Statistikanın reallığı əks etdirməməsi problemi

Statistikanın reallığı əks etdirməməsi problemi

"Modern.az"da  "Mövsümi məhsullar niyə bahalaşır?" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif ölkənin bazarlarında mövsümi məhsulların bahalaşması səbəblərinə deputat Əli Məsimli ilə aydınlıq gətirmək istəyir.
 
Müəllif deyir ki, hazırda ölkənin istehlak bazarında hiss olunmayan tempdə bahalaşma gedir, belə ki, məhsulun qiyməti hər gün 3-5 qəpik artır, amma nəzərə çarpmır, elə ki, bu ay alınan ərzaq və məhsulların qiymətləri ötən ayın qiymətlərilə müqayisə olunur, o zaman bahalaşma hiss edilir.
 
Əli Məsimli sayta xatırladır ki, Dövlət Statistika Komitəsinin bu il üçün göstəriciləri əvvəlki illərlə müqayisədə bu il inflyasiyanın səngidiyini göstərir.
 
"Rəsmi məlumata görə, 2017-ci ilin birinci yarısında qiymətlər 2016-cı ilin birinci yarısı ilə müqayisədə 14 faiz artmışdı, 2018-ci ilin yanvar-iyun aylarında 2017-сi ilin yanvar-iyun aylarına nisbətən 3 faiz artıb, o cümlədən ərzaq məhsullarının qiymətləri 3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4 faiz bahalaşıb".
 
Bu göstəricidən irəli gələrək, deputat vurğulayır ki, 2016-cı ildə ölkədə qiymətlərin sürətlə artmasında manatın dollara nisbətdə məzənnəsinin aşağı düşməsini əsas gətirirdilər.
 
Ə.Məsimli deyir ki, 2017-ci ildə manat sabit qaldığı üçün bahalaşmaya səbəb kimi dünya bazarındakı bahalaşmanı göstərməyə başladılar.
 
Deputat bunları inandırıcı saymır: "Əslində bunların hər ikisi yarımçıq həqiqətlərdir. Bu il isə qiymət atrımına haqq qazandırılası amil yoxdur. Çünki əslində ölkədə nəzərəçarpan qiymət artımının iqtisadi əsası yoxdur".
 
Ə.Məsimli mövsümü məhsulların bahalaşmasına münasibət bildirərək deyib ki, yay fəsli olaraq mövsümi məhsulların qiymətləri enməlidir.
 
Bundan irəli gələrək, deputat istehlak bazarındakı bahalaşma ilə Statistika Komitəsinin göstəriciləri arasındakı tərs mütənasibliyi rəsmi statistik məlumatların xeyli məhsul üzrə qiymətlərin dinamikasını real əks etdirməməsi ilə əlaqələndirir: "Xüsusən də rəsmi statistikanın dediyi kimi, gilasın, əriyin, çiyələyin, pomidorun, göy lobyanın və sairin qiymətlərində enmə yox, artım var. Qarpızın qiyməti isə rekord vurur. Orta ölçülü bir qarpız orta ölçülü bir toyuqdan baha satılır".
 
Ə.Məsimli deyir ki, büdcə təşkilatlarında çalışanların maaşlarının 10 faiz artırılması ilə onların əmək haqqına 20-30-40 manat əlavə oldu, amma bahalaşma ilə əmək haqlarının artımından əldə etdikləri 20-30 manatdan 2-3 dəfə çox itirirlər, nəticədə maaş artımından əhali yox, qiymətləri artıranlar bəhrələnirlər.(contact.az)

Google+ WhatsApp ok.ru