Təqvanın ilk şərti qeybə imandır

İslam İnqilabının rəhbəri, Ali Lider Ayətullah Seyid Əli Xameneinin təfsir dərslərindən...
 
Bismillahir-Rəhmanir-Rəhim. Təqva sözü çox təkrarlanan bir sözdür. Cəmiyyətimizdə bu sözlə tez-tez rastlaşırıq. Məqsədimi düzgün anlamaq üçün deyəcəklərimdə bir nöqtəyə diqqət yetirilməsi lazımdır. Təqvanı elə mənalandıra bilərik ki, siz asan anlayasınız. Amma bu sözü dəqiq tərcümə etmək üçün sözlər seçilməsi fərqli bir işdir.
 
Təqvanın məfhumu nədir? Təqva dayanmaq yox, hərəkət etməklə yanaşı çəkinməkdir. İnsan sakit dayanmaqla çəkinə bilər. Get evdə əyləş və heç bir işə qarışma! Sükan arxasında əyləşmə ki, dağ-daşa çırpılmayasan, uçuruma aşmayasan. Salamat qalma qüçün dağçılıq idmanı ilə məşğul olmayasan, əl-ayağına tikan batmaması üçün tikanlıqdan ötüb-keçməyəsən. İslam belə çəkinməyi tövsiyə etmir. İslamın göstərişi budur ki, hadisələrdən keçərkən nələrdənsə çəkinəsən. Məsələn, sürücülük et, eyni zamanda qaydaları pozmaqdan çəkin. Təqva haqqında danışarkən pəhriz sözünü işlətmək düzgündür. Müttəqin (təqvalılar) sözünün tərcüməsində pəhrizkarlar sözü çox işlədilib. Amma bu tərcümə müttəqin sözünün məfhumunu tam çatdırmır. Mən pəhrizkarlar əvəzinə pəhriz edənlər deyərdim. Amma bu söz çox işlənmədiyinə görə israr etmirəm. Mən uzun müddət təqva sözünü qorxmaq (pərva) kimi tərcümə etmişəm. Amma sonralar qərara gəldim ki, bu tərcümə sözün mənasını dolğun ifadə etmir. İfadənin tərcüməsi zamanı onun ahəngi də rol oynayır. Əgər söz rahat eşidilirsə rahat da qəbul olunur. Tərcümədə söz seçərkən bu nöqtəni nəzərə almaq lazımdır. Bəli, təqva hərkət zamanı pəhriz etmək, çəkinməkdir. Meydanlarda hərəkət edin, eyni zamanda ehtiyatlı olun. Büdrəmələrdən, yolu azmaqdan, başqalarından mənfi təsirlənmədən, qırmızı xətləri tapdamaqdan çəkinin. Yol təhlükəli, uzun və qaranlıqdır. Baxın görün dünyanın maddiyatçı gücləri (imperialistlər) necə zülmət yaradıblar. Haray çəkirlər, fəryad qoparırlar, qətnamələr çıxarırlar, insanları azdırırlar. Demək ehtiyatlı olmaq lazımdır. Bu gün dünyada imperializmin getdiyi yolun doğruluğunu qəbul edən neçə nəfər var? Qərbin ictimai fikir dediyi hadisə nəticəsində azğın yolu doğru yol kimi qəbul edənlər var. Qərb ictimai fikiri çaşdırmaqla insanları doğru yoldan çıxarır. Təəssüf ki, bir çoxlarını doğru yoldan azdıra bilir. İnsan diqqətini bir an əldən çıxarsa yolu azır. Bu yolda təqva laızmdır. Əgər insanın təqvası olsa Quran ona doğru yolu göstərər, hidayət edər. Əgər təqvan yoxsa, gözü bağlı yol gedirsən. Bu vəziyyətdə Quran səni hidayət edə bilərmi?! Heç vaxt! Gözü və qulağı bağlı insanı heç bir doğru söz oyada bilməz. Bu insanın qəlbində həqiqətə meyl yoxdur, özünü kamil şəkildə nəfs istəklərinin ixtiyarına verib. Quran beləsini hidayət etməyəcək. Bəli, Quran bir nidadır. Amma bu nida təqvası olmayanların qulağına çatmır. Quranda belə bir təbir var: “Onlar sanki uzaq bir yerdən çağırılırlar” (“Fussilət”, 44) Bu həmin insanlara aiddir. Təsəvvür edin ki, sizdən 1 km aralıda kimsə gözəl səslə gözəl bir mahnı oxuyur. Lətif zil və bəmləri var. Səsi sizə çatsa da nə dediyini eşitmirsiniz. Uzadan divara baxdıqda onun üzərində xətt görürsünüz. Yaxına gəldikdə görürsünüz ki, bu xətt uzadan görünməyən bir çat imiş. Ona görə Quran buyurur ki, onlar sanki uzaqdan çağırılırlar. Hidayət olmaq, doğru yola çıxmaq üçün diqqətli olmaq lazımdır.
 
Bəqərə surəsinin 3-cü ayəsində buyurulur: “O kəslər ki, qeybə inanar, namazı bərpa edər, verdiyimiz ruzidən nəfəqə edərlər. Əvvəlki söhbətimizin davamında deyə bilərik ki, müttəqin, yəni təqvalılar üçün 6 xüsusiyyət bəyan olunur. Bu 6 xüsusiyyət bir insanda toplananda təqva yaranır. Bu xüsusiyyətlər təmin olunduğu jalda təqva əsl təqvadır. Mən qeyd etmişdim ki, təqva insana bütün mərhələlərdə yardımçıdır. Əgər sizdə təqva varsa Qurandan nəsə anlayıb hidayət olursunuz. Təqvanız artdıqca quranı daha çox dərk edirsiniz. İnsanı təqvası əla həddə olsa belə təqvasının artması onun üçün Qurandan yeni mənalar açır. Deyilənlər yolun ilk mərhələsinə aid deyil. Belə deyil ki, təqvalı, yəni diqqətli olandan sonra Quranı başdan başa dərk edəcəyik. Bütün mərhələlərdə təqva artdıqca insan daha çox dərk edir. Bu 6 xüsusiyyət insanda məqbul təqvanın yaranması üçün müqəddimə xüsusiyyət sayıla bilər. Başqa sözlə minimum təqva üçün bu 6 xüsusiyyət ödənməlidir. 
 
Ayədə buyurulur ki, onlar qeybə inanır. Təqvanın ilk xüsusiyyəti qeybə, axirət dünyasına imandır. Quranda müxtəlif yerlərdə qeybə münasibətlə bağlı söz açılır. Qeyb insanın hislərindən gizli qalan bir hadisədir. Bütün varlıq aləmi iki hissəyə bölünür: qeyb aləmi və şəhadət (hiss üzvləri ilə dərk olunan) aləmi. Şəhadət aləmi deyəndə təkcə gözlə görünən aləm nəzərdə tutulmur. Hiss üzvləri ilə duyulan bütün şeylər bu aləmə aiddir. Mikroskop altında görünən zərrə də bu aləmdəndir. Hiss üzvlərinin fövqündə aləm davam edir. Aləm bizim hiss üzvlərimizlə məhdudlaşmır. Bizim hisslərimiz işləməyən, dayanan fəzalar da mövcuddur. 
 
Materialis, maddi dünya görüşü deyir ki, yalnız gördüyümüz mövcuddur. Materialist baxış dar və eqoist bir baxışdır. Sizin görmədiyinizin mövcud olmamasına dəliliniz nıdir? Bir şeyin olub-olmaması hökmünü vermək üçün həmin şey sizin hiss üzvlərinizin əhatə dairəsində olmalıdır. Əgər var deyirsinizsə bunu sübut etməlisiniz, əgər yox deyirsinizsə dəlillərinizi göstərməlisiniz. Materialistlərin qeyb aləminin mövcud olmamasına heç bir dəlili yoxxdur. Dəlilləri budur ki, biz həmin aləmi görmürük!! Onlara ünvanlanacaq ilk sual budur ki, məlumatsız olduğun bir şey haqqında hökm verməyin əsası nədir? Buna görə də Qurani-kərim bu qəbil insanlar haqqında onların gümana əsaslandığını bildirir. (bax: “Casiyə” 24; “Yunis”, 66) 
 
İlahi dünyagörüşü ilə materialist dünya görüşünün sərhəddi elə buradadır. İlahi dünya görüşünə əsasən hisslərimizin fövqündə də aləm var. Bizim dəlilimiz nədir? Mühüm nöqtə olaraq əqli dəlilləri yada salırıq. Ağıl Allahın varlığını təsdiqləyir. Allahın kitabını, vəhyi sübut edən ağıldır. Qeyb aləminə aid olan bütün hadisələri, o cümlədən qiyaməti əqli dəlillərlə sübuta yetiririk. Bəzi qənaətlər də əqli dəlillərlə sübuta yetmiş hadisələrdən yaranır. Ağılla sübuta yetir ki, Allah var, Allah birdir, qiyamət var, peyğəmbərlik həqiqətdir. Peyğəmbərlik sübuta yetdikdən sonra cənnət və cəhənnəm, qiyamət və mələklər kimi hadisələr qəbul edilir. Bəli, bəzi hadisələri vəhy əsasında qəbul edirik. Əgər peyğəmbərlik sübuta yetibsə peyğəmbərin buyurduqlarını qəbul etməyimiz məntiqidir. Çünki peyğəmbər doğruçudur.
 
Demək, təqvanın ilk şərti qeybə imandır. Varlığı məhdud bilməmək, hiss üzvlərinin fövqündə olan aləmi qəbul etmək təqva şərtidir. Qeyd etdim ki, qeybə iman ilahi dünya görüşü ilə materialist dünya görüşü arasında sərhəddir. Qeybə inanmayan insanın həyat tərzi fərqlidir. Qeyb inancı insanın həyata baxışını dəyişir. Bu iman insanı rahat buraxmır. Qeybə inanan insanın fərqli xüsusiyyətləri olur. Belə insanın həyat məqsədi var. Əgər qeybə iman yoxsa həqiqi məqsəd də ola bilməz.

Google+ WhatsApp ok.ru