Su çatışmazlığının səbəbləri

Su çatışmazlığının səbəbləri

Vahid Məhərrəmov: Su anbarlarını və gölləri oliqarx məmurlar ələ keçirib

Bu illər ərzində kənd təsərrüfatında suvarma suyu ilə təminatda müsbət istiqamətdə dəyişiklik baş verməyib.
 
Azərbaycanın su resursu 32 milyard kubmetrdir. Bunun 70 faizi qonşu ölkələrdən gələn (əsasən Kür və Araz çaylarının) suyun hesabına, 30 faizi isə ölkə daxilində formalaşır
 
Bu barədə iqtisadçı-ekspert Vahid Məhərrəmovun “Turan” İnformasiya Agentliyininin saytında ölkədə son zamanlar su çatışmamazlığı ilə bağlı yaranan problem barədə təhlili yazısında qeyd olunub.
 
O qeyd edib ki, Kür, Araz və Azərbaycanın daxili çayları öz mənbəyini dağlara yağan yağışlardan, əriyən qar və buzlaqların sularından və yeraltı sulardan alır. Kürün suyu aprel ayında maksimum səviyyəyə qalxır, sentyabr ayında isə minimum səviyyəyə enir. Araz çayında isə suyunun səviyyəsi mayda maksimum, avqustda isə minimum həddə çatır.
 
O qeyd edib ki, Beynəlxalq Təbii Resurslar İnstitutun təqdim etdiyi hesabatda 2040-cı ildə quraqlıq təhlükəsi ilə qarşılaşacaq ölkələr arasında Azərbaycanın da adı var.
 
“Azərbaycan 33 ölkədən ibarət siyahıda 18-ci yerdədir. Ölkəmizin siyahıda təxmini olaraq ortada yer alması o demək deyil ki, az sululuq dövründə biz də qonşu ölkələr kimi eyni problemləri yaşayacağıq. Problem burasındadır ki, ölkədə təlabatdan 7-8 dəfə çox su resursu olduğu halda, içməli suya və suvarma suyuna olan ehtiyac ödənilmir. Məhz tərtib olunan siyahıda Azərbaycanın 18-ci yer alması ona görə təhlükəlidir ki, ölkədə su itkisi ifrat dərəcədə yüksəkdir”, - müəllif yazıb.
 
O bildirib ki, Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) müəəyən etdiyi normaya görə adambaşına gündəlik içməli və məişətdə istifadə edilən su norması 450 litirdir və beynəlxalq normanı nəzərə alsaq, Azərbaycanda əhali il ərzində 1,6 milyard kubmetr içməli və məişətdə istifadə üçün su ilə təmin edilməlidir . “Azərbaycanda isə su təminatı bundan 5,3 dəfə az, yəni 306 milyon kubmetr təşkil etmişdir. Bu da gün ərzində adambaşına 83 litir, yəni müəyyən edilmiş beynəlxalq normadan 5,3 dəfə az su istehlakı deməkdir”.
 
Vahid Məhərrəmov xatırladıb ki, uzun illərdir fermerlər, kəndlilər təsərrüfatlarının suvarma suyuna olan ehtiyaclarının ödənilmədiyindən şikayət edirlər.
 
“Ölkədə suvarılan sahələrin həcmi 1,4 milyon hektar təşkil edir. Onu da qeyd etməliyəm ki, son illər Kür və Araz çaylarının suyundan istifadə edən Azərbaycan, Gürcüstan, Ermənistan hökumətləri daha çox kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədilə suvarılan əkin sahələrini genişləndirirlər. Belə ki, Gürcüstanın 2 milyard kub metr, Azərbaycanın 1,2 milyard kub metr, Ermənistanın isə 1 milyard kub metr suya olan təlabatı artıb. Bu da regionda ümumilikdə əlavə olaraq 4,2 milyard kub metr suya ehtiyac yaradıb”.
 
Ekspert bildirib ki, qlobal iqlim dəyişikliyi nəticəsində son 20 ildə havanın tempraturunun 1 dərəcə artması kənd təsərrüfatı məhsullarının dəmyə şəraitində yetişdirilməsini çətinləşdirib.
 
“Ona görə də daha çox əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi vacib faktora çevrilib. Lakin təəssüflər olsun ki, sahədə mövcud olan və uzun müddət öz həllini tapmayan problemlər bu kimi tədbirlərin reallaşmasını əngəlləyir”.
 
Vahid Məhərrəmov hesab edir ki, ölkədə su resurslarından səmərəli istifadə olunmur və belə halda suvarılan sahələrin genişləndirilməsi daha çox su itkisinə yol açır.
 
“Azərbaycan Dövlət Statistika Komitəsinin Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələr üzrə təbii mənbələrdən götürülən su, onun istehlakı və itkisi ilə bağlı təqdim etdiyi statistik məlumatda Azərbaycan su itkisinə görə 28 faizlə birinci yerdədir”.
 
Onun fikrincə, su itkilərinə səbəb əsasən köhnəlmiş irriqasiya sistemləridir. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansında olan əsas magistral kanallar da sovet dövründə inşa edilmişdir. Yuxarı Qarabağ və Yuxarı Şirvan kanalları 1958-ci ildə, Samur-Abşeron kanalı 1940-cı ildə, Baş-Muğan kanalı 1960-cı ildə, Baş Mil kanalı isə 1976-cı ildə istismara verilib.
 
Ekspert təəssüflənib ki, Azərbaycan mövcud su resurslarından səmərəli istifadə edə bilmir.
 
“Ölkədə yağış sularının yığılması təşkil olunmur. Yağan yağış sularını və çaylarda su bolluğu yaranan zaman onun bir hissəsini xüsusi anbarlara yığıb yayda ondan suvarmada, yaxud içməli su kimi istifadə etmək olar. Mövcud olan su anbarlarını və gölləri oliqarx məmurlar ələ keçirib və başqa məqsədlə istifadə edirlər. Fermerlərə, kəndlilərə həmin göllərə yığılmış sudan istifadə etmək imkanı verilmir. Sovet dövründən qalmış təsərrüfatdaxili su anbarları isə uzun müddət təmir edilmədiyi üçün sıradan çıxıb, yararsız hala düşüb”.
 
O bildirib ki, külli miqdarda inverstisiya hesabına başa gələn Taxtakörpü və Şəmkirçay su anbarları bir neçə ilə əvvəl istifadəyə verilməsinə baxmayaraq, bu illər ərzində kənd təsərrüfatında suvarma suyu ilə təminatda müsbət istiqamətdə dəyişiklik baş verməyib. Şəmkirçay su anbarlarının inşasına 700 milyon manatdan çox dövlət vəsaiti xərclənib, Taxtakörpü su anbarına qoyulan investisiya isə 1 milyard manat təşkil edir. Bu anbarlar hesabına təxminən 50 min hektara yaxın əkin sahəsinin suvarılması nəzərdə tutulurdu.
 
Vahid Məhərrəmov vurğulayıb ki, təsərrüfatsızlıq, hökumətin səmərəsiz fəaliyyəti göz qabağındadır.
 
“Hökumət strukturlarında çalışan məmurlar respublikamızda suvarma kanalının uzunluğunun, su anbarının sayının çox olduğunu tez-tez dilə gətirsələr də, faktiki olaraq bu obyektlərin varlığı fermerlərin, kəndlilərin su probleminin həllini asanlaşdırmır. Əksinə, hər il suvarma kanallarında, göllərdə gənclərin, uşaqların suda batdığının, faciəli halların baş verdiyinin şahidi oluruq. Əlbəttə, bu kimi hallar faktiki olaraq ölkə ərazisində su bolluğu olduğu, fermerlər, kəndlilər üçün isə suyun əlçatan olmadığı mənzərəsini yaradır”.
 
Ekspert qeyd edib ki, qlobal istiləşmə nəticəsində regionda mövsümdə qar yağması halları azalmışdır. O bildirib ki, əvvəllər qış aylarında yağan qar dağların yüksəkliyində buzlaqların əmələ gəlməsinə və buzlaq ərazilərin genişlənməsinə, daha çox su ehtiyatların yığılmasına səbəb olurdu.
 
“Son zamanlar dağlarda qarın az yağması nəticəsində su ehtiyatları azalmışdır. Ona görə də xüsusən yay aylarında çaylarda suyun səviyyəsinin aşağı düşdüyünü müşahidə edirik. Payız və yaz aylarında isə yağışların çox yağmasını, uzunmüddətli, intensiv olduğunu görürük”.
 
Digər bir problem kimi, o ölkənin su təsərrüfatı idarəçiliyinin bir mərkəzdən koordinasiya edilməməsində görür. Bu sahədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərenerji ASC , Meliorasiya və Su Təsərrüfatı ASC müəyyən funksiyalar həyata keçirir.
 
“Hesab edirəm ki, hökumət bu sahədə mövcud olan problemlərin həlli istiqamətində bir sıra təxirəsalınmaz addımlar atmalıdır. 1) İlk növbədə su təsərrüfatı sisteminin yaxşılaşdırılması ilə bağlı xüsusi dövlət proqramı hazırlanmalıdır. 2) Su təsərrüfatı sisteminin bir mərkəzdən koordinasiya olunmasını təmin etmək məqsədilə sahəyə baş nazirin müavinlərindən biri məsul edilməlidir. 3) Kənd təsərrüfatının suvarma suyuna olan ehtiyacını davamlı şəkildə və itkisiz təmin etmək məqsədilə, suyun əkin sahələrinə qədər metal və plastik borular vasitəsi ilə ötürülməsinin təşkilini həyata keçirilməlidir. 4) Suvarılan əkin sahələrində su itkisinə yol verməməsi üçün bütün təsərrüfatlarda qənaətedici suvarma texnikası və mütərəqqi suvarma texnologiyasının sürətlə tətbiqinə start verilməlidir”. /contact.az/ 
 

Google+ WhatsApp ok.ru