Suriyada bir həftə ərzində atəşin dayandırılmasına dair razılıq əldə olunub

Münhendə Suriyaya dair keçirilən danışıqlarda tərəflər arasında bir həftə ərzində Suriyada atəşin dayandırılmasına dair razılıq əldə edilib. APA-nın NBC telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Con Kerri bildirib.
 
Suriyaya Dəstək Beynəlxalq Qrupunun  yekun bəyanatında qeyd olunur ki, məsləhətləşmələrdən sonra müxalifət və hökumət razılaşdırılmış tədbirlərin icra ediləcəyinə dair üzərilərinə öhdəlik götürməlidirlər.    
 
Bundan sonra bir həftə ərzində hərbi əməliyyatların dayandırılması nəzərdə tutulub.  
 
Rusiya XİN rəhbəri Sergey Lavrov qeyd edib ki, atəşkəs rejimi BMT TŞ-i tərəfindən terror təşkilatları kimi tanınan qruplaşmalara şamil edilməyəcək.
 
Lavrov, həmçinin, ABŞ və Rusiya hərbçiləri arasında birbaşa təmasların qurulmasının vacib olduğunu vurğulayıb.
 
Almaniya XİN rəhbəri Frank Valter Ştaynmayer də, öz növbəsində,  danışıqlar zamanı ABŞ və Rusiya hərbçilərinin Suriyada əlaqələndirilməsinin genişləndirilməsinə dair razılıq əldə olunduğunu bildirib.   

Google+ WhatsApp ok.ru