Sumqayıt polisində döyüldüyü iddia edilən şəxs xəstəxanada keçinib - FOTO

İslaminsesi bildirir ki, aprelin 27-də axşam saat 11 radələrində polislər məhəlləyə tökülüb, qardaşımı qandallayıb, maşına oturdub aparıblar. Səhəri gün eşitdik ki, Sumqayıt Xəstəxanasının reanimasiya şöbəsinə götürülüb. Bir gün də keçdi, qardaşım elə reanimasiyada keçindi.

Elşən Mehdiyev AzadlıqRadiosuna danışır ki, 37 yaşlı qardaşı Rəşad Mehdiyev Sumqayıt polisinə aparılaraq işgəncə olunub. İdarədən xəstəxanaya aparılsa da, aldığı işgəncələrdən 2 gün sonra - aprelin 29-da dünyasını dəyişib:

«ORTAYA GİRİB Kİ, ONLARI AYIRSIN»

«Məhəllədə iki nəfər dalaşıb, qardaşım da ortaya girib ki, onları ayırsın. Bu vaxt polislər gəlib, nədənsə dalaşanlar kənarda qalıb, qardaşımı qandallayıb özləriylə aparıblar. Qardaşımda qıcolma xəstəliyi vardı. Hami bilirdi ki, xəstə adamdır. Qonşular bu barədə polislərə də deyiblər, xahiş ediblər ki, «xəstəni niyə aparırsınız, günahı da yoxdur». Ancaq polislər qandallayıb aparıblar».

Elşən Mehdiyevin sözlərinə görə, polislər qardaşını apararkən o, evdə olmayıb. Evə qayıdıb hadisəni eşidəndə, polis idarəsinə gediblər. Ancaq Sumqayıt polisindən ailə üzvlərinə Rəşadın idarəyə gətirilmədiyini deyiblər. Ailə də, necə deyərlər, Rəşad axtarışına çıxmalı olub:

«Sabahı gün Rəşadı Sumqayıt xəstəxanasından tapdıq. Reanimasiya şöbəsindəydi. Həkimlər dedilər ki, səhərə yaxın Sumqayıt polisindən təcili yardım maşını ilə gətirilib. Başında zədələr var, kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti ağırdır. Getdik polis idarəsinə ki, məsələni aydınlaşdıraq. Bizə dedilər ki, «Rəşad gecə idarəyə gətiriləndən sonra yıxılıb, başı zibil qutusuna dəyib»».

«SONUNA QƏDƏR GEDƏCƏYİK»

Elşən Mehdiyev qardaşının bədənində, əsasən də başında işgəncə izləri olduğunu deyir:

«Fotolarını da çəkmişik, mayın 4-də Daxili İşlər Nazirliyinə çağrılmışıq. Hamısını aparıb ora təqdim edəcəyik. Bu işin sonuna qədər gedəcəyik».

Sumqayıt şəhər Prokurorluğundan Azadlıq Radiosuna bildirilib ki, Rəşad Mehdiyevin ölüm faktı üzrə cinayət işi başlanıb. Mərhumun yaxınlarının, Sumqayıt Polis İdarəsinin bir neçə əməkdaşının izahatları alınıb. Ölümün səbəbi ekspertiza rəyi prokurorluğa daxil olduqdan sonra bilinəcək.

Google+ WhatsApp ok.ru