Süd vəzi xərçəngindən ölüm halları 40 faiz azalıb

Süd vəzi xərçəngindən ölüm halları 40 faiz azalıb

1989-2015-ci illərdə döş xərçəngindən ölüm halları 40 faiz azalıb və 322 min 600 ölümün qarşısı alınıb. Bu haqda Amerika Xərçəng Cəmiyyəti çərşənbə günü – oktyabrın 3-də məlumat yayıb. Araşdırma barədə «The Washington Post» qəzeti yazır.
 
Tədqiqat üzə çıxarıb ki, süd vəzi xərçəngindən ölüm halları 1975-1989-cu illərdə 0.4 faiz yüksəlib. Ondan sonra ölüm halları sürətlə azalıb, 2015-ci ilədək düşüş 39 faiz olub.
 
Los-Ancelesdəki Kaliforniya Universitetində döş xərçəngi cərrahı, tədqiqatda iştirak etməyən Deanna Attai deyir ki, müalicədə irəliləyiş 1980-ci illərdə hazırlanmış daha yaxşı kimyaterapiya sxemləri ilə əlaqədardır. Daha bir uğur estrogen hormonlarına qarşı 1970-ci illərin sonunda təsdiqlənmiş «tamoksifen» dərmanıdır. HER2 adlı, normadan yuxarı proteinli şişlərin müalicəsində istifadə olunan «Herceptin» dərmanı da əldə edilən uğurlar sırasındadır.
 
DAHA TƏKMİL MÜALİCƏ ÜSULLARI
 
Artıq süd vəzisindən ətrafa yayılmış xərçəngin müalicəsində daha təkmil müalicə üsulları tətbiq olunur. Ancaq məqalədə qeyd edilir ki, yenə də bu xəstəlikdən ölüm halları yüksəkdir. Döş xərçəngi ABŞ-dakı qadınlara ən çox diaqnoz qoyulan xərçəng növüdür və ölümlə sonuclanma üzrə ağciyər xərçəngindən sonra ikinci yerdədir. Bu il ABŞ-da 252 min yeni döş xərçəngi diaqnozunun qoyulacağı və 40 min 600 qadının bu xəstəlikdən öləcəyi gözlənir. Birləşmiş Ştatlarda qadına döş xərçəngi diaqnozu qoyulması riski 12.4 faizdir, yaxud hər 8 qadından birinə bu diaqnoz qoyula bilər.
 
2006-2015-ci illərdə bütün irqi və etnik qruplar üzrə ölüm səviyyəsi azalıb. Ancaq bəzi qruplar üzrə ölüm hallarında fərqlər var. Məsələn, 2015-ci ildə süd vəzi diaqnozu qoyulmuş qaradərili qadınların sayı ağdərililərdən 39 faiz çox olub. Amma bu rəqəmin özündə də irəliləyiş var – 2011-ci ildə 44 faiz çox idi. Hesabatda bunun bir səbəbi qaradərili qadınların «Tamoksifen»dən yararlanmaması göstərilir.
 
Hesabat 2015-ci ildə yeddi ştatda ağ- və qaradərili qadınlar arasında ölüm səviyyəsinin eyni olduğunu üzə çıxarıb.
 
«Bu o deməkdir ki, tunelin sonunda işıq görünür. Bəzi ştatlar bu fərqi aradan qaldıra bildiklərini göstərirlər», – araşdırmanın aparıcı müəllifi Carol DeSantis deyib.
 
SIĞORTA, İŞ STATUSU
 
Ancaq yenə də mütəxəssislər qara-ağ bərabərsizliyini «qəbuledilməz» sayırlar. Tennessi ştatının Cermantaun şəhərindəki Qərbi Xərçəng Mərkəzinin onkoloqu Lee Schwartzberg-in fikrincə, bu fərq mürəkkəb sosial, iqtisadi və bioloji faktorları üzə çıxarır. Buraya sığorta, iş status da daxildir. Hesabatda o da qeyd olunur ki, qaradərili qadınlarda ağdərililərə nisbətən üçqat neqativ döş xərçəngi də yaranır və bunu müalicə etmək daha çətindir.
 
«Xərçəng diaqnozlu xəstələrimiz var ki, dörd-beş həftəlik gündəlik radiasiya üçün vaxt təyin etməkdə çətinlik çəkirlər, çünki işdən icazə ala bilmirlər», – Schwartzberg deyib.
 
Ağ- və qaradərili qadınlar arasında ölüm fərqi Nevadada 20, Luizianada 66 faizdir.
 
Döş xərçəngi diaqnozlarının 81 faizi 50 və yuxarı yaşlı qadınlara qoyulur, elə ölüm hallarının da 89 faizi həmin yaş qrupunda baş verir. Qadınlar üçün ortalama diaqnoz yaşı 62-dir.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru