TƏQVALILAR VƏ GÜNAHKARLARIN AQİBƏTİ

İmam Əli (ə) buyurmuşdur:

اَلا وَ اِنَّ الْخَطايا خَيْلٌ شُمُسٌ، حُمِلَ عَلَيْها اهْلُها، وَ خُلِعَتْ لُجُمُها، فَتَقَحَّمَتْ بِهِمْ فِى النَّارِ. اَلا وَ اِنَّ التَّقْوى‏ مَطايا ذُلُلٌ، حُمِلَ عَلَيْها اهْلُها، وَ اعْطُوا ازِمَّتَها، فَاوْرَدَتْهُمُ الْجَنَّةَ؛

“Agah olun ki, günahlar yüyəni qırmış azğın atlara bənzər ki, ona minən günahkarları od-alova atar. Təqva və günahdan çəkinmək isə yüyəni sahibinin əlində olan ram edilmiş dəvələrə bənzər ki, onlara minənləri behiştə daxil edərlər.“ (“Nəhcül-bəlağə”, xütbə 16.)

 

ŞƏRH VƏ TƏFSİR

Bu hədis təqva və təqvasızlıqla bağlı ən yaxşı bənzətmədir. Həqiqətən, təqvasızlıq, yüyənini qırmış xam atı xatırladır ki, onu minən şəxsin ixtiyarını əlindən alır. Çünki bir günah neçə günaha səbəb ola bilər və günahkarlar üçün cəhənnəmdən başqa bir şey qoymur.

Yuxuda şeytanı görən və üç işdən birinə – ya atasını öldürməyə, ya bacısını döyməyə, ya da şərab içməyə dəvət olunan bir gəncin hekayəsi bizim bu müddəamıza tutarlı şahiddir. Belə ki, həmin gənc öz atasını öldürmək və bacısını döyməkdən nicat tapmaq üçün şərab içməyi seçir. Amma şərab qədəhini başına çəkdikdə, ağlı itərək adi vəziyyətindən çıxır və nəhayət, həm atasını öldürür, həm də bacısının baş-gözünü yaralayır! (“Şeytan – doşməne dirineye insan”, səh. 190.)

Doğrudan da, günahlar günahkarı tədriclə özünə çəkib qərq edən bir batlağa bənzəyir. Bu zaman Allahın lütf və mərhəmətinə şamil olmayan insan heç bir iş görə bilmir.

Günah həm insanın axirətini, həm də dünyasını puç edir. Demək, günah nə dünya, nə də axirət aləmi üçün münasib bir minik deyil! Bu səbəbdən də dini təlimlərdə göstəriş verilir ki, hər gün öz nəfsimizdən hesab çəkək ki, Allah göstərməsin, ram edilməsi çətin olan miniyə minməyək və sürətini artırmamış və idarəmizdən çıxmamış nicat tapaq.

İlahi, biz zəifik və ağrı-acılı yolumuz da uzundur! Sənin lütf və mərhəmətindən başqa onu keçmək mümkünsüzdür. İlahi, Özün bizə bu yolu ötüb-keçməkdə rəhbərlik et! Amin!

Rza Şükürlü

Google+ WhatsApp ok.ru