İstifadə etdiyimiz yağ düşmənimiz deyil ki?...

İstifadə etdiyimiz yağ düşmənimiz deyil ki?...

"Yeni Sabah.az"da "Azərbaycanda istehsal olunan kərə yağı haqda sensasion iddialar" sərlövhəli məqalə diqqət çəkir.
 
Müəllif satış nöqətlərində əhaliyə satılan kərə yağlarının tərkibini, bunun insan orqanizminə mümkün mənfi təsirlərini qida mühəndisi İsa Əliyevlə müzakirə edir.
 
İ.Əliyevə görə, hazırda kərə yağı adı altında əslində içərisində spred yağ qarışı olan yağların satılması ən böyük problemlərdən biridir və insan səhhəti üçün zərərli olmasa da, bir hiyləgərlikdir: "Bilirik ki, kərə yağı heyvan mənşəli yağdır, heyvan südündən hazırlanır. Amma onun içinə bitki mənşəli yağ qarışdıraraq (Spred) kərə yağı adı altında işbazlıq edərək, marketinq oyunu oynayaraq satırlar". İ.Əliyev bunu "Yeni Sabah"a açıqlamasında bidirib.
 
Onun sözlərinə görə, Azərbaycanda kiloqramı 4-5 manata olan kərə yağı görmək mümkündür: "Təbii ki, bunlar kərə yağı deyil. Bəzən sosial şəbəkələrdə istehlakçıların yerləşdirdiyi fərqli videomateriallar görürsünüz. Görünür ki, yağı əridiblər, əriyəndən sonra mənşəyi bəlli olmayan fərqli cür bir hal alır. Sanki plastik əritmisiniz. Bu da sırf kütlə artırmaq, həcm vermək üçün yağla heç bir əlaqəsi olmayan başqa inqridientləri içinə əlavə edərək əmələ gətirdikləri məhsuldur. Bunlar birbaşa insan səhhəti üçün zərərlidir".
 
İ.Əliyev deyir ki, əgər yağda problem varsa, böyük ehtimalla ondan istifadə ürək-damar xəstəlikləri əmələ gətirəcək, təəssüf ki, Azərbaycanda da belə problemlər var, bəzən yağın alınmasında palma yağı və yaxud hidrogen bondları zəif olan başqa bitki mənşəli yağlardan istifadə olunur.
 
Mühəndis vurğulayır ki, yağın içərisinə təbii aromatizatorlar, rəngləndiricilər vurularaq onu günəbaxan və ya qarğıdalı yağı kimi sata bilirlər: "Bu da problemdir. Hidrogen birləşmələri - bondları yağlarda güclüdürsə, həmin yağ keyfiyyətli hesab olunur. Bir neçə il əvvəl mən Azərbaycanda tanınmış markanın bir məhsulunu Hollandiyadakı laboratoriyaya göndərdim. Mənim əsas qorxum yağın içərisində xərçəng xəstəliyi əmələ gətirən trans yağının mövcud olub olmaması ilə bağlı idi. Cavab gəldi. Düzdür, tərkibində trans yağ çıxmadı, amma Azərbaycanda həmin vaxt ən çox satılan, xüsusən istehsalat sənayesində istehsal olunan həmin yağın keyfiyyəti çox-çox aşağı çıxmışdı".
 
İ.Əliyevin sözlərinə görə, hazırda bu məsələ Azərbaycanda ən böyük qorxudur: "Yağın içində trans yağ bir faizədək olduqda çox böyük problem deyil. Çünki Avropadakı yağlarda da üzərinə yazılır ki, 1%-dək trans yağ ola bilər. Amma Azərbaycanda yağların üzərində belə bir şey yazılmır. Amma bu, şərt olmalı, yazılmalıdır. Məsələn, məhsulların üzərində GDO yoxdur, amma geni dəyişdirilmiş (GDO) olması yazılmalıdır. Bir çox hallarda bunlara rast gəlmirsiniz, amma buna diqqət olunmalıdır. Hətta yazılmadıqda həmin firmalar cərimələnməlidir".
 
Mühəndis deyir ki, gündəlik istifadə edilən yağların nə dərəcədə təbii olduğunu yoxlamaq çox çətindir, odur ki, insan güvəndiyi bir məhsula üz tutsa daha yaxşı olar.

Google+ WhatsApp ok.ru