İstehlakla bağlı idxalın kəskin artması mümkün deyil

İstehlakla bağlı idxalın kəskin artması mümkün deyil

"Yeni Müsavat" qəzetində "Nazirlikdən əcaib artım arqumenti: Əhali çox yeyir" sərlövhəli məqalə diqqət çəkir.
 
Müəllif Azərbaycanda əsas heyvandarlıq məhsullarının idxalında kəskin artım olduğunu, bunun həm miqdar, həm də dəyər ifadəsində qeydə alındığını bildirir.
 
Məqalədə bununla bağlı deyilir: "Bu ilin 8 ayında ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 66,96 faiz, süd idxalı 54,2 faiz, kərə yağı və süddən hazırlanmış digər yağlar isə 5,82 faiz artıb. Dəyər ifadəsində ət idxalında artım 2 dəfədən çox olub. Süd idxalında isə belə artım 65,4 faiz, kərə yağı və süddən hazırlanmış digər yağlarda 38,69 faiz təşkil edib". Bu 3 məhsulun idxalına ötən ilin 8 ayında 36 milyon dollar sərf olunubsa, bu ilin eyni dövründə xaricə gedən vəsait 97,8 milyon dollara çatıb".
 
Müəllif bu məsələdə son vaxtlar ölkədə əkin sahələrinin geinşləndirilməsinin heyvandarlığı nə dərəcədə arxa plana keçirməsini Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq şöbəsinin müdiri Qalib Əbdüləliyevlə müzakirə edir.
 
Şöbə müdiri deyir ki, idxal artıb, amma bu, istehsalla bağlı deyil. Nazirlik rəsmisi hesab edir ki, kərə yağının idxalındakı artım son vaxtlar əhalinin bu məhsuldan daha çox istifadə etməsilə bağlıdır: "İdxalın artıb-azalması yerli istehsalla bağlı deyil. Bir neçə il əvvəl əhali daha çox bitki yağlarından istifadə edirdi. Amma indi daha çox kərə yağından istifadə etməyə başlayıb. Ona görə də idxalda artım baş verib".
 
Yerlərdə otlaq, biçənək, yonca sahələrinin digər bitkilərin əkininə ayrılması ilə bağlı narazılıqların olmasına gəlincə, şöbə müdiri belə deyir: "Əhalinin sayı artır, sənaye inkişaf edir, kənd təsərrüfatı da genişlənir. Ona görə də yem məqsədli əkinçiliklə məşğul olmasaq, heyvandarlıq daha çox təbiətdən asılı olacaq - yağışdan, quraqlıqdan". Onun sözlərinə görə, heyvan saxlayanlar yem istehsalına xüsusi fikir verməlidirlər ki, bu sahəyə maraq arta bilsin.
 
Q.Əbdüləliyev heyvandarlıq üçün yem bazasının azalmasını pay torpağı sahiblərinin yem bitkilərinə diqqətsiz yanaşması ilə izah edir və bu bazanın genişləndirilməsi üçün xarici mütəxəssislərlə də əməkdaşlıq etdiklərini deyir və həmin problemlərin tezliklə aradan qaldırılacağını bildirir.
 
Nazirliyin digər şöbə müdiri Sabir Vəliyev deyir ki, yeni bitkiçilik sahələrinin salınması heyvandarlıq üçün yem bazasının ziyanına olmamalıdır və yem bazası isə heyvan başına normalar əsasında hesablama aparılıb yaradılmalıdır.
 
S.Vəliyev vurğulayır ki, əks halda, yem bazası kiçilsə, heyvandarlar məcbur olacaqlar başqa yerdən yem alsınlar, bu isə istehsal olunan məhsulun maya dəyərini artıracaq, daha sonra isə heyvandarlığa marağı azaldacaq".
 
S.Vəliyev əhalinin yağ, süd, ət tələbatının istehlakla bağlı birdən-birə 30-40 faiz artmasını mümkün saymır və deyir ki, hər bir insanın qəbul etdiyi qidaların normaları var, odur ki, ət, süd, yağ istehlakının qısa müddətdə 20-30 faiz artması mümkün deyil. (contact) 
 

Google+ WhatsApp ok.ru