ÜST nümayəndəsi Azərbaycan ictimaiyyətindən üzr istədi - YENİLƏNİB

ÜST nümayəndəsi Azərbaycan ictimaiyyətindən üzr istədi - YENİLƏNİB

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı sosial şəbəkədə yayılan şəkilləri ilə bağlı mətbuat üçün açıqlama yayıb.
 
ÜST ofisindən “Report”a daxil olan mətndə deyilir:
 
“Əziz dostlar,
 
Sosial mediada paylaşdığım və mənfi reaksiyaya səbəb olan şəkillərlə bağlı məsələyə aydınlıq gətirmək istəyirəm.
 
Bildiyiniz kimi, COVID-19 pandemiyası ilə əlaqədar REACT-C19 layihəsini həyata keçiririk. Layihə çərçivəsində Türkiyədə təhsil almış və çalışan 19 azərbaycanlı həkim hazırda ölkənin müxtəlif rayon və şəhərlərinə səfər edərək, yerli həkimlərə kömək edirlər.
 
İyunun 13-də həmin həkimlərlə birlikdə Quba və Qusar rayonlarına səfər etmişdik. Sosial mediada paylaşdığım şəkillər və video o zaman çəkilib.
 
Bu paylaşımı yanlış zamanda etdiyimi qəbul edirəm və buna görə sizdən üzr istəyirəm”.
 
***
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancının Azərbaycanın bir sıra şəhər və rayonlarında tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimi günlərində şimal bölgəsində istirahətə yollanması ictimaiyyətdə müzakirələrə səbəb olub.
 
Maide.Az xəbər verir ki, xanım Harmancı sərt karantin günlərində Quba və Qusar meşələrində istirahət zamanı çəkdirdiyi fotoları Instagram-da paylaşıb. Onun bu paylaşımı ictimaiyyətdə birmənalı qarşılanmayıb. 
 
Belə ki, sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycanda insanları evdə qalmağa səsləyən ÜST-nin nümayəndəsinin sərt karantin günlərində "narıncı" zonadan (Bakı) "sarı" zonaya getməsi karantin qaydalarının kobud şəkildə pozulması kimi qiymətləndirilib.
 
Harmancı hələ tənqidlərə münasibət bildirməyib. 
 
Qeyd edək ki, 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində  sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib. 
 

Google+ WhatsApp ok.ru