Suraxanı rayonunda bir ailə evsiz qalma təhlükəsi ilə üzləşib- ŞİKAYƏT

Suraxanı rayonu Bülbülə qəsəbəsi, Muradoğlu küçəsi ev 18-də yaşayan Şamil Abdullayev evinin uçma təhlükəsi qarşısında olmasından şikayətçidir.  
Bu barədə "Yeni Müsavat"a məlumat verən Ş.Abdullayevin sözlərinə görə, Suraxanı rayon İcra Hakimiyyətinin məsuliyyətsizliyi üzündən yaşamaq üçün yararsız hala düşüb. Şikayətçinin redaksiyamıza təqdim etdiyi görüntülərdən də mənzilin divarlarında olan çatlar açıq şəkildə görünürdü. Məsələ ilə bağlı Ş. Abdullayev bir sıra dövlət qurumlarına müraciət etsə də, onun şikayəti cavabsız qalıb. Son ümid yerinin “Yeni Müsavat” olduğunu söyləyən Şamil Abdullayev başına gələnləri aşağıdakı kimi danışdı:
 
“2005-ci ildə Suraxanı rayonuna İlqar Abbasov adlı icra başçısı təyin olundu. Həmin zaman 127 adamın imzası ilə ərizə yazdım ki,  bizim küçəyə kanalizasiya xətti çəkilsin. Kanalizasiya xətti olmadığı üçün, qonşuların hamısı öz həyətində quyular qazıb, məişət sularını ora axıdırlar. Bu ərizəni yazdıqdan sonra, aparıb icra hakimiyyətinə təqdim etdim. O vaxtdan bu günə qədər hər il 2 dəfə icra başçısının qəbulunda olduq. Ancaq kanalizasiya xətti çəkilmədi. 2014-cü ilə qədər bu prosesi Suraxanı rayon İcra Hakimiyyəti uzatdı. Nəhayət 2014-cü ildə bizə bildirdilər ki, bu il yüz faiz kanalizasiya xətti çəkiləcək. Lakin sonradan icra hakimiyyətindən  bizə bildirdilər ki, Avropa Oyunları ilə əlaqədar olaraq, maddi vəsaitləri qəsəbəyə deyil, şəhərin mərkəzinə ayırırlar. Nəticə olaraq qəsəbəyə kanalizasiya xətti çəkilməsi üçün vəsait ayrılmadı”. 
 
Ş. Abdullayev bildirib ki, onların yaşadığı mənzil qəsəbənin aşağısında olduğu üçün, qonşuların axıtdıqları  qurunt suları həyətlərindən, evlərinin  altından çıxır:
“Bu səbəbdən də yaşadığımız mənzilin divarlarında çatlar əmələ gəlib. Mənzil yaşamaq üçün yararsız hala düşür. Problemlə əlaqədar Föqəladə Hallar Nazirliyinə,  Baş Prokurorluğa, Prezident Aparatına müraciətlər etmişəm. Bu qurumlardan da Suraxanı rayon İcra Hakimiyyətinə bildirilib ki, problemə baxılsın və məsələ öz həllini tapsın. Lakin icra nümayəndəliyi problemin həlli ilə məşğul olmur”.
 
Ş. Abdullayevin redaksiyamıza təqdim etdiyi sənədlər arasında  Suraxanı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyevin şikayətçiyə ünvanladığını məktubun şahidi olduq. Məktubda bildirilib ki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Suraxanı rayonuna da kanalizasiya xətti çəkiləcək. 
 
Lakin şikayətçi tələbəb edir ki, onun yararsız hala düşmüş evi də təmir olunsun. Bununla bağlı isə icra hakimiyyətindən ona bildirilib ki, evin təmir edilməsi mümkün deyil. Çünki dövlət tərəfindən vəsait ayrılmayıb. 
 
Şamil bəyin sözlərinə görə, Abdullayevlər artıq sözügedən mənzildə yaşaya bilmirlər. Problemin isə nə zaman həll edilməsi ilə bağlı ona konkret məlumat verilmir. 
Məsələ ilə bağlı “Azərsu” ASC-nin Suraxanı Rayon Sukanal İdarəsi ilə əlaqə saxladıq. İdarədən özünü “dispeçer”  kimi təqdim edən şəxs bildirdi ki, vətəndaşla gün ərzində əlaqə saxlanılıb, şikayətə bir daha baxılacaq. Eyni zamanda idarədən verilən məlumata görə, Suraxanı rayon Bülbülə qəsəbəsinə kanalizasiya xəttinin çəkilməsi ilə bağlı hələ ki, konkret zaman bəlli deyil.










Google+ WhatsApp ok.ru