Suriyada 290 mədəni irs abidəsi zərər görüb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhsil və Tədqiqat İnstitutunun (UNITAR) Operativ Peyk İdarəetmə Proqramı (UNISAT) Suriyadakı mədəni irs abidələrinin peyk görüntülərini yayımlayıb.
 
Maide.az xəbər verir ki, hesabatda, ölkədə davam edən münaqişələrin UNESCO tərəfindən dünya mədəniyyət mirası siyahısında yer alan regionlar, o cümlədən mədəni irs sahələrində böyük zərərə səbəb olduğu vurğulanıb.
 
Təxminən 7 min ildir mədəniyyətlərə ev sahibliyi edən Hələblə bərabər Dəməşq, Rakka və Palmira şəhərlərindəki mədəniyyət abidələrinə böyük zərər dəydiyi bildirilir.
 
Sözügedən mədəni irs sahələrindən 24 məşhur abidənin tamamilə dağıdıldığı, 104-nün böyük miqdarda zərər gördüyü, 85-də isə orta dərəcədə zədələr olduğu müəyyən olunub. Mədəni abidələrdən 77-nin isə qismən zərər gördüyü qeyd edilib.
 
Zərər görən 290 abidənin 135-i Hələbdə yerləşir. UNITAR-ın internet saytında yayımlanan peyk təsvirlərində Hələbin Qədim Şəhər ərazisindəki bir çox tarixi sahənin dağıdıldığı görünür. 715-ci ildə tikilən Böyük Umayd Məscidinin də zərər gördüyü və Böyük Məscidin minarəsinin də dağıdıldığı bildirilir.
 
Dünya mədəniyyət mirası siyahısında yer alan Dəməşq antik şəhəri, Busra antik şəhəri, Palmira, Hələb antik şəhəri, Salah Qalin əl-Din Qalası və Suriyanın şimalındakı Ölü Şəhərlər kimi də tanınan tarixi kəndlərdə meydana gələn dağıntılar da peyk görüntüləri ilə ortaya çıxıb.

Google+ WhatsApp ok.ru