SƏADƏT YOLU

SƏADƏT YOLU

-- Bilmədiyini danışma....

İmam Əli (ə) oğlu imam Həsənə (ə) vəsiyyət edərkən bir sıra şəxsi vəzifələrə toxunaraq buyurur:

وَ دَعِ الْقَوْلَ فيِمَا لا تُعْرِفُ، وَالنَّظَرَ فيِمَا لاتُكَلَّفْ، وَأَمْسِكْ عَنْ طَريِق إِذا خِفْتَ ضَلالَتَهُ، فَاِنَّ الْكَفَّ عِنْدَ حَيْرَةِ الضَلالَةِ خَيْرٌ مِنْ رُكُوبِ الاَْهْوالِ. وَ أْمُرْ بِالْمَعْروُفِ تَكُنْ مِنْ أَهْلِهِ، وَ أَنْكِرِ الْمُنْكَرَ بِلِسَانِكَ وَ يَدِكَ، وَ بايِنْ مَنْ فَعَلَهُ بِجُهْدِكَ.

(Ey oğlum!) Bilmədiyini danışma, vəzifən olmayan iş barədə düşünmə, azmaq təhlükəsi olan yoldan imtina et, həqiqətən, azmaq təhlükəsi olan işdən əl çəkmək hövlnak işlər görməkdən üstündür. Yaxşı işləri əmr et, özün də yaxşılardan ol. Əlin və dilinlə xalqı çirkinlikdən çəkindir, pis iş görənlərdən uzaq olmağa çalış.” (“Nəhcül-bəlağə”, məktub 31.)

Bəzən hər hansı bir məclisdə oturmuş şəxs bilmədiyi şeydən danışır, lovğalanır, bütün mövzularda meydan sulayır. Onun üçün söhbətin elmdən, sənətdən, şəriətdən, iqtisadiyyatdan, siyasətdən getməsinin fərqi yoxdur. Özünü mütəxəssis kimi göstərib ağzına gələni danışır. Əsassız, boş danışıq insanın xeyli enerjisini və vaxtını əlindən alır. Ömür faydasız yerə tələf olur. Dünyanın böyüklü-kiçikli bütün məsələləri haqqında fikir yürüdür; hansı ki, həmin məsələlərin mahiyyətindən xəbərsizdir. Zərrəcə məlumatımız olmayan məsələlər haqqında söz düşən kimi biz də nəsə deyirik. Bəzən mübahisə qızışır, səs-küy aləmi bürüyür. Görən bütün bu qalmaqalların faydası nədir? Boş danışıq ömür sərmayəsini puça çıxaran minlərlə işlərdən biridir. Nə danışdığını özü də bilməyən insan nadanlıq girdabında çırpınır. Bu işin cahillik olduğunu hamı bilsə də, əksər cəmiyyətlər bu sayaq nadanlıqdan əziyyət çəkir. Ömür bada gedir, kin-küdurət artır. Ona görə də, imam Əli (ə) ömür sərmayəsini boş danışıqlarla hədərə verməməyi tövsiyə edir və buyurur: “Bilmədiyini danışma.”

Vəsiyyətnamənin davamında Həzrət (ə) buyurur: “Vəzifən olmayan iş barədə düşünmə. İnsan bəzən fərdi və ictimai həyatda hansısa işlərə vəzifəli olduğuna əmin olur. Ona görə də, öz vəzifələrini yerinə yetirir. Bəzən isə o, müəyyən məsələlərin həllində özünü aciz görür, anlayır ki, bu məsələlərə təsir gücünə malik deyil. Əlbəttə ki, belə məsələlər haqqında düşünməyə də lüzum yoxdur. Onu da nəzərə almalıyıq ki, insanın bir işə vəzifəli olub-olmamasında coğrafi məsafənin heç bir rolu yoxdur. İnsan öz evinin içində hər hansı bir işə vəzifəli olmaya da bilər. Amma dünyanın o biri başındakı bir problemin həlli onun intizarında olar. Yox əgər hər hansı bir iş vəzifəmiz deyilsə, o barədə düşünməyə dəyməz. Məsələn, ər otaqdakı pərdələrin, xalıların, mebelin seçiminə və düzülüşünə etiraz etməməlidir. Bütün bu işlər evin xanımının ixtiyarındadır və ər həmin işlərə müdaxilə etməməlidir. Çox yaxşı olar ki, evin səliqəsi xanımın ixtiyarına verilsin. Bir sözlə, insan öz vəzifəsi haqqında düşünməli, ağlını boş yerə sərf etməməlidir. Yersiz müdaxilələr enerji və vaxt israfından əlavə ixtilaflara da səbəb olur. Çox təəccüblüdür ki, saatlarla vaxtını boş düşüncələrə sərf edən insan vaxt darlığından şikayətlənir. Bəli, əsil vəzifəsinin icrası üçün insana 24 saat azlıq edir. Bununla belə, o, boş işlərə xeyli vaxt sərf edir, vəzifəsi olmayan işlərlə məşğul olur. Ona görə də Həzrət (ə) buyurur: “Azmaq qorxusu olan yoldan imtina et.”

İnsan bəzən haraya gedəcəyini müəyyənləşdirdikdən sonra qarşısında iki yol görür: yollardan biri məqsədə doğru aparır, digəri isə şübhəlidir. İkinci yolun insanı azdıracağı qorxusu var. Bu vaxt etibarlı yolu seçmək lazımdır. Şübhəli yola üz tutmaq ağılsızlıqdır. Şübhəli yolla getməkdənsə, dayanmaq daha yaxşıdır. İmam Əli (ə) buyurur: “Həqiqətən, azmaq qorxusu ilə bir işdən əl çəkmək hövlnak işlər görməkdən üstündür.” Əyri yolla gedən şəxs ən yaxşı halda durduğu yerə çatacaq və yenidən hərəkətə başlamalı olacaq. Amma əyri yolda elə uçurumlar ola bilər ki, insan həlak olar və kimsəni məzəmmət edə bilməz.

Düşüncə süqutu...

“Sizə aid olmayan işlərə qarışmayın, məsul olmadığınız işlərə müdaxilə etməyin” deyəndə, bəziləri elə başa düşürlər ki, cəmiyyətdə hərə özü üçün yaşamalıdır: “İsanın dini özü üçün, Musanın dini özü üçündür.” Elə əvvəllər də müsəlmanlar və qeyri-müsəlmanlar arasında belə bir təfəkkür olmuşdur. Bu yanlış münasibət indi də davam edir və müasir qərb mədəniyyətində özünü bariz şəkildə göstərir. Qurani-Kərimdə buyurulur:

يا اَيُّها الذَّينَ آمَنُوا عَلَيْكُمْ اَنْفُسَكُمْ لاَ يَضُرُّكُمْ مَنْ ضَلَّ اِذَا اهْتَدَيْتُم

“Ey iman gətirənlər, özünüzü qoruyun. Siz doğru yolda olsanız, azanlar sizə heç bir zərər yetirə bilməzlər.” (“Maidə” surəsi, ayə 105.)

Bu sözləri eşidən bəzi müsəlmanlar elə başa düşürlər ki, qurtuluş tənhalıq və xanənişinlikdədir. Onlar bir guşədə ibadət edib, başqalarının işinə qarışmamaq qərarına gəldilər. Bugünkü sufilər firqəsində həmin baxış yaşamaqdadır. Bu yanlış baxışın kökləri uyğun buyruqların səhv anlaşılmasından qidalanır. Qərb mədəniyyətində hökm sürən biganəlik isə başqa bir batil düşüncəyə əsaslanır.

Bildiyimiz kimi, qərbin və küfr dünyasının bütü “azadlıq” şüarıdır. Onlar elan edirlər ki, istədiyinizi edin və başqalarının işinə qarışmayın. Guya, yalnız istədiyi kimi yaşayan insan azaddır. Uyğun ağılsız baxış elə bir həddə güclənmişdir ki, qərb və qərbyönlü ölkələrdə homoseksualizm qanuniləşdirilir. Arvadlıq tələb edən kişilərin müdafiəsi üçün nümayişlər keçirilir. Bu gün mədəniyyət simvolu hesab olunan ölkələrdə kişinin kişi ilə evlənməsi qanuni işdir. Onlar xalqa belə bir azadlıq verdikləri üçün fəxr edirlər. Hansı ki, bir şəxsin o birinə nəsihət verməsi ədəbsizlik sayılır.

Bəzi müsəlmanlar isə İslamın əxlaqi göstərişlərini yanlış dərk edərək qərara gəlirlər ki, insanın cəmiyyət qarşısında heç bir vəzifəsi yoxdur və hərə özü üçün yaşamalıdır. Guya, insan heç kimsənin işinə qarışmamalıdır. Bəzi cəmiyyətlərdə isə uyğun baxış qanuniləşdirilir və hərə istədiyi kimi yaşayır. Başqalarının azadlığına maneçilikdən başqa hər şey caiz sayılır. İslam bu baxışların heç birini qəbul etmir. Çünki dində “əmr be məruf” və “nəhy əz münkər” (yaxşılığa əmr və pisliyə qadağa) vacib göstərişlər sırasındadır. Bəzi rəvayətlərə əsasən, “əmr be məruf” namazdan da mühümdür. Çünki “əmr be məruf” olmayan cəmiyyətdə namaz da yoxdur. Dini göstərişlərin icrasında “əmr be məruf”un rolu müstəsnadır. İmam Baqir (ə) buyurur:

اِنّ الاَْمْرَ بِالْمَعْروُفِ وَ النَّهْىَ عَنِ الْمُنْكَرِ سَبيلُ الاَْنْبيِاءِ وَ مِنْهاجُ الصُّلَحاءِ فَريضَةٌ عَظيمَةٌ بِها تُقامُ الْفَرائِضُ...؛

“Həqiqətən, əmr be məruf və nəhy əz münkər peyğəmbərlərin yolu, salehlərin üsuludur. O, elə bir mühüm fərizədir ki, digər fərizələr onunla davam tapır.” (“Vəsailuş-şiə”, 11-ci cild, səh.395.)

Sözsüz ki, əmr be məruf fərizəsi bir guşədə ibadətə məşğul olan sufinin baxışları ilə uyuşmur. İslam buyurur ki, insanın həm özünə, həm də başqalarına aid vəzifələri vardır. Əlbəttə, hər bir vəzifənin şərtləri mövcuddur. Şərtlər ödəndikdə vəzifə vacib olur. Dini vəzifənin vacib olmasında dünya mədəniyyəti, şəxsi rəy heç bir rol oynamır. İmam Əli (ə) “Vəzifən olmayan iş barədə düşünmə” – deyərkən “əmr be məruf” kimi qəti vəzifəni nəzərdə tutmur. Həzrət (ə) vəzifə sayılmayan iş barədə düşünməməyi tapşırır. Hansı ki, əmr be məruf ilahi vəzifədir və bizi cəmiyyət qarşısında vəzifəli edir. Həzrət (ə) öz vəsiyyətində yaxşılığa dəvət etməklə şübhələri aradan qaldırır. Buyurur: “Yaxşı işləri əmr et, özün də yaxşılıq əhlindən ol.” (“Pənde-cavid – Əbədi öyüd”, Ayətullah Misbah Yəzdi, 1-ci cild, səh.81-90.)

(Maide.Az)

 

Google+ WhatsApp ok.ru