`Statistika komitəsinin rəqəmləri reallığı əks etdirmir`

`Statistika komitəsinin rəqəmləri reallığı əks etdirmir`

"Yeni Müsavat" qəzetində "Statistika Komitəsinin rəqəmləri reallığı əks etdirmir" sərlövhəli məqalə diqqət çəkir.
 
Yazıda vurğulandığına görə, komitənin göstəricilərində bildirilir ki, 2107-ci ilin ilk yarısında ölkədə 31 milyard 310.6 milyon manat ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Dövlət Komitəsi bu göstəricini ötən ilin birinci yarısı ilə müqayisədə (27 milyard manat) "kəskin artım" adlandırır.
 
Müəllif yazır ki, komitənin bu son göstəriciləri ölkə iqtisadiyyatının tənəzzül dövründən çıxdığını deməyə əsas verir. Ancaq iqtisadçılar bu mövqeyi heç də bölüşmürlər.
 
Ekspert Natiq Cəfərli deyib ki, ölkədə real iqtisadi durum komitənin göstəricilərindən fərqlidir:
"Bu, çox nikbin rəqəmlərdir, lakin məlumatda ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM-in hansı səviyyədə olması ilə bağlı ümumi nəticəyə gəlinməyib. Hesablamalar isə göstərir ki, təqribən 1 faiz azalma müşahidə olunub".
 
N.Cəfərli vurğulayıb ki, bu ilin yanvar-may aylarında rəsmi rəqəmlərə görə, ÜDM-in həcmində 0.9 faiz azalma olmuşdu. May ayından sonra neftin qiymətində də azalma olduğundan ÜDM-də azalma arta bilər.
 
Ekspert bildirib ki, rəsmi qurum vətəndaşı yanıldır:
"Qeyri-neft sektorunda 1.7 faiz artım olduğu bildirilir. Ancaq bu, çox aşağı bir göstəricidir. Çünki qeyri-neft sektorunun bütünlükdə iqtisadiyyatda payı çox aşağıdır. Neft sektorunda isə ümumdaxili məhsulda 6.6 faiz azalma baş verib, bu, çox ciddi bir azalmadır".
 
N.Cəfərli deyib ki, real gəlirlər baxımından da artım yoxdur:
"Azərbaycan əhalisinin real gəlirləri bu ilin ilk 6 ayı ərzində 6.7 faiz artıb. Bu artım nominal olaraq hesablanıb. Ancaq reallıqda isə gəlirlər azalıb. Çünki rəsmi inflyasiya 14 faizdirsə, inflyasiya nominal artımı, obrazlı desək, "yeyib"". /

Google+ WhatsApp ok.ru