Su altında qalan milyonlar

Su altında qalan milyonlar

«Bizim Yol» qəzetində «Suda batan rayonlara yüz milyonlar xərclənib» sərlövhəli məqalə diqqəti çəkir. Yazıda paytaxt təsərrüfatının yararsız durumda olması dəyərləndirilir.
 
Müəllif qeyd edir ki, oktyabrın 16-sı və 17-də yağan yağışlar paytaxtda nəqliyyatın hərəkətini iflic hala salmışdı.
 
Yazıda vurğulanır ki, havaların yağıntılı keçməsi icra hakimiyyətlərinin paxırını üzə çıxarıb. Müəllif düşünür ki, büdcədən ayrılan vasitələr heç də tam şəkildə təyinatı üzrə xərclənməyib: «Əks halda hava şəraitinin dəyişməsi ilə şəhər suyun altında qalmazdı, Binəqədi rayonu keçən həftədən yağan yağışlardan sonra özünə gəlməyib, hələ də gölün içindədir».
 
Müəllif vurğulayır ki, keçən il büdcədən 443.7 mln. manat mənzil və kommunal təsərrüfatı xərclərinə ayrılıb. Həmin vəsaitin 239.8 mln. manatı mənzil təsərrüfatının fəaliyyətinin tənzimlənməsi, kommunal və abadlıq işlərinin həyata keçirilməsinə yönəldilib.
 
Yazıda qeyd edilir ki, bundan əlavə, paytaxtın rayonlarına büdcənin Ehtiyat Fondu və Prezidentin Ehtiyat Fondundan da hər il milyonlar ayrılır.
 
Yazıda bildirilir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Binəqədi rayonunda rəsmi 260 min 600 adam qeydiyyatdadır. Rayon rəhbərliyinin veb-saytına görə, faktiki əhalinin sayı 400 min nəfərə yaxındır: «İnfrastruktur 260 min adama hesablanır, amma 400 min nəfərə xidmət göstərir. Əslində, xidmət göstərə bilmədiyi də göz qabağındadır. Əhali sayının dəqiq olmaması paytaxtın kommunal xidmət keyfiyyətinə mənfi təsir edir. Bu adamların çoxu yeni yerlərdə məskunlaşır. Drenaj sistemi qurulmur, sonradan çəkilən kommunikasiya xətləri də əlavə yükdür».

Google+ WhatsApp ok.ru