Sumqayıtlı sahibkarlar aclığa başladı

Sumqayıtlı sahibkarlar aclığa başladı

-- 10-dan artıq sahibkar problem çözülməyənədək aksiyanı davam etdirəcəklərini bildirib

Sumqayıtda yeni dənizkənarı bulvarın tikintisində iştirak edən bir qrup sahibkar aclıq aksiyasına başlayıb. Yerli icra hakimiyyətinin onlara borclu olduğunu, borcu ödəmədiyini iddia edən 10-dan artıq sahibkar problem çözülməyənədək aksiyanı davam etdirəcəklərini bildiriblər.
 
Sahibkarlar Turan-a nəql ediblər ki, onları Sumqayıtda abadlaşdırma işlərinə Sumqayıt şəhər İcra Hakimiyyətinin seçdiyi podratçı şirkətin rəhbəri Müqayis Verdiyev və İH-in memarlıq və tikinti şöbəsinin müdiri Fəzail Hüseynov cəlb edib. Onlar abadlaşdırma işlərini icra hakimiyyəti apardığına görə, onlara olan borcu da elə məhz icra hakimiyyəti ödəməlidir.
 
"Abadlaşdırma işləri aparılan zaman icra hakimiyyəti podratçı şirkətə ilkin olaraq 4 milyon manata yaxın pul ödəmişdi. Bizə olan borcun bir hissəsi o zaman ödənilmişdi. Qalan əsas hissə də sonra ödənilməli idi. Prezident Sumqayıta gəldi, abadlıqdan razı qaldı, getdi, daha sonra bizim pulu vermədilər", aclıq edən sahibkarlar bildiriblər.
 
Onlar deyir ki, podratçı şirkətin rəhbəri Müqayis Verdiyev 2015-ci ilin sonunda elə pul haqq hesabına görə, həbs edilib. Aclıq edənlər bu həbsin arxasında da elə Sumqayıt şəhər İcra Hakimiyyətinin, borc məsələsinin dayandığını iddia ediblər.
 
Pullarını ala bilməyənlər sırasında İsa Qasımov, Eyvaz Abbasov, Məhəmməd Əsgərov, Çingiz Mansurov, Bilal Piriyev, Zöhrab Rzayev və digərləri var.
 
Sumqayıt Şəhər İcra Hakimiyyəti sahibkarların aclıq aksiyasına başlamasını şərh etməyib.
 
Ancaq bir neçə həftə əvvəl İcra Hakimiyyətindən bildrimişdilər ki, sahibkarların şikayətindən xəbərdardırlar. Ancaq icra hakimiyyətinin mətbuat xidmətindən bildirmişdilər ki, nə şəhər hakimiyyətinin başçısı Zakir Fərəcov, nə də onların digər rəsmi nümayəndəsi borclara görə maliyyə məsuliyyəti daşıyır.
 
"Sumqayıt Şəhər İcra Hakimiyyəti borclarını tələb edən şəxslər ilə müqavilə və ya digər saziş üzrə tərəf deyil. Həmin borclara məsul şəxs vəsaitləri mənimsədiyinə görə həbs edilib", - Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev bildirmişdi.
 
Sumqayıt Dənizkənarı Bulvarının 2016-cı il sentyabrın 27-də açılışı olub. Açılış mərasimində prezident İlham Əliyev də iştirak edib.(contact.az) 
 

 

Google+ WhatsApp ok.ru