Suriyada hərbi əməliyyatlarda iştirak edənlərin məhkəməsi

Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə iki nəfər Azərbaycan vətəndaşı - Firdovsi Yusifov və Taleh Sultanovun işi üzrə hazırlıq iclası keçiriılib. Onlar Suriyada İŞİD-in tərkibində vuruşmaqda ittiham olunurlar.
 
İttihamnamə elan edildikdən sonra müttəhimlər bildiriblər ki, özlərini günahkar hesab etmirlər. Proses martın 6-da davam edəcək.
 
Bundan əvvəl MTN Suriya və Pakistanda hərbi əməliyyatlarda iştiraka görə 26 nəfərin həbs olunduğunu bildirib. Bu siyahıda F.Yusifov və T.Sultanov da olub.
 
İstintaq hesab edir ki, onlar Pakistanda terrorçuların tərəfində hökumət qoşunlarına qarşı döyüşüblər. Sonra Suriyaya keçiblər. Orada İŞİD-in tərkibində döyüşüblər.
 
2013-cü ilin avqustunda onlar İran ərazisinə qanunsuz keçərkən saxlanılıblar və 2014-cü il aprelin 24-də Azərbaycan tərəfinə təhvil veriliblər. T.Sultanovun həyat yoldaşı və qaynanası da Suriyaya gedib və indiyədək oradadırlar.

Google+ WhatsApp ok.ru