Təhsil Nazirliyi hicab problemi ilə bağlı suala cavab vermədi

Yeni dərs ilinin başlandığını nəzərə alaraq Təhsil Nazirliyinə tətbiq edilən yeniliklərlə bağlı suallar ünvanladıq. Məqsəd təhsil sahəsində hansı dəyişikliklərin  həyata keçirildiyini öyrənmək və mövcud problemlərlə bağlı hansı islahatların aparıldığını dəqiqləşdirmək idi. Müsahibəyə keçmədən öncə qeyd edim ki, Təhsil Nazirliyi azadxeber.az-ın, orta və ali məktəblərdəki hicab probleminin həll edilib-edilməməsinə dair ünvanladığı sualı cavablandırmaqdan imtina edib.

Yeni dərs ilində təhsil sahəsində hansı yeniliklər tətbiq olunub və dəyişikliklər edilib?

"Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Mingəçevir Politexnik İnstitutunun bazası əsasında ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirən Mingəçevir Dövlət Universiteti yaradılıb. Prezidentin digər sərəncamına əsasən isə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Sumqayıt, Salyan və Mingəçevir filialları ləğv edilib, orada təhsil alan tələbələr AMİ-nin digər filiallarına və regionda yerləşən başqa ali təhsil müəssisələrinə köçürdülüb.  Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Dövlət Neft Akademiyasının adı dəyişdirilərək Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb. Bakı Asiya Universiteti Təhsil Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə bu ali məktəbin Elmi Şurasında qərarın qəbul edildiyini bildirib və hal-hazırda təhsil alan tələbələrin digər müəssisələrə yerləşdirilməsi həyata keçirilir.

Tədris ilində qəbul planları və nəticələr necə formalaşıb?

Bu tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında minimal keçid balı 150-dən 200 -ə qədər qaldırılıb, bəzi ixtisaslar (“Nəqliyyat tikintsi mühəndisliyi”, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları və sistemlıri mühəndisliyi” və “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi”) üçün minimal keçid balı 250 bal, digərləri üçün (“Kompüter elmləri” və “Geologiya” ixtisasları) isə 300 bal səviyyəsində müəyyənləşdirililib. Bu da təhsilin keyfiyyətinin qaldırılması məqsədini daşıyır. Yeni tədris ilində bütün məktəblilər dərsliklərlə təmin olunublar. Dərsliklərin böyük hissəsi yeni olacaq. Ümumtəhsil məktəblərinin IV, VI və VIII sinifləri üçün 2015-2016-cı tədris ilinə 141 adda 4095370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub. O cümlədən, kurikulum ilk dəfə tətbiq olunan VIII siniflər üçün 70 adda dərslik və müəllim üçün metodik vəsait çap edilib və məktəblərə paylanıb.

Əvvəlki illərdə hazırlanması baş tutmamış V sinif “Alman dili” və “Ərəb dili”, eləcə də, VII sinif “Fransız dili” dərslik komplektləri də çap prosesindədir və yaxın günlərdə yerlərə göndəriləcək. Respublikanın Qax, Zaqatala və Balakən rayonlarının gürcü dili tədris olunan məktəbləri üçün I və II sinif dərslikləri gürcü dilinə tərcümə olunub və onlar hazırda çapdadır.

Yeni tədris ilində ümumtəhsil məktəblərinin I, II, III, V, VII, IX, X və XI sinif şagirdləri əvvəlki illərdə çap olunmuş və məktəb kitabxana fondlarındakı dərsliklər hesabına təmin olunacaqlar. Yeni tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin I siniflərinə 150 mindən çox şagird qəbul olunub. Ümumilikdə, 2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrində 1 milyon 370 minə yaxın şagird təhsil alacaq. Bu il Bakı şəhəri üzrə I sinfə gedəcək şagirdlərin sayı 42 723 nəfərdir. Bakı şəhəri üzrə ümumi təhsil məktəblərində ümumilikdə 347 891 nəfər şagird təhsil alacaq. Yeni tədris ilindən ölkə üzrə 5 yeni məktəb istifadəyə veriləcək. 220 məktəbdə əsaslı (140 məktəb) və cari (80 məktəb) təmir işləri aparılıb. 9 məktəbin tikintisi isə davam edir."

Google+ WhatsApp ok.ru