Suriyadan dönən azərbaycanlı məhkəmədə nələr danışdı?

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı vuruşmaqda təqsirli bilinən Hüseyn Məmmədov və Nicat Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, hər iki təqsirləndirilən şəxsin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Bununla da məhkəmə prosesi mayın 22-dək təxirə salınıb.
İstintaq yolu ilə müəyyən edilib ki, Nicat Abbasov və Hüseyn Məmmədov bir qrup şəxslə əlbir olaraq xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış, terror təşkilatı kimi tanınan “ən-Nüsra Cəbhəsi” adlı cinayətkar birliyin tərkibinə daxil olan, Suriya Ərəb Respublikası ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində dini düşmənçilik zəminində iştirak ediblər. Bu cinayətlərə görə onlar Suriya Ərəb Respublikasında məhkum olunmayıblar.
Təqsirləndirilən şəxs qismində istintaq zamanı dindirilən Hüseyn Məmmədov ona elan olunmuş ittihamla özünü təqsirli bilib.
H.Məmmədov ifadəsində 2004-cü ildən İslam dininə ibadət etdiyini, əhli-sünnə təriqətində olduğunu göstərib.
 
O, deyib ki, 2013-cü ilin yayında Türkiyənin Qaziantep şəhərində yaşayan Abu Yamin adlı şəxslə skayp vasitəsilə tanış olub. Həmin şəxsdən Türkiyədən Suriyaya cihad etmək üçün keçməyin mümkün olub-olmadığını soruşub. Abu Yamin də bunun mümkün olduğunu deyib: “Suriyaya gedib cihada qoşulmaq istədim. 2013-cü ilin avqust ayında Yevlax bazarında meyvə-tərəvəz satarkən həmyerlim Bilalı gördüm. Bilal yaxın günlərdə Türkiyəyə işləməyə gedəcəyini dedi. Ona birlikdə getməyi təklif etdim. Bilal Türkiyəyə nə məqsədlə getməyimi bilmirdi. İstanbula çatanda ayrıldıq. Bilalın hara getdiyini bilmədim.
Mən özüm Qaziantep şəhərinə gedib Abu Yaminlə görüşdüm, orada qaldım. Sonra onun vasitəsilə qaçaq yolla keçərək “Cəbhətul əl-Nüsra” təşkilatının tərkibinə daxil olan Erol adlı türk vətəndaşının rəhbərlik etdiyi “Cundullah Şam Dəvəti İbrahim” adlı silahlı dəstəsinə qoşuldum. Həmin dəstənin tərkibində dini və hərbi təlimlərdə iştirak etdim.
Amma təlimlərlə kifayətlənib məni döyüşə buraxmadılar. 2014-cü ilin mart ayının əvvəllərində əslən Yevlaxdan olan Nicat Abbasovun da Suriyada “Cəbhətul əl-Nüsra” tərkibində olduğunu eşitmişdim. Bir müddət sonra, təxminən 2014-cü ilin aprel ayında dövlətə qarşı vuruşan müxtəlif silahlı qruplaşmalar arasında - İŞİD, “əl-Qaidə”, “Cəbhətul əl-Nüsra” toqquşmalar baş verdi. Buna görə də orada vəziyyət qarışdı. 
“əl-Qaidə” terror qruplaşmalarının üzvləri məni və digər mühacirləri tərksilah edib əsir götürdülər. “əl-Qaidə”yə biət etməyi, ya da ki, Suriyanı tərk etməyi tələb etdilər. Beş-altı gün əsir saxlanılandan sonra Suriyadan Türkiyəyə qovdular. Qaziantepə qayıdanda Nicat Abbasovla rastlaşdım. Birlikdə Azərbaycana qayıtdıq. Azərbaycan-Gürcüstan sərhəddində MTN əməkdaşları tərəfindən yaxalandıq”.
Təqsirləndirilən şəxs qismində istintaq zamanı dindirilən Nicat Abbasov ona elan olunmuş ittihamla özünü təqsirli bilib.
 
O, ifadəsində Abu İshaq adlı türk vətəndaşı ilə skayp vasitəsilə tanış olduğunu, həmin vaxtlar Suriyada baş verən hadisələri görüb oraya gedib cihad etəm qərarına gəldiyini göstərib: “2014-cü ilin yanvar ayında Balakən rayonundan keçib Türkiyəyə getdim, Abu İshaqla görüşdüm, cihad etmək üçün Suriyaya getməkdə yardımçı olmasını xahiş etdim. 10 gün orada qaldım. Onun vasitəsilə Suriyaya getdim. Sərhəd açıq olduğundan heç kim sənəd istəmədi. 
Sarma şəhərində məskunlaşdım və “Cəbhatul əl-Nüsra” qruplaşmasının tərkibinə daxil oldum. Hərbi təlimlərdə iştirak etsəm də məni döyüşə buraxmadılar. Bunu ərəb dilini zəif bilməyimlə əlaqələndirdilər. “əl-Qaidə” tərəfindən əsir götürüldüm, on gün əsir saxlanılandan sonra bizi Türkiyəyə qovdular”. /
 

Google+ WhatsApp ok.ru