Üsyankar diplomat hakimiyyətə hücuma keçdi

Uzun illər Azərbaycanın Avropa Şurası, ardınca da Avropa İttifaqındakı səfiri olmuş, hazırda isə İslam Konfransı Təşkilatının Avropa Birliyindəki missiyasına rəhbərlik edən Arif Məmmədovun Bakıdakı yanğından sonra məmurları tənqid etməsindən sonra başlanan qalmaqal davam edir. 
 
İki gün öncə Arif Məmmədovun Azərbaycan hökumətinin təzyiqlərindən qorunmaq üçün Norveç dövlətindən siyasi sığınacaq almaq üçün Norveçin ölkəmizdəki keçmiş səfiri Steynar Gilə məktub göndərdiyi barədə xəbərlər yayılıb. Dünən isə Arif Məmmədov bu barədə yayılan xəbəri təkzib edib. O, facebook səhifəsində Azərbaycan Xarici İşlər Nazirliyində bir neçə nəfərin ona görə işdən çıxarılmasına da münasibət bildirib. Səfir Azərbaycan xalqına müraciətində Belçika dövlətinin onu mühafizə etmək üçün hərəkətə keçdiyini bildirib: “Əziz dostlar, bacı və qardaşlar, uca Azərbaycan xalqı! Ölkənin ən yaxşı diplomatlarının ”ovuna" başlanmasından olduqca təəccüblənmişəm və hiddətlənmişəm. Repressiyalar əmri ölkənin repressiv fabrikindən gəlib. Bu hakimiyyətə Eynulla Fətullayev və onun kimilər lazımdır. Bakıdakı yanğında ölənlərin ailələrinə yazdığım başsağlığı sözlərimi “layk” etdiyinə görə ölkənin ən yaxşı diplomatlarını işdən azad etmək heç bir anlayışa sığmır. Diplomatları alçaldıcı bəyanatlar yazmağa məcbur edirlər. 
 
Bəziləri bunu SSRİ-də 30-cu illərin sonlarındakı repressiyalarla müqayisə edirlər. Beləsi nə 30-cu, nə 40-cı, nə də inkvizisiya illərində olub.
 
XİN sistemində 20 ildən artıq işləmişəm. Bu nazirlikdə uzun illərdi dünyada ölkənin maraqlarını müdafiə edən xeyli vicdanlı və təmiz insan var. Dünən məzuniyyətdən sonra Belçikaya qayıtmışam və Belçika XİN-in, Avropa institutlarının artıq bu biabırçılıqdan xəbərdar olduğunu bilib, şoka düşmüşəm. Mənə rəsmən müraciət edərək özümə və ailəmə mühafizə ayırmaq təklif edilib. İmtina etmişəm, lakin Belçika XİN-i təkid edir. Bəzi KİV-lər Norveçdə siyasi sığınacaq axtardığım barədə məlumat yayıb. Bunu görməyəcəksiniz. Böyük xalqıma qarşı cəhalətpərəstlik və ədalətsizliklə mübarizə əzmim sonsuzdur. Azərbaycan XİN-in zərər çəkmiş diplomatlarına müraciət edirəm! Şərəfimə and olsun ki, Azərbaycan xalqı ədaləti bərpa edəcək və siz bu dövlətdə yüksək mövqelər tutacaqsınız. Bunu çox gözləmək lazım gəlməyəcək".
 
Qeyd edək ki, Arif Məmmədovun Norveçə getməsi xəbərinin yayılmasına səbəb bu ölkənin Bakıdakı sabiq səfiri Steynar Gilin özünün facebook profilində paylaşdığı bir status olub. Həmin statusun tərcüməsi belədir: “Səfir Arif Məmmədov məndən bunu paylaşmamı xahiş etdi: ”Əziz Steiner Gil, bunu paylaşmanızı xahiş edirəm. Mən 29.06 tarixdən 10.07 tarixə qədər Norveçdə səfərdə olacam. İnsanlar oyanıb. Azərbaycanın bütün gerçək dostlarının yardımına ehtiyacım var. Güman edirəm ki, sizinlə də görüşəcəm. Avropa mediası da mənə dəstək verməlidir. Bir xeyli SOS məlumatım var".
 
Buna əsasən belə bir fikir yaranmışdı ki, üsyan bayrağı qaldıran və buna görə də hədəfə gələn səfir artıq Norveçə siyasi sığınacaq üçün yollanır. Ancaq göründüyü kimi özü bunu təkzib edir.
 
Xatırladaq ki, bəzi hakimiyyət təmsilçiləri və iqtidara yaxın mətbuat Arif Məmmmədov haqqında sərt ifadələr işlətməklə onu dövlətə xəyanətdə ittiham edir. Buna səbəb Arif Məmmədovun öz facebook səhifəsində Binəqədidə yanan bina ilə bağlı sərt çıxışı və belə bir status paylaşması olub: “Bu faciə hər bir azərbaycanlının kədəri və faciəsidir. Allah xalqımıza səbri qalıbsa, səbir versin. Heç bir xalq bu qədər haqsızlığa və biabırçılığa dözməz. Xalqın zülmündən milyonlar əldə edən məmurlar çox səbirli xalqımızın qəzəbindən qorxmurlarsa, Allahın qəzəbindən qorxsunlar”.
 
Azərbaycan XİN əməkdaşları Cavid Musayev, Ramiz Vəliyev, Anar Mədətli, Fərəh Gözəlova və Hikmət Hacıyev isə həmin çağırışı dəstəkləyiblər. Srağagün isə onların nazir Elmar Məmmədyarovun əmri ilə işdən çıxarıldığına dair məlumatlar yayılıb. Dünən istirahət günü olduğundan bu xəbəri XİN-lə dəqiqləşdirmək mümkün olmadı. (Yeni Müsavat)

 

Google+ WhatsApp ok.ru