Suriyada döyüşlərdə iştirak etmiş daha 6 Azərbaycan vətəndaşının məhkəməsi başlayıb

 Suriyada döyüşlərdə iştirak edən daha  6 Azərbaycan vətəndaşının məhkəməsi başlayıb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən 6 nəfər - Sənan Baxışov, Ruslan Cəfərov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı aprelin 14-ə təyin edilib.
 
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 26 Azərbaycan vətəndaşı tutulub. Məlumata görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər Azərbaycan vətəndaşı -Yusifov Firdovsi Soltan oğlu, Soltanov Taleh Əzizağa oğlu, Həsənli Vilayət Ələsdan oğlu, Musayev Malik Elçin oğlu, Hacıyev Vasif Orduxan oğlu, Babazadə İlkin Aydın oğlu, Balakişiyev Mehman Pirbala oğlu,  Mustafayev Ruslan Azər oğlu, Məmmədov Namiq Firdovsi oğlu, Muradov Fərid Arif oğlu, Həsənov Tural Namiq oğlu, Əliyev Elvin Vilayət oğlu,  Mustafayev Tariyel Tapdıq oğlu, Qəmbərov Azər Asim oğlu, Bayramov Vüsal Qabil oğlu, Həşimov Samir Samid oğlu, Abbasov Nicat Faiq oğlu, Məmmədov Hüseyn Xəqani oğlu, Cəfərov Ruslan İlham oğlu, Baxışov Sənan İlqar oğlu, Quliyev Eldost Firudin oğlu, Məmmədəliyev Məmmədşah Ağaşah oğlu, Həsənov Əhməd Elxan oğlu, Mərdanov Maarif İrşad oğlu, Dursunəliyev Vüqar Əhəd oğlu və Qurbanlı Elşən Əbülfət oğlu şübhəli şəxs qismində saxlanılıblar.
 
Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 170.3-cü maddələri ilə cinayət işləri başlanıb. Adları qeyd edilənlər təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Google+ WhatsApp ok.ru