SUİ-ZƏNN VƏ BƏDBİNLİYİN FƏRDİ ZƏRƏRLƏRİ

SUİ-ZƏNN VƏ BƏDBİNLİYİN FƏRDİ ZƏRƏRLƏRİ

Sui-zənn və bədbinliyin fərdi baxımdan bir sıra zərərləri var ki, biz burada ona aid neçə nümunəni qeyd edirik:

1. Bədbinlik ruhi nasazlıq, cismani narahatlıq, iztirab və həyəcan gətirir. Bədbin kəslər çox vaxt rahatlıq hiss etmir, başqalarını və hadisələri normal qarşılaya bilmir, ruhi aramlığa səbəb olan vasitə və şəxslərdən qaçır, narahatlıqların və ağrı-acıların azalmasında faydalı olan “dərdləşmə” amilindən qorxurlar. Elə fikirləşirlər ki, sirləri açılacaq, yaxud başqa problemlərlə üzləşəcəklər. Bu səbəbdən də çox vaxt qəm-qüssəli olub, ruhdan düşür və nəhayət, faydasız bir üzvə çevrilirlər.

Bu hal insanda gücləndikdə, hər kəs və hər şeydən qorxu duyacaq, hadisələrin öz zərərinə olduğunu güman edəcək, insanların adi münasibətləri onu şübhələndirəcək, hamının onun əleyhinə çalışdığını təsəvvür edəcəkdir. Aydındır ki, bu vəziyyət ruhi-psixoloji xəstəlik sayılır və əxlaq elmindən kənardır.

Adətən, bütün rəftarlar adi haldan çıxmadığı vaxta qədər əxlaq elminə aid olur və onları yalnız tərbiyəçilər və əxlaq ustadları müalicə etməlidirlər. Amma sıradan çıxdıqları zaman bir xəstəlik kimi əxlaq elminin predmeti sayılmırlar. İfrat dərəcədə paxıllıq, təkəbbür, qürur, ədavət, kin-küdurət və s. xəstəliklərin qisminə daxil olur. Məsələn, “Münafiqun” surəsinin 4-cü ayəsində bədbinlik və bədgümanlıq münafiqlərə xas bir sifət kimi irəli sürülür:

{...يَحْسَبُونَ كُلَّ صَيْحَةٍ عَلَيْهِمْ}

“Onlar (bədgümanlıqdan) hər bir qışqırığın, səs-küyün öz əleyhlərinə olduğunu güman edirlər.”

Həqiqətdə, bu, onlar üçün dünyəvi əzab sayılır! Əlbəttə, belə pisxislətli şəxslərin bədbinliyi təbiidir. Çünki özlərini başqaları ilə müqayisə edərək kimlərinsə onların vəziyyətindən xəbərdar olduqları və onlardan qisas ala biləcəyini ehtimal verdikləri üçün həmişə qorxu içində yaşayırlar. Atalar necə də gözəl demişlər: “Xain adam qorxaq olar!”

2. Məxluqata bədbin olma bəzən insanı Xaliqə bədbin edir, onun dini əqidəsinə təsir göstərir, bəzən o, Allahın ədalətində, bəzən də qüdrətində şəkk edir! Hətta peyğəmbərlərin dəvətinə də şəklə baxıb, bunu xalqa hökmranlıq, avam kütlənin diqqətini cəlb etmək kimi təsəvvür edə bilər. Bu hissin zahirən dinin əsaslarına etiqadlı insanlarda da baş qaldırması qeyri-mümkün deyildir. Fitnəkar ünsürlərin və ya münafiqlərin peyğəmbərlərin dəvətini rədd etmələri, çox güman ki, elə buradan qaynaqlanır.

3. Bədbin insanlar, adətən, ürəkdə başqalarının qeybəti ilə məşğul olduqlarından səfa-səmimiyyətdən uzaqdırlar. Buna bəzi əxlaq alimləri “qəlbi qeybət” adlandırırlar.

DİQQƏT

Sui-zənn və bədbinlik yalnız bir halda – insanların çoxunun azğın və yaşadıqları mühitin pozğun olduğu təqdirdə məntiqli yönə malik ola bilər. Belə mühitdə şübhəli kəslərə ehtimallar üzrə xoşbin olmaq çətindir. Çünki məlum olmayan hər kəsin əyri yolda və günahkar olması ehtimalı çoxdur. Lakin diqqət etmək lazımdır ki, insan həmin mühitdə də tam ehtiyatlı olaraq həqiqi mənada bədbinlik yaradan baxışlardan qorunmalıdır. Yəni lazımınca ehtiyatı gözlədiyi halda, zahirən ilk baxışda bədbinlik və etimadsızlıq doğuran qarşı tərəfin rəftarlarına tez reaksiya verməməlidir. Bəs, nəzərdən qaçırmamalıyıq ki, həmin cəmiyyətdə əməlisaleh şəxslər də ola bilər. Demək, bu ümumi qayda pozğun mühitin cəmiyyətin əksəriyyətini əhatə etdiyi təqdirdədir. Bundan digər hallarda isə kamil “hüsn-zənn”ə (xoşbinliyə) əməl olunmalıdır. İmam Əlidən (ə) nəql olunan bir hədisdə belə buyurulur:

اِذا اسْتَوْلَى الْفَسادُ عَلَى الزَّمانِ فَاَحْسَنَ رَجُلٌ الظَّنَّ بِرَجُلٍ فَقَدْ غَرِرَ

“Fitnə-fəsad müəyyən bir əsrə hakim kəsildikdə, insanların bir-birinə “hüsn-zənn”i, şübhəsiz, aldanışdır.” (“Biharul-ənvar”, 75-ci cild, səh.197, hədis 18; “Əxlaq sayəsində sağlam həyat”, Ayətullah Məkarim Şirazi, səh.96-98.)

Rza Şükürlü

 

Google+ WhatsApp ok.ru