Təyyarə qəzasının səbəbi: pilot intihar edib?!

"Almaniyanın "Germanwings" şirkətinin Fransada qəzaya uğramış təyyarəsinin ikinci pilotu təyyarənin idarəsini öz üzərinə götürərək enişə başlayıb".
 
Bunu qəzanın araşdırlması ilə məşğul olan rəsmi şəxslər deyir.
 
Daha əvvəlki xəbərlərdə deyilmişdi ki, çərşənbə axşamı Fransanın Alp dağları üzərində qəzaya uğramış "Airbus 320" təyyarəsinin pilotlarından biri kabinəni tərk etdikdən sonra kilidlənmiş qapının arxasında qalaraq öz yerinə qayıda bilməyib.
 
"Pilot kabinəsini tərk etmiş pilotlardan biri bağlı qapı arxasında qalaraq öz yerinə qayıda bilməyib" - deyə "New York Times" qəzeti adı açıqlanmayan təhqiqatçıya əsasən yazıb.
 
Uçuşun audio yazısını təhlil edən təhqiqatçı bildirir ki, pilotun qapını döydüyünə baxmayaraq ona cavab verən olmayıb.
 
"Bayırdakı kişi qapını döyür, amma cavab yoxdur. Onun qapını daha möhkəm döyərək yerindən vurub sındırmağa çalışdığını eşitmək olar" - audioyazını təsvir edən təhqiqatçı belə deyib.
 
Təhqiqata yaxın olan daha bir mənbə vəziyyətin bənzər təsvirini "France Press" agentliyi ilə bölüşüb.
 
"Germanwings" Almaniyanın "Lufthansa" şirkətinə məxsusdur.
 
Martın 24-də 4U 9525 reysi ilə Barselonadan Düsseldorfa uçan təyyarə 8 dəqiqəlik sürətli enişin ardından qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 150 adam həlak olub. Sərnişinlər arasında Almaniya, İspaniya, Avstriya, Türkiyə, Danimarka və Belçika vətəndaşlarının olduğu bildirilib.

Google+ WhatsApp ok.ru