İsti keçən günlərdən sonra çaylardakı suyun səviyyəsi açıqlanıb

İsti keçən günlərdən sonra çaylardakı suyun səviyyəsi açıqlanıb

İsti keçən yay günlərindən sonra respublikanın çay və transsərhəd çaylarındakı suyun səviyyəsi açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-50, Kiçik Qafqazın çaylarında 50-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-80 faizini təşkil edir.
 
Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, iyulun 1-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 225 m3/s olmaqla ongünlük normanın 75 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 213 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edib.
 
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 81 m3/s olmaqla, ongünlük normanın 55 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 53 m3/s təşkil edərək ongünlük normanın 36 faizinə bərabər olub.
 
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, iyulun 1-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Bankə məntəqəsində 2 sm azalma qeydə alınıb, Salyanda, Surrada, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
 
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 332 sm (2015-ci il iyulun 01-də 329 sm), Salyanda 98 sm (2015-ci il iyulun 01-də 80 sm), Bankədə 179 sm (2015-ci il iyulun 01-də 181 sm), Araz çayının Novruzlu məntəqəsində isə 48 sm (2015-ci il iyulun 01-də 48 sm) təşkil edir. (trend)

Google+ WhatsApp ok.ru