Təbriz Universitetinin Azərbaycanşünaslıq İnstitutu “Ustad Şəhriyar adına birinci mədəniyyət medalı” festivalı keçirib

Təbriz Universitetinin Azərbaycanşünaslıq İnstitutu tərəfindən “Ustad Şəhriyar adına birinci mədəniyyət medalı” festivalı keçirilib.
 
İranın Azərbaycandakı səfirliyindən Maide.az-a verilən məlumata görə, səfir Möhsün Pakayin Şəhriyarın milli və beynəlxalq arenada tanıtdırılması istiqamətində iki təkliflə çıxış edib. O, hər il ölkənin bir əyalətində İran və region ölkələrinin ədib və şərqşünaslarının iştirakı ilə beynəlxalq konfransın keçirilməsi təklifini irəli sürüb.
 
Səfir İran və Azərbaycan prezidentlərinin mədəni əlaqələrin genişlənməsi sahəsində olan siyasi iradəsi, həmçinin iki ölkə xalqının Ustad Şəhriyara olan məhəbbətinə diqqət çəkərək ardıcıl şəkildə İran və Azərbaycan şəhərlərində onun yad edilməsi üçün toplantı və simpoziumların keçirilməsini təklif edib: "İran İslam Respublikasının Bakıdakı səfirliyi bu kimi proqramların daha yaxşı həyata keçirilməsi üçün öz hazırlığını bildirir”.
 
Möhsün Pakayin ustad Şəhriyarı müasir zamanın fars və Azərbaycan şeiri sahəsində peşəkar olan böyük şairlərdən biri kimi təqdim edib: “Məhz bu baxımdan ustad Şəhriyar təkcə İranda deyil, həm də Azərbaycan, Əfqanıstan, Tacikistan, həmçinin Mərkəzi Asiya və Qafqaz ölkələrində şöhrət və sevgi qazanıb”.
 
Səfir Şəhriyarın Azərbaycan dilində söylədiyi “Heydər Babaya salam” şeirinə diqqət çəkərək bu şeirin təkcə İranda deyil, həm də Azərbaycanda şöhrət qazandığı və onun unudulmaz şeirlərindən biri olduğunu vurğulayıb.
 
Beynəlxalq festivalın davamında Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnsitutunun rəhbəri İsa Həbibbəyli və Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin rəhbəri, akademik Vasim Məmmədəliyev İranın Azərbaycandakı səfiri Möhsün Pakayin və Təbriz Universitetinin Azərbaycanşünaslıq İnstitutunun rəhbəri, doktor Məhəmmədrza Pur Məhəmmədi tərəfindən “Ustad Şəhriyar mədəniyyət medalı” ilə təltif edilib. 

Google+ WhatsApp ok.ru