Tələbənin haqqı təhsilhaqqının altında tapdanır

Universitetlərdə tətbiq edilən ödənişlər orta statistik azərbaycanlı ailəsinin illik büdcəsindən artıqdır

Təhsil ocaqlarında dərslərin başlamasına artıq sayılı günlər qalıb. Dövlət imtahanlarının nəticələri bəzi abituriyentləri sevindirdiyi, digərlərini kədərləndirdiyi zaman, bəzilərinin də üzündə yaranmış təbəssümü dondurdu. Üçüncü kateqoriyaya ödənişli əsaslarla ali məktəbə daxil olanlar aiddir. Belə ki, istər dövlət, istərsə də özəl universitetlərin ödəniş haqları bir çoxlarının cibinə uyğun gəlmir və bu səbəbdən abituriyentlər də universitetə getməmək məcburiyyətində qalırlar. 
Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsində ali təhsillə bağlı vətəndaşların sualları cavablandırılarkən bildirilib ki, mövcud qanunvericiliyə uyğun olaraq ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan bəzi kateqoriyalara aid olan tələbələrin təhsil haqqı təsdiqedici sənədlər təqdim etdikləri halda, dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bunlara dövlət ali təhsil müəssisələrində təhsil alan məcburi köçkün və şəhid ailələrindən olan tələbələr, dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində əyani təhsil alan, hər iki valideynini 18 yaşına qədər itirmiş və ya ona bərabər tutulan (bir valideynini itirmiş, digər valideyni I və II qrup əlil olan) 23 yaşınadək tələbələr daxildir. Digər hallarda ödənişli əsaslarla təhsil alan tələbələr təhsil haqqını ödəməkdən azad olunmurlar. 
 
Təhsil haqqının ödənilməsi ilə bağlı məsələyə gəlincə, qeyd olunub ki, birinci kursdan sonra təhsil haqqı tam və ya tədris ilinin sonunadək hissə-hissə ödənilə bilər. Bu məsələ ali təhsil müəssisələrinin səlahiyyətlərinə aiddir. Təxminən iki il öncə Azərbaycan universitetlərində ödənişli ali məktəblərin sayına məhdudiyyət qoyulması haqda Təhsil Nazirliyində bəzi müzakirələr gedirdi. Hətta ödənişli təhsil sistemindən ödənişsizə keçməklə təhsilin keyfiyyətinə də müsbət təsir göstəriləcəyi haqda fikirlər də səslənmişdi. Daha sonra isə Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Məlahət İbrahimqızı da bu fikri dəstəkləyərək, ümumiyyətlə ödənişli təhsil sistemini ləğv etməyi və ya təhsil haqqının simvolik məbləğədək aşağı endirilməsinin Azərbaycan kimi güclü iqtisadiyyatı və potensialı olan ölkədə mümkün olduğunu bildirmişdi. Onu da qeyd edək ki, Prezident İlham Əliyev 29 dekabr 2012-ci il tarixində "Vergi məcəlləsi"nə edilmiş əlavələri imzalayaraq özəl universitetləri də ƏDV-dən azad etmişdi. 
 
Universitetlərdə tətbiq edilən ödənişlər necə müəyyənləşdirilir? 
 
Bu sualla bağlı Azərbaycan Dövlət Neft Akademiyasının İnformasiya kommunikasiya texnologiyaları Mərkəzinin rəisi Osman Mirzəyev modern.az-a bildirib ki, təhsil haqlarını Tarif Şurası tənzimləyir: "Tarif Şurasına təhsil haqqı ilə bağlı təklif irəli sürülür. Şura da təklifə əsasən məbləği artırır və ya azaldır". 
 
O.Mirzəyevin sözlərinə görə, son 3-4 il ərzində ADNA-da təhsil haqqı dəyişməyib. "Universitetlər arasında da ən aşağı təhsil haqqı bizdədir - 1200 manat. Təhsil haqlarından gələn gəlirin nəyə sərf olunması rəhbərliyin səlahiyyətindədir" - deyə O.Mirzəyev sözünə əlavə edib. 
 
İqtisad Universitetinin mətbuat xidmətindən isə təhsil haqqının sonuncu dəfə üç il öncə dəyişdirildiyi bildirilib - məbləğ 1200-2000 manat arasında dəyişir. 
 
Tibb universitetində də durum eynidir. Sonuncu dəfə qiymətlər üç il öncə dəyişdirilib. Dəyişiklik isə universitetin "Müalicə işi"nin ödənişli bölməsinin əyani şöbəsində olub. Bu fakültədə illik təhsil haqqı 1000 manatdan 2500 manata qaldırılıb. Universitetin mətbuata verdiyi açıqlamasında isə təhsil haqqının universitetin tədris hissəsi tərəfindən müəyyənləşdirildiyi bildirilib. Mətbuat xidmətindən verilən məlumata görə, təhsil haqlarından yığılan məbləğ yataqxanalara, tələbələrin praktikalarına, bir sözlə tələbələr üçün sərf olunur.
 
Özəl universitetlərdə isə qiymətlər daha fərqlidir. Belə ki, Qafqaz universitetində maksimal ödəniş haqqı 4000-4500 AZN, Xəzər universitetində 4500 AZN təşkil edir. Xəzər Universitetinin İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli Bizimyol.info-ya təhsil haqqının Tarif Şurası ilə universitet arasında razılaşma ilə müəyyən edildiyini bildirdi. "Hər universitetin öz əsasnaməsi var və təhsil haqqı da bu əsasnaməyə görə müəyyənləşdirilir", deyən Ə.Əmirbəyli qiymət dəyişikliyi olduqda isə onun bazara uyğun dəyişdirildiyini bildirdi. 
 
Ə.Əmirbəyli onu da qeyd etdi ki, qiymət müəyyənləşdirildikdə tələbəyə bunun qarşılığı da verilir: "Universitetimizdə hər 3-4 tələbədən birinə kompüter düşür. Hal-hazırda bizim məqsədimiz isə bunun sayını 1-2-yə endirməkdir. Universitetimizi bitirən tələbələrimiz dünyanın istənilən ölkəsində işə düzəlmək qabiliyyətində olurlar. Bildiyiniz kimi, universitet ingilis dillidir".
Universitet sözçüsü təhsilin keyfiyyətini qaldırmaq üçün universitetə xaricdən mütəxəssislərin də dəvət edildiyini bildirdi: "Həm də biri var 50 tələbəyə bir müəllim olsun, biri də var 5-8 nəfərə bir müəllim olsun. Təbii ki, bunun da təhsilin keyfiyyətinə birbaşa təsiri olur".
 
"Təhsil haqqının məbləği bazara görə müəyyənləşdirilməlidir"
 
Uzağa getməyək, misal üçün, Rusiyada ödənişli özəl ali məktəblərin işədüzəltmə mərkəzləri də olur. Bu mərkəzlərdə nəinki işədüzəlmə ilə bağlı məsləhətləşmələr, burada həmçinin vakansiya bankı da olur.
Maliyyəçi ekspert, iqtisad elmləri namizədi, hazırda özü də ali məktəblərdə dərs deyən Zaur Əhmədov isə təhsil haqqının müəyyənləşdirilməsində təhsil müəssisələrinin sərbəst olduğunu bildirdi: "Ümumiyyətlə, təhsil haqqının formalaşması əsasən təhsilin keyfiyyətinə görə bazara, əhalinin ödəniş qabiliyyətinə uyğun, təhsil müəssisəsinin öz maddi-texniki bazalarına, yəni tələbələrə dərs demək üçün cəlb ediləcək mütəxəssislərə, tədris prosesi üçün sərf edilən başqa xərclərə görə müəyyənləşir. Misal üçün tələbələri təcrübə üçün xaricə və ya ölkəmizdə olan qabaqcıl şirkətlərə göndərirlər ki, orada təcrübə keçərək, artıq ali məktəbi qurtarana qədər hazır mütəxəssisə çevrilsin, onun potensialına böyük tələbat olsun və bütün bu sadalananlar bir araya toplanılıb, onun üzərinə təhsil haqqı formalaşdırılır".
 
"Bizdə bunu tənzimləyən mexanizm yoxdur"
 
Tanınmış ekspert, uzun zaman elm və təhsil sahəsində çalışmış professor Xaləddin İbrahimli isə bildirdi ki, təhsil haqqı ilə bağlı məsələ hazırda o ölkədə hansısa mexanizmlə tənzimlənməyib: "Təhsil haqqı havadan-sudan müəyyənləşdirilir. Misal üçün, hüquq ixtisası üzrə kadr hazırlığı pedaqoji kadr hazırlığından ucuz başa gəlir. Ən bahalı aviasiya mütəxəssisi hazırlanmasıdır, onun praktikasına çəkilən xərclərlə edilən ödənişlər uyğunlaşmır. Ali məktəblərin çəkdiyi xərclərlə təhsil haqları sıx şəkildə bağlı olmalıdır. Lakin əfsuslar olsun ki, Azərbaycanda bu kimi hallar nəzərə alınmır".
 
Təhsili buraxmaq məcburiyyətində qalanlar
 
Lakin təhsil haqqına və ekspertlərin dediyi kimi, əhalinin ödəniş qabiliyyətinə baxdıqda qiymətlərin çox yüksək olduğunu görmək olur. Misal üçün, ölkəmizdə bir nəfərin orta illik gəliri 3600-4000 manat təşkil etdiyi halda, kommunal xərclərini daxil etməsək, bu məbləğin təkcə 50-60%-i ərzaq xərclərinə sərf edilir. Bundan başqa, ən azı 3-4 nəfərlik ailədə işləyən şəxsin bir nəfər olduğunu nəzərə alsaq, ailənin durumu daha da çətinləşir. Belə bir halda isə həmin ailədən olan abituriyent artıq növbəti ildə yenidən dövlət imtahanı verib, ödənişsiz ali məktəblərdən birinə daxil olmağa bir daha cəhd göstərmək məcburiyyətində qalır. 
 
Belə abituriyentlərdən biri İdman Akademiyasına daxil olan Tamerlandır. Onun sözlərinə görə, təhsil haqqı 900 AZN təşkil edir, lakin illik ödənişi etmək imkanı olmadığına görə o, bu il təhsili buraxmaq məcburiyyətində qalıb: "Dövlətin qanunu belədir, başqa nə deyə bilərəm ki?"
 
Əhməd isə İqtisadiyyat universitetinə daxil olduğunu deyir. Onun daxil olduğu fakültədə oxumağa görə isə Əhmədin illik ödənişi 1700 AZN təşkil edir. "Əslində təhsil haqqı bir az yüksəkdir, qiymət endirimi olsa yaxşı olardı" - deyən Əhməd artıq qeydiyyatdan keçib, tələbə adını aldığını bildirdi.  
 
"Universitet zərərə uğrayır..."
 
Ekspert Zaur Əhmədov bu gün təhsil sektorunda qiymətlərin rəqabət əsasında formalaşdığını deyərək, ölkədə bu sektorda sağlam rəqabətin olduğunu da vurğuladı. Onun sözlərinə görə, rəqabət nəzərə alınmasa, təhsil sektorunda elə bir qiymət formalaşar ki, əhalinin ödəniş qabiliyyətinin səviyyəsi aşağı olduğu halda təhsil haqqı da yüksək olar. Təhsil almaq niyyətində olanlar isə təhsildən kənarda qalarlar: "Belə olan halda isə həmin təhsil ocaqları TQDK-dan aldığı yerlərə müvafiq sayda tələbə yerləşdirə bilmirlər və bu yerlər də boş qalır. Boş qalan yerlər isə təhsil müəssisəsinin zərəri sayılır. Universitetlər müvafiq yerlərə lazımi sayda tələbə cəlb edə bilmədiklərinə görə, itkilərlə üzləşirlər. Həmin itkiləri nəzərə alaraq növbəti ildə təhsil müəssisəsi artıq qərar qəbul edərkən qiymətləri bazara uyğunlaşdırmaq zorunda qalır. Bir neçə il ərzində qiymət strategiyasını səhv formalaşdırdığı zaman o artıq bazarda öz yerini digərlərinə güzəştə vermək məcburiyyətində qalır".
Ekspertin fikrincə, bəzi universitetlər təhsil haqqını formalaşdırarkən öz mənfəətlərini də güdürlər. Təbii ki, əgər universitet nüfuzunu artırmaq və daha da inkişaf etmək istəyirsə, bu, normal haldır. Lakin unutmayaq ki, universitetlərin tələbatı ildən-ilə dəyişdikcə, tələbələrin təhsilində də ilbəil inkişaf olmalıdır, keçirilən dərslərin səviyyəsindən və keçirilməyən praktiki işlərin olmamasından şikayətlənən tələbələrin sayı da azalmalıdır. Əfsuslar olsun ki, ölkədəki təhsilin səviyyəsi haqqında hələ ki, bunu deyə bilmərik. 

Google+ WhatsApp ok.ru