Sürücülük vəsiqələri ilə bağlı XƏBƏR - Dəyişikliklər olacaq

Sürücülük vəsiqələri ilə bağlı XƏBƏR - Dəyişikliklər olacaq

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.
 
Maide.Az "Trend"-ə istinadla xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
 
Qərarla sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi təsdiq edilib.
 
Həmçinin Traktorları və kənd təsərrüfatı texnikası hesab edilən digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini təsdiqləmək Kənd Təsərrüfatı Nazirliyinə (Daxili İşlər Nazirliyi ilə razılaşdırmaqla) həvalə olunub.
 
Motosikletləri, kvadrisiklləri, trisiklləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün sürücülük vəsiqəsi 85,60 millimetr x 53,98 millimetr ölçüdədir.
 
Vəsiqənin üz tərəfinin yuxarı sol küncündə ellips işarəsi daxilində Azərbaycanın beynəlxalq yol hərəkətində fərqlənmə nişanı – “AZ” yazılır, onun altında dövlət bayrağının rəngli təsviri verilir, sağında “Azərbaycan Respublikası”, həmin sözlərin altında “Sürücülük vəsiqəsi” sözləri yazılır.
 
Vəsiqənin aşağı sağ küncündə elektron daşıyıcının mövcudluğunu göstərən xüsusi işarə təsvir olunur, yuxarı sağ küncündə müxtəlif rakurslar altında rəngini dəyişən təhlükəsizlik elementi ilə hazırlanmış Azərbaycanın xəritəsinin təsviri verilir, sol tərəfində 6 rəqəmi ilə nömrələnmiş vəsiqə sahibinin 26 millimetr x 22 millimetr ölçüdə fotosu üçün yer nəzərdə tutulur və fotonun altında 7 rəqəmi ilə nömrələnmiş vəsiqə sahibinin imzası əks olunur.
 
Orta hissədə 1., 2., 3., 4a., 4b., 4c., 4d., 5., 8. və 9. rəqəmləri yerləşdirilir və həmin rəqəmlərdə vəsiqə sahibinin soyadı, adı və atasının adı, doğulduğu tarix və yer, vəsiqənin verildiyi tarix, vəsiqənin etibarlılıq müddətinin qurtardığı tarix, vəsiqəni vermiş qurumun adı, vəsiqə sahibinin fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi, vəsiqə sahibinin yaşayış yeri, vəsiqə sahibinin idarə etmək hüququna malik olduğu nəqliyyat vasitələrinin kateqoriyaları (altkateqoriyaları) qeyd olunur.
 
Vəsiqənin arxa tərəfinin sol tərəfində – 1. Soyadı, 2. Adı və atasının adı, 3. Doğulduğu tarix və yer, 4a. Vəsiqənin verildiyi tarix, 4b. Etibarlıdır, 4c. Vəsiqəni vermiş qurumun adı, 4d. Fərdi identifikasiya nömrəsi, 5. Vəsiqənin nömrəsi, 6. Fotoşəkil, 7. Vəsiqə sahibinin imzası, 8. Yaşayış yeri, 9. Kateqoriyalar (altkateqoriyalar), 10. Verildiyi tarix, 11. Etibarlılıq müddəti, 12. Əlavə məlumat və ya məhdudiyyətlər, 14. Digər qeydlər sözləri yazılır.
 
Sağ tərəfdə sütunları 9, 10, 11 və 12 rəqəmləri ilə işarələnmiş cədvəl əks olunur, 9 nömrəli sütunda kateqoriyalara (altkateqoriyalara) və hər bir kateqoriyalara (altkateqoriyalara) aid nəqliyyat vasitələrinin növlərini bildirən piktoqramlar göstərilir. Cədvəlin alt hissəsində digər məlumatların əks olunması üçün 14 rəqəmi ilə nömrələnmiş sətir nəzərdə tutulub.
 
Vəsiqənin daxilində təmassız oxuna (yazıla) bilən elektron daşıyıcı (çip) yerləşdirilib. Məlumatlar həmin elektron daşıyıcıya (çipə) rəqəmsal formatda kodlaşdırılaraq yazılır.
 
Elektron daşıyıcıya (çipə) məlumatlar Azərbaycanın dövlət dilində və ingilis dilində köçürülür.
 
Vəsiqədə Azərbaycanın dövlət bayrağı və xəritəsi, fon şəkli olaraq dövlət gerbi, tarixi abidələri və milli naxışları təsvir olunur.
 
 

 

Google+ WhatsApp ok.ru