.ru