Sürücülük vəsiqəsinə əlavə katiqoriyalar əlavə ediləcək

Sürücülük vəsiqəsinə əlavə katiqoriyalar əlavə ediləcək

-- Hüquqşünas Ərşad Hüseynov: ““Bu layihə həmin problemi həll edir”

Azərbaycan prezidenti tərəfindən “Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişikliklər təklif olunub.  Layihədə qanunun I maddəsinə 25-1, 25-2 və 25-3 bəndlərin əlavə olunması təklif edilir.
 
Təklifdə sürücülük vəsiqəsinə əlavə katiqoriyalar əlavə ediləcəyi qeyd edilir.  Bunlar B1, C1, D1, C1E, D1E kateqoriyalarıdır. Bu zərurətin hardan meydana gəldiyini və sürücüləri hansı yeniliklər gözlədiyini Sputnik Azərbaycan yol ekspetlərindən soruşub.
 
Hüquqşünas Ərşad Hüseynov bildirib ki, bu dəyişikliklər hal-hazırda istifadə etdiyimiz vəsiqələrin 1968-ci il Vyana Konvensiyasına 2004-cü ildə edilən və 2011-ci ildən qüvvəyə minən yeni nümunəyə uyğun olmaması (məlumatların sıralanma ardıcıllığının pozulması), həmçinin vəsiqədəki məlumatlarda latın əlifbasında olmayan hərflərin (ə, ı, ö, ü, ğ, ç, ş) transliterasiya (bir yazı sistemindəki hərflərin başqa yazı sisteminin hərfləri ilə verilməsi-red.) edilməməsi ilə bağlıdır. 
 
 "Bu layihə həmin problemi həll edir. Layihə qəbul edilib qüvvəyə mindikdən sonra (yəqin ki, gələn ilin əvvəllərindən) sürücülük vəsiqələrimiz tam olaraq Konvensiyanın 6 saylı əlavəsinin yeni redaksiyasına uyğun olmaqla veriləcək. Layihədə Konvensiyaya uyğun olaraq sürücülük kateqoriyalarına yeni altkateqoriyalar (B1, C1, D1, C1E, D1E) əlavə olunur. Bunlar müxtəlif tip nəqliyyat vasitələrinin fərqli kateqoriyalarının idarə edilməsi hüququnu dəqiqləşdirməyə yönəlib. Məsələn, B1 altkateqoriyası hazırda dünyada geniş yayılan kvadrosiklləri, D1 16-yadək sərnişin yeri olan mikroavtobusları idarə etmək üçündür” — deyə Hüseynov bildirib.
 
O, layihədə başqa maraqlı məqamların da olduğunu qeyd edib: "Məsələn, trisikl və kvadrisikllərin hüquqi statusu aydınlaşdırılır. Yeni nümunəli sürücülk vəsiqələrində vəsiqə sahibinin fərdi identifikasiya nömrəsi (FİN-kod), onun barəsində xüsusi məhdudiyyətlər (məsələn, nəqliyyat vasitəsini yalnız eynəklə idarəetmə barədə qeyd, ona xüsusi təchizata malik “Əlil” tanınma nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnun verildiyinə dair qeyd) də olacaq” — deyə ekspert əlavə edib.
 
Yol eksperti Elməddin Muradlı da hesab edir ki, bu yenilik zərurətdən irəli gəlib: “Çünki son illər Azərbaycanda trisikl, kvadrosikl və bəzi böyük tutumlu avtobuslar vardır ki, onlar xüsusi kateqoriyaya bölünürlər. Məhz sürücülük vəsiqəsində də kateqoriya olmalıdır ki, həmin şəxs nəqliyyat vasitəsini idarə edə bilsin. Buna görə də qanunda olan boşluğu doldurmaq üçün məhz dəyişiklik etmək lazım idi. Digər tərəfdən, sürücülük vəsiqələrimiz Vyana konvensiyasına uyğun deyildi. Standarta görə  ə, ı, ö, ü, ğ, ç, ş hərfləri verilməməlidir, amma biz bu hərflərdən istifadə edirdik. Üstəlik tərcümə də əlavə edilmirdi. Bu da bizim vəsiqələrin dünyada tanınmasını əngəlləyirdi”. 
 
 Muradlı qeyd edib ki, Milli Məclis bu qanunu qəbul etsə, sürücülər sürücülük vəsiqələrini gedib rahatlıqla dəyişə biləcəklər və xaricdə həmin vəsiqələrdən istifadədə heç bir problem yaranmayacaq.
 
Ekspertin sözlərinə görə, imtahanlar olduğu kimi qalacaq. Yeni katiqoriyaların alınması üçün şərait yaradılacaq. Sözügedən nəqliyyat vasitələrini idarə etmək istəyən şəxslər imtahan verərək onları da sürücülük vəsiqəsinə əlavə edəcəklər”.
 
Qeyd edək ki, layihənin yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənilir.(sputnik.az)

Google+ WhatsApp ok.ru